İspaniya hökumətinin Kataloniyadakı referenduma bu qədər sərt reaksiya verməsinə dəyərdimi?
Barselona sakinləri Estaladas bayraqları ilə (Kataloniya bayrağı, tələb olunan müstəqilliyin simvolu). Oktyabr 2017. REUTERS/Albert Gea
Bu həftə Kataloniyanın müstəqilliyi üçün keçirilən referenduma Madridin reaksiyası silahsız nümayişçilərə qarşı güc tətbiq edən və rezin güllələrdən istifadə edən minlərlə polis oldu. Və bundan daha səmərəsiz cavab ola bilməzdi, “Foreign Affairs”in icmalçısı Cozef Xaddlstoun yazır.
Referendum öncəsi keçirilən sorğulara əsasən, Kataloniyanın müstəqilliyi ideyası vətəndaşlar tərəfindən böyük maraqla qarşılanmamışdı. İspan hökuməti sakitcə referendumu keçirməyə imkan verə bilərdi, sonra da ya onun müvəffəqiyyətsizliyindən məmnun ola, ya da müstəqilliyin tərəfdarlarının uğur qazandığı halda onun nəticələrinin hüquqi əsası olmadığını elan edə bilərdi.
Bunun əvəzindəsə İspaniya hökuməti demokratiyanın əsas normalarından biri olan ifadə və fikir azadlığını pozdu və özünə qarşı beynəlxalq ictimaiyyətin böyük marağını çəkdi.
İspaniya hökuməti ölkədə federallaşdırmanın inkişafı barədə düşünə bilərdi, əvəzindəsə Kataloniyaya minlərlə polis göndərdi.
İndi yerli sosial şəbəkələr polis zorakılığı, bu regionda qadağan olunmuş rezin güllələr və hətta seçki bülletenlərinin müsadirəsi videoları ilə doludur.
Bu da müstəqillik hərəkatı üçün əsl hədiyyə oldu.
Bütün separatçı hərəkatlar və onların inkişaf etdiyi ölkələr bu problemlə qarşılaşır: bir tərəfdən ölkənin ərazi bütövlüyü prinsipi, digər tərəfdən BMT Xartiyasının birinci fəslində millətin öz müqəddəratını həll etməsi hüququ təsbit edilib, burada deyilir ki, mərkəzi hökumət öz vəzifələrini yerinə yetirmək iqtidarında deyilsə, bu hüququ reallaşdırmaq olar.
Adətən ətraf dünya etnik qrupların öz müqəddəratını təyin etmək iddialarını rədd edir, xüsusilə də bu istək demokratik ölkə vətəndaşlarından çıxırsa. Amma bu gün bütün dünya mediasında yayımlanan polis zorakılığı səhnələri sözsüz ki, mərkəzi hakimiyyətin bacarıqsızlığını sübut edərək, separatçıların xeyrinə işləyir.
Məsələn, Kosovonın müstəqillik yolu 1990-cı ildə Serbiyanın region hökumətini buraxması, orada işləyən 100 min kosovalını öz ərazisindən qovması, Kosovoya böyük hərbi kontingent yeritməsi ilə başladı. Etnik təmizləmə ilə bağlı beynəlxalq narahatlıq zamanla bir çox ölkə tərəfindən Kosovanın müstəqilliyinin tanınması ilə nəticələndi.
Əlbəttə, indi İspaniya və ya Avropa İttifaqı ölkələri ilə münasibətlərini pozmaq riski və öz ərazisində separatizm təhlükəsi olmayan balaca ölkələr istisna olmaqla, Kataloniyanın müstəqillik haqqını tanımır.
Amma separatçı rejimləri dəstəkləməyin başqa məlum yolları da var: BMT və Aİ-yə qətnamə və mümkün sanksiyalar təklif etmək, separatçıların hərbi birləşmələrini maliyyələşdirmək, onların opponentləri ilə diplomatik əlaqələri kəsmək.
Bütün bunlar – müstəqil dövlətçiliyin tədricən tanınmasına aparan addımlardır. Son zamanların bariz nümunəsi kimi kürdləri, bundan əvvəl isə Banqladeş və Cənubi Sudanı göstərmək olar.
İspaniya hökumətinin sərt reaksiyası davam edərsə, Kataloniya başqa ölkələrdən, xüsusilə də keçmiş koloniyalardan analoji dəstək ala bilər.
İspaniya hökuməti öz nüfuzunu bərpa etmək istəyirsə, federalizmin inkişafına kömək etməli və hər şeydən əvvəl Kataloniyanı dil və məhkəmə sistemi sahəsində mühüm muxtar hüquqlardan məhrum etmiş 2010-cu ilin məlum məhkəmə hökmünü ləğv etməlidir.
Əks halda dünya İspaniyanın diktator keçmişinə qayıtdığını müşahidə etməsi qənaətinə gələ bilər. Kataloniyanın müstəqilliyinin tərəfdarları isə başqa ölkələr tərəfindən daha da böyük dəstək alacaqlar.