“İslamın Azərbaycan cəmiyyətinə böyük təsiri yoxdur”. Bu nə deməkdir?
İslamın Azərbaycana təsiri
JAMnews Cənubi Qafqazın üç ölkəsində dini institutların rolu ilə bağlı üç tədqiqat hazırlayıb. Bu nəşr Azərbaycana həsr olunub. Gürcüstan və Ermənistanla bağlı tədqiqatları aşağıdakı linklərdən oxumaq olar:
«Не религия, а образ жизни» — как Армянская апостольская церковь стала исключительной
Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 93,4 faizi özünün müsəlman hesab edir. Amma bu rəqəmin hardan alındığı, necə hesablandığı məlum deyil. Özünü müsəlman hesab edənlərin sünni və şiə bölgüsünün faiz nisbəti də bilinmir. İslamın həm sünni, həm şiə qolu Azərbaycanda geniş yayılıb.
Bəs az qala mono-dinli ölkədə dinin cəmiyyətə təsiri nə dərəcədə güclüdür?
İslamın cəmiyyətə təsiri azdır
Azərbaycan (bəzi açıqlamalara görə bütün Qafqaz) müsəlmanlarının əsas dini qurumu Qafqaz Müsəlmanları İdarəsidir (QMİ). Uzun illər ölkədə bütün məscidlər bu idarənin nəzarətində olub. Amma söhbət daha çox cəmiyyətə təsirdən yox, idarəçilikdən, menecerlikdən gedir.
“Azərbaycan kimi keçmişi ateist təfəkkürlü bir rejimdən çıxmış ölkələrdə isə təbii ki, dinin cəmiyyətə təsiri çox deyil. Amma son onilliklərdə bu təsir yüksələn xətt üzrə davam edir” , – ilahiyyatçı Elşad Miri hesab edir.
“Cənub bölgəsində din faktorunun daha çox açıq şəkildə özünü biruzə verdiyinə şahid oluruq. Burada müəyyən bir məshəb anlayışını da görürük. Həmçinin bu bölgənin İranla sərhəddə yerləşməsi həmin rayonlarımıza öz təsirini göstərir. Yaxud bəzən dindarların kompakt olaraq bir yerə yığışdıqları bəzi məhəllələrdə, qəsəbələrdə də buna şahid oluruq. Deyək ki, Bakı kəndlərindən Nardaranda din daha çox öz sözünü deyirdi, bununla bağlı da bəzi bildiyimiz xoşagəlməz hadisələr baş verdi”.
Amma bununla belə Elşad Miri hesab edir ki, bu gün siyasətdə, cəmiyyətdə dinin böyük rola sahib olduğunu deyə bilmərik.
Nardaran hadisələri – ən böyük dini iğtişaş
“Nardaran hadisələri” kimi tarixə keçmiş qanlı olay 2015-ci il noyabrın 26-da də Bakının Nardaran qəsəbəsində baş verib. Qəsəbə sakinləri və polis arasında baş verən qarşıdurmada 7 nəfər həlak olub, 4 nəfər yaralanıb və 14 nəfər həbs olunub. Həlak olanlardan 2-si polis əməkdaşı 5-i isə qəsəbə sakinləridir.
İştişaşlar hakimiyyət Nardaranda Müsəlman Birliyi Hərəkatının liderlərinin saxlanılması üzrə xüsusi əməliyyat keçirdiyi zaman başlamışdı. O vaxtkı daxili işlər naziri Ramil Usubovun sözlərinə görə, qəsəbədə gizlənən “silahlı qruplaşma” zor tətbiq edərək konstitusiya quruluşunu devirmək niyyətində imiş.
Hadisələrdən sonra nardaranlılar qəsəbə ətrafında barrikadalar quraşdırıb, giriş-çıxışı bağlayıblar. Tərəflər insan tələfatında bir-birini günahlandırıblar.
Hadisədən 3 gün sonra Nardaran Ağsaqqallar Şurası İmam Hüseyn meydanının boşaldılması və barrikadaların sökülməsi haqqında qərar qəbul edib. Bundan sonra daha 19 nəfər həbs edilib.
Üzərindən 7 ildən çox keçməsinə baxmayaraq, bu günə qədər kəndə girib-çıxanda polis postundan keçməli olursan. Qəsəbəyə daxil olmaq üçün konkret hansı sakinin evinə getdiyini bildirmək lazımdır və yalnız bu məlumat təsdiqləndikdən sonra Nardarana girmək mümkündür.
“Dinin təsirinin az olması pis amil deyil”
“Dini qurumun cəmiyyətdə güclü olmasının tərəfdarı deyiləm. Çünki güclü olsa, teokratik bir rejim istəməsinə gətirib çıxaracaq. Bu da dinin hakimiyyətdə təmsil olunması, bu dindən olmayaların, eyni düşüncəni bölüşməyənlərin bir növ başqalaşdırılması, uzaqlaşdırılması, qəbul edilməməsi ilə nəticələnə bilər”, – ilahiyyatçı Elşad Miri deyir.
Azərbaycanda müqayisə imkanı var. Sovet hakimiyyətinin son illərində Qafqaz Müsəlmanları İdarəsi çox nüfuzlu bir qurum idi.
Hələ SSRİ zamanı 1980-ci ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri seçilən Allahşükür Paşazadə bir müddət SSRİ Ali Sovetinin deputatı da olmuşdu. Müstəqillik uğrunda Milli Hərəkat başlayanda isə liderlər sırasında yer aldı.
Sovet qoşunlarının Bakıda törətdiyi və 146 nəfərin ölümü ilə nəticələnən 20 yanvar faciəsi zamanı Allahşükür Paşazadə Moskvaya sərt bəyanat ünvanlaması və fövqəladə xaotik vəziyyətdə həlak olanların dəfnini təşkil etməsi ilə xalqın böyük rəğbətini qazanmışdı.
Həmin vaxt Azərbaycan faktiki olaraq rəhbərsiz qalmış və faktiki xaos girdabına batmışdı. Buna görə də, Allahşükür Paşazadənin həmin dövrdəki fəallığı xüsusilə önəmli idi.
“Həmin dövrdə cəmiyyət arasında güclənən bu qurum sonrakı dövrlərdə hakimiyyətlə, iqtidardakı şəxslərlə əlbir olaraq öz fəaliyyətlərini onların dediklərinə uyğun aparmağa başladılar. Buna görə də zamanla cəmiyyətə təsirləri azaldı”, – Elşad Miri danışır.
İlahiyyatçı deyir ki, Allahşükür Paşazadənin rəhbərlik etdiyi bu qurum cəmiyyətin rəğbətini itirsə də, hakimiyyətin özünə qarşı müsbət mövqeyini əldə saxlamaq üçün xeyli mübarizə aparmalı olub:
“Yenidən güc göstərməyə çalışdıqları ərəfədə iqtidar fərqli bir qurum yaradaraq onların güclərini sistemli şəkildə zəiflətdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) təsis edildi və həmin dövrdə Qafqaz Müsəlmanları İdarəsində çalışan və şeyxin özünün də rəğbət bəslədiyi professor Rafiq Əliyev şeyxülislamın xəbəri olmadan yeni quruma sədr təyin edidi. Allahşükür Paşazadənin rəhbərlik etdiyi dini quruma ən böyük zərbə həmin dövlət komitəsindən gəldi”.
Həmsöhbətimiz qeyd edir ki, QMİ rəhbəri şəxsi münasibətlərindən istifadə edərək yenə də iqtidara yaxın çevrədə qala bilib. Hətta QMİ DQİDK arasında gedən rəqabət birincinin təsiri ilə ikincinin sədrinin dəyişdirilməsi ilə nəticələnib.
2021-ci ilin iyulunu isə Allahşükür Paşazadənin şəxsi nüfuzunu da tamam itirdiyi dövr hesab etmək olar – Elşad Miri belə deyir. Həmin vaxt Şuşada keçirilən dövlət tədbirində QMİ rəhbəri Allahşükür Paşazadə bildirib ki, İranın dini lideri ayətolla Xameneinin “fətvası qələbənin çarçısı” olub. Onun sözlərindən belə çıxıb ki, məhz Xamneinin fətvası Azərbaycanı ikinci Qarabağ müharibəsində qələbəyə çatdırıb.
“Bundan əvvəl ölkə başçısı hər il Ramazanda iftar süfrələrində iştirak edirdi, orda öz sözünü deyirdi, Qafqaz Müsəlmanları İdarəsinin sədrinə dəstəyini bildirirdi, şəxsi münasibətlərindən bəhs edirdi. Həmin o çıxışdan sonra nə protokolda, nə də müəyyən görüşlərdə bunun şahidi olmadıq”, – Elşad Miri əlavə edib.
Müsəlman kimi yaşamayanların müsəlman kimi dəfni
Azərbaycanda insanlar çoxluq etibarilə İslamın əsas beş tələbini yerinə yetirmədən yaşayırlar, amma öləndə mütləq müsəlman qaydaları ilə dəfn olunurlar. Bəlkə də buna görə İslam cəmiyyətdə daha çox yas, matəm dini kimi qəbul olunur.
Məsələn, kilsələrdə toy, uşaqların xaç suyuna salınma mərasimləri, şadyanalıqlar keçirilir. Məscidlərdə isə insanlar əsasən ya namaz qılmağa, ya da dəfn, ya da matəm mərasimlərinə toplaşırlar.
Amma Elşad Miri deyir ki, “İslam ölülər üçün deyil, dirilər üçündür və bu dini ancaq dəfnlə, yasla bağlamaq doğru deyil”.
“Bir çox ölkələrdə insanlar məscidlərə də övladlarını da gətirirlər, uşaqlar orda oynayırlar, qaçırlar, bir-birilə ünsiyyətdə olurlar. Məsələn, İngiltərədə getdiyim bir məscidin idman zalının olduğunu görmüşdüm. Belçikada məscidin çayxanası vardı. Bosniya-Herseqovinada məscid kompleksində hamam belə görmüşdüm.
Bizdə də məscidə kompleks şəkildə yanaşılmalıdır ki, “matəm” ab-havası məscidlərdən uzaqlaşsın”, – ilahiyyatçı hesab edir.
Dini kəbin
Sovet dövründən indiyə qədər çoxluq ailə qurarkən dövlət nikahından başqa dini kədin də kəsdirir. Hətta dövlət nikahına lüzum görmədən ancaq dini kəbinlə kifayətlənənlər də az deyil. Baxmayaraq ki, bu, qanunla qadağandır.
Qanuna əsasən mollalar ancaq rəsmi nikah şəhadətnaməsi təqdim olunduğu zaman cütlüklərin dini kəbini kəsə bilərlər.
“Faktiki olaraq bu gün insanların ailə həyatının qorunmasında əsas təkan rəsmi dövlət qeydiyyatıdır. Kəbin anlayışı isə insanların vicdanlarına qalmış bir məsələdir. Bu gün rəsmi qeydiyyat əsasdır, bunu nəzərə almaq lazımdır, çünki həm qadının, həm kişinin, həm də uşaqların hüquqi olaraq qorunması rəsmi dövlət qeydiyyatı ilə mümkündür”, – Elşad Miri hesab edir.
Dini tolerantlık – ikili vəziyyət
Azərbaycanda dini tolerantlıq olduğu rəsmilər tərəfindən bütün səviyyələrdə tez-tez təkrarlanan bir bəyandır. Amma insanlar arasındakı münasibətlərdə hər şey bu qədər sadə deyil.
“Qəbul etsək də, etməsək də, bu gün faktiki olaraq Azərbaycanda yəqudilərin, müsəlmanların, xristianların birlikdə yaşaması, bir-birinə problem yaratmaması, bir-birinin ibadətinə hörmətlə yanaşması həmin o tolerantlığı göstərir. Bu gün Azərbaycanda əhalinin 90 faizindən çoxu müsəlman adlandırılırsa və həmin 90 faizin yerdə qalanlara qarşı tolerantlığını nəzədə tuturuqsa, zənnimcə buna heç kim etiraz etməz. Amma həmin 90 faizin daxilində tolerantlıq nə dərəcədədir, bunun özü sual altındadır”, – Elşad Miri deyir.
Azərbaycanda hələ sovet dövründən İslamın həm sünni, həm də şiə qolları geniş yayılıb. Müstəqillikdən sonra isə həm şiəliyə, həm sünniliyə aid çox sayda xırda təriqətlər və məshəblər də ölkəyə ayaq açıb. Onlar getdikcə güclənməyə və fərqliliklər yaratmağa, hətta bu fərqlilikləri kəskinləşdirməyə başlayıblar. İstər-istəməz bu vəziyyət cəmiyyət arasında müəyyən qorxu yaradır. Elşad Miri hesab edir ki, bu problemin yeganə çıxış yolu əhalinin doğru marifləndirilməsidir.
“Müxtəlif məshəblərin bu gün təəssüflər olsun ki, Azərbaycanda müəyyən təsirlərinin şahidi oluruq. Gələcəkdə bunun qarşısını almaqdan ötrü düzgün maarifləndirmə lazımdır. Yox əgər buna imkan verilməsə, sabah Allah qorusun, müəyyən problemlərin olma ehtimalları qaçılmazdır”.
Gənclər İran və Səudiyyə Ərəbistanında dini təhsil alırlar
Dini məshəblərin getdikcə daha çox yayılmasının səbəbi azərbaycanlı gənclərin dini təhsil üçün İran, Səudiyyə Ərəbistanı, Suriya kimi ölkələrə üz tutmalarıdır.
Cəmiyyətdə bu insanlara qarşı artıq önyarqı da formalaşıb. Bu ölkələrdə dini təhsil almış insanlara qarşı çoxluq “dini ekstremist” gözü ilə baxır və onları təhlükə mənbəyi hesab edirlər.
İlahiyyatçı Elşab Miri hesab edir ki, Azərbaycanda təhsil səviyyəsi yüksək olsa, gənclərin harasa getməyinə ehtiyac da qalmaz:
“Əvvəllər Bakı Dövlət Universitetinin və keçmiş Qafqaz Universitetinin nəzdində İlahiyyat fakültələri fəaliyyət göstərirdi. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin tərkibində Bakı İslam Universiteti vardı. Daha sonra bunlar hamısı ayrı-ayrı vaxtlarda bağlandı. Sonra Azərbaycan İlahiyyat İnstitutu təsis olundu.
Bu gün orda hörmət etdiyim, dəyərli insanlar var, yaxşı dərs keçirlər, öz missiyalarını gözəl şəkildə yerinə yetirirlər. Amma ümumilikdə vəziyyət yaxşı deyil. Faktiki bu günkü yanaşma ilə köhnə mollaların əvəzinə yeni bir az fərqli, bir az daha savadlı mollalar yetişdirilir”.
Elşad Mirinin fikrincə, məhz ölkədə təhsil səviyyəsinin aşağı olması gəncləri xaricdə təhsilə meyilləndirir.
“Əgər deyiriksə ki, bizimkilər gedib xaricdə oxuyub gəlməsinlər, o zaman burdakı təhsili gücləndirməliyik. Amma bunlar olmadıqca, Səudiyyə Ərəbistanı sələfilik, İran şiəlik, Türkiyə isə müəyyən təriqətlər anlayışı üçün Azərbaycanı bir arena kimi görməyə davam edəcəklər. Bu da gec-tez burda müəyyən iğtişaşların olmasına gətirib çıxara bilər. Buna görə də dövlət tərəfindən ciddi addımlar atılmalıdır”, – Elşad Miri deyir.