Bu günlərdə Azərbaycanın Tarif Şurası elektrik enerjisinin qiymətini bir kilovata görə 0,06 manatdan 0,07 manata qədər (0,04 dollardan 0,044 dollara qədər) qaldırdı. Bundan bir qədər əvvəl, mayın 15-də su və kanalizasiyanın istifadəsinə görə qiymətlər bahalaşdı – bir kub metrə görə 0,36 manatdan 0,5 manata qədər. Ekspertlər bu qərarı dövlətin vəsaitinin azlığı ilə əlaqələndirirlər.
Dövlət inhisarçısı olan “Azərenerji ASC tərəfindən istehsal olunan elektrik enerjisinin topdansatış tarifləri 0,041 manatdan 0,043 manata qədər qalxıb. 2007-ci ilin yanvar ayından qiymətlər ilk dəfədir ki, qalxır.
Tarif Şurasının bəyanatında deyilir ki, qiymətlər “enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, həm də istehsalçının və paylayıcı şəbəkənin perspektiv inkişafı məqsədilə qaldırılıb. Yeni tariflər elektrik enerjisi istehsalçılarının dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən artıq işçinin əmək haqlarının artırılmasına imkan verəcək.
Bəyanatda bildirilir ki, 15 iyula qədər istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək. Tariflərin artımı əhalinin gəlirinin azalması, artan işsizlik, inflyasiya, milli valyutanın iki dəfə devalvasiyası fonunda baş verir.
Sosial şəbəkələr bu qərara özlərinə məxsus yumorla reaksiya verdilər.
“- Qonşu, su pulu, işıq pulu qalxdı, neyləyək? – Heç nə, suyu bağla, işıqları söndür, get yat, birdən çaşıb siyasətə zada qarışarsan, qaz pulu, nəqliyyatda gediş haqqı da qalxar a…
Şəbəkədə daha bir dialoq: “- Görəsən, prezident işıq pulu ödəyir? – Bütün ölkə onun əvəzinə ödəyir də, özü də tək işığa görə yox.
“Fikrimcə, bu qərar daha çox əsas operator olan “Azərişığın vəziyyəti ilə bağlıdır, – iqtisadçı Toğrul Maşallah deyir. – Burada iki vacib amil var. Şirkətin gəliri azalıb. Onun sözlərinə görə, 2014-cü ildə onların 427 milyon manat həcmində gəliri olurdusa, 2015-ci ildə Azərbaycanın bütün enerji şəbəkəsinin onlara verilməsi hesabına 77% artım oldu və artıq 756 milyon manat təşkil etdi. 2016-cı ildə bu səviyyəni saxlamaq çətin olacaq, onlar da bu yolla gəlirlərini artırmaq qərarına gəldilər.
Sosial şəbəkələrdə aparılan söhbətləri nəzərə almasaq, ictimaiyyət tərəfindən heç bir açıq etiraz nümayiş olunmadı. İki devalvasiyadan sonra insanlar bu kimi hadisələri gözləyirdilər.