İraqlı qadınlar
2017-ci ilin statistikasına əsasən, Gürcüstanda İraq və Suriyadan gəlmiş 862 qaçqın yaşayır. Onların bir qismi artıq rəsmi qaçqın statusu alıb, digərləri isə hələ ki, almağı gözləyirlər. Gürcüstanda onlara münasibət birmənalı deyil. Bəziləri bunu təhlükəsizlik baxımından qiymətləndirərək deyirlər ki, özünün 271 min məcburi köçkünü olan bir ölkə üçün şərqli qaçqınlar heç də yaxşı nəsə vəd etmir. Cəmiyyətin digər kəsimi isə sadəcə yad mədəniyyətlə ünsiyyətdən qorxur.
Biz Gürcüstanda yaşayan üç İraqlı qadınla tanış olduq. Hekayələrini eşitmək istəyirdik – onlar nədən qaçıblar, niyə məhz Gürcüstana gəliblər, nə düşünür və nə arzulayırlar?
İftisam, İyam və Nadiadan üç konkret vətən, Gürcüstan və arzu sözlərinin onlar üçün assosiasiya olunan üç əşya seçməyi xahiş etdik.
İftisam Alsurai
“2012-ci ilin sentyabrın 26-da hava çox isti idi. Səhər tezdən yemək bişirib, qonaq qarşılamağa hazırlaşırdım. Üstəlik yük də hazırlamalıydım. Evini həmişəlik tərk edirsənsə, çantana nə qoyacağını ayırd edə bilmirsən. Həmin axşam qohum-əqrəba və dostlar gəldilər. Bizi birləşdirən şeyləri, birlikdə keçirdiklərimizi – hər şeyi xatırladıq. Gah güldük, gah ağladıq. Anlayırdıq ki, ola bilsin sonuncu dəfə görüşürük. Bir məqamı hər zaman xatırlayıram, taksiyə oturduq və sonuncu dəfə öz evimizə nəzər saldım. Təhlükəsizliyə görə, hava limanına kimi bir neçə dəfə maşını dəyişdik. İraqda kiminsə ölkəni tərk etməyini xoşlamırlar.”
İyam Alsurai
“Qadınlar burda azaddırlar. İstənilən vaxt evdən bayıra çıxa bilirlər. İraqda belə deyil. Misal üçün, əgər hicab geyməsən, ciddi cəzalandırıla bilərsən. Ümumiyyətlə, qadınlar orda çalışırlar ki, lazımı yerə mümkün qədər tez çatıb, küçədə görünməsinlər. Tbilisinin küçələrində təhlükəsiz, rahatlıqla gəzirik.”
Nadia
Mən qayıdışımızı tez-tez təsəvvürümə gətirirəm. Bu, müharibəyə qədərki İraqdır. Lakin həyat mənə seçim etməli olduğumu da öyrətdi. Mən heç vaxt övladlarımı öz yaşamaq istədiyim yerdə qalmağa məcbur etməyəcəm. Mənim uşaqlarım artıq böyükdürlər, özləri qərar verməlidirlər, qayıtmaq istəyirlər, ya yox? Ailə üzvlərimizdən biri övladlarımın gözləri qarşısında öldürüldü.
Mən qətiyyən istəmirəm ki, uşaqlarım bunu bir daha yaşasınlar. Biz sünniyik, lakin Bağdadda şiə məhəlləsində qalırdıq. Ona görə də öz ünvanımıza həmişə təhdidlər eşidirdik. Mən arzulayıram ki, insanlar dini baxışlarına, mənsubiyyətlərinə görə bir-birini təqib etməsinlər. Mən sülh istəyirəm. Bütün ailəmlə birlikdə geri qayıtmaq istəyirəm. Əvvəlki yaşadığımız xoşbəxt günlərdə olduğu kimi ailəmlə birlikdə olmaq istəyirəm.
Qaçqın statusu almaq prosesi
Hazırda Gürcüstanda qaçqın statusu almaq istəyən 89 İraq, və 20 Suriya vətəndaşı var. Bu günə kimi, artıq 103 iraqlı və 5 suriyalı qaçqın statusu alıb. Humanitar vəziyyətdən isə 566 iraqlı və 79 suriyalı yararlanır.
Gürcüstandan qaçqın statusu almaq istəyən istənilən digər ölkə vətəndaşı aşağıdakı prosedurlardan keçməlidir: ərizə ilə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Nazirliyə müraciət edərək, qeydiyyatdan keçməlidir. Növbəti mərhələ xüsusi sorğu blankının doldurulması və müsahibə mərhələsidir. Sənədlərə baxılması 6 aydan 21 aya qədər vaxt alır.
Məlum olsa ki, ərizəçini öz ölkəsində irqi, dini və ya etnik cəhətdən, yaxud hər hansı bir xüsusi sosial qrupa aid olduğu üçün və yaxud da ki, siyasi baxışlarına görə təhlükə gözləyir, o zaman Gürcüstan hökumətinin həmin şəxsə qaçqın statusu verməkdən imtina etmək hüququ yoxdur.
Humanitar statusu isə o şəxslər ala bilər ki, onları xüsusi təhlükə gözləmir, lakin ölkələrində müharibə gedir, zorakılıq hökm sürür ki bu da həyati təhlükə ehtimalı doğurur.
Humanitar və ya qaçqın statusu alan şəxslərə qaçqın olduqlarını təsdiqləyən sənəd verilir.
Gürcüstanda qaçqın statusu verən sənəd üçillikdir və avtomatik uzadılır. Humanitar statusa isə hər il təkrar baxılır.
Gürcüstanın köməyi
Bütün qaçqınlar və humanitar statusu olan şəxslər Gürcü hökumətindən 45 lari yardım alırlar. Onlar həmçinin Səhiyyə Nazirliyinin minimum xidmətlər paketindən istifadə hüququna da malikdirlər.
İstisna hallarda xüsusi komissiya təşkil olunur, Gürcüstan hökuməti tərəfindən mənzil icarəsi, tibbi paket, digər sosial xidmətlər və qışda 50 lari məbləğində istilik üçün əlavə yardım göstərilə bilər.
Status verilənə qədər isə dövlət qaçqınlıq almaq istəyən şəxslərə müvəqqəti sığınacaq verir. Məsələn, Martkopidə xüsusi mərkəz var. Bu bina mehmanxana tiplidir və içərisi gündəlik istifadəyə yararlı əşyalarla təmin olunub. Bununla yanaşı, status alana qədər ailə başçısı hər ay dövlətdən 80 lari, ailənin digər üzvləri isə 60 lari məbləğində yardım alır.
Dövlət həmçinin bu şəxslərə gürcü dili kursları da təşkil edir. Status sahibləri Gürcüstan vətəndaşları ilə bərabər şəkildə eyni təhsil proqramları və xidmətlərindən yararlana bilərlər.
“Açıq ev” Qaçqınların İnteqrasiya Mərkəzi isə İraq, Suriya və Ukraynadan olan qaçqınlar üçün Gürcüstanda xüsusi proqram həyata keçirir. Burda Gürcü dilini və mahnılarını öyrədir, onların yerli cəmiyyətə qaynayıb-qarışmalarına kömək edirlər.
[my_divider]
[my_divider]
Niyə Gürcüstan?
Bir qayda olaraq, bütün gələnlər Gürcüstana tranzit ölkə kimi baxır və təbii ki, əsas məqsəd Avropa ölkələrindən birinə getməkdir. Məhz buna görə də ilk vaxtlarda bura güclü qaçqın axını oldu. Lakin hazırda axın azdır, çünki aydın oldu ki, Gürcüstandan Avropaya getmək düşünüldüyü qədər də asan deyil. Buna görə də doğma yurdunu buraxıb gəlmiş və artıq 2-3 ildir Gürcüstanda məskunlaşan şəxslər burda qalmağa cəhd göstərirlər. Bu dinamikanı Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Nazirlik də təsdiqləyir.
Gürcüstanı seçmək üçün digər bir səbəb isə bu şəxslərin Gürcüstanda oturum almağının Avropadan daha asan olmasıdır.