İran üsyanı - nəyə və kimə qarşı?
Bir çox İran şəhərlərində insanlar küçələrə axışaraq, iqtisadi çətinliklərə və siyasi repressiyalara etiraz edib, ВВС xəbər verir.
2009-cu ildə milyonlarla insan təkrar seçki tələb edəndən sonra bu, İranda keçirilən ən böyük iğtişaşlardır.
Etiraz coğrafiyası
Nümayişlər ötən həftə İranın böyüklüyünə görə ikinci şəhəri olan Məşhəddə başlayıb, insanlar ərzaqların bahalaşmasına etiraz etmək üçün küçələrə axışıblar.
Daha sonra etirazlar Tehran da daxil olmaqla ölkənin 50 böyük və kiçik şəhərinə yayılıb. Polislə qarşıdurmalar nəticəsində 21 nəfər həlak olub, yüzlərlə həbs edilənlər var.
Tələblər
Ən başdan nümayişçilər prezident Ruhaninin rəhbərlik etdiyi hökumətin iqtisadi çətinliklərin, işsizliyin və korrupsiyanın öhdəsindən gələ bilməməsinə qarşı çıxıb. Onlar İranın ağır iqtisadi vəziyyətində Yaxın Şərqdəki münaqişələrə müdaxilənin doğruluğunu da şübhə altına alıblar.
Amma qısa zamanda onların tələbləri radikallaşıb, dini liderlərin hakimiyyətini devirməklə, hətta İranda 1978-ci ildə ləğv olunmuş monarxiyanın bərpa olunması ilə bağlı çağırışlar səsləndirilib.
Hakimiyyətin reaksiyası
Əvvəlcə polis təmkin nümayiş etdirsə də, etirazlar geniş vüsət aldıqca reaksiya da sərtləşməyə başlayıb.
Prezident Ruhani bəyan edib ki, hakimiyyətin tənqidi yolveriləndir, amma ictimai mülkiyyətə ziyan vuranlar və siyasi vəziyyəti destabilləşdirənlər onlara qarşı dözümsüz olacağımızı bilməlidirlər.
İranın ali lideri Ayətulla Xamneyi baş verənlərdə xarici dövlətləri günahlandırıb.
Hakimiyyət etirazların qarşısını almaq üçün sosial şəbəkələri və messengeri bloklayıb.
Etirazçılar kimdir?
BBC-nin İran xidmətinin məlumatına görə, onlar əhalinin ən kasıb təbəqələrinin nümayəndələridir. Son zamalarda iranlılar 15 faiz daha kasıb olub, süd və ət istehlakı 30-50 faiz azalıb.
Prezident Ruhani söz verib ki, iqtisadi sanksiyaların götürülməsinin əvəzində İranın nüvə proqramından imtinası nəticəsində ölkənin iqtisadiyyatı bərpa olunmağa başlayacaq. Amma iranlılar hesab edirlər ki, bu, çox ləng baş verir.
Beynəlxalq reaksiya
ABŞ prezidenti Tramp Twitter-də yazıb ki, İranda “dəyişiklik zamanı yetişib”.
Avropa İttifaqının bəyanatında deyilir ki, qurum vəziyyətin inkişafını diqqətlə izləyir və İran hakimiyyətindən söz və toplaşma azadlığı zəmanəti tələb edir.