İran azərbaycanlıları məktəblərdə ana dilinin tədrisinə nail olublar
Bu ildən İranın Şərqi Azərbaycan ostanında Azərbaycan Türk dili tədris edilməyə başlayacaq. Bu haqda İranın Təhsil Nazirliyinə istinadən Azadlıq Radiosu xəbər verib.
• Gürcüstan azərbaycanlıları: niyə onların yaxşı təhsil və perspektivli iş əldə etməsi müşküldür?
• Ermənistanda milli azlıqların problemləri
İran azərbaycanlıları onilliklərdir ki, bunun üçün mübarizə aparıblar. Düzdür, hələ heç kim anlamır ki, belə qısa müddətdə dərslik və müəllimlər haradan tapılacaq.
İran azərbaycanlıları
Azərbaycanlı etnosunun ən çox hissəsi İranda yaşayır. Orada onların sayı ən azı 15 milyon nəfərdir (Azərbaycan əhalisinin sayı isə ümumilikdə 10 milyon nəfərdir).
Azərbaycanlılar İranda ən çoxsaylı milli azlıqdır – ümumi əhalinin azı 16 faizini təşkil edirlər.
19-cu əsrin birinci yarısında Rusiya imperiyası və İran aralarında müharibəyə son qoyub sülh müqaviləsi imzaladıqları zaman Azərbaycan türklərinin yaşadığı ərazini öz aralarında iki yerə bölüblər.
İran azərbaycanlıları artıq çoxdan ölkə hökumətindən Azərbaycan dilli təhsilin tətbiqini və ya məktəblərdə bu dilin fənn kimi tədrisini tələb edirlər. Azərbaycanlılardan ibarət milli azlığın diskriminasiyasına qarşı mübarizə aparanların çoxu İranda azadlıqdan məhrum edilib və ya sürgünə göndərilib.
Həftədə iki saat
MəktəblilərnAzərbaycan dilini həftədə iki saat öyrənəcəklər. Hələlik bu, pilot layihədir və İranın Təhsil Nazirliyi bunun üçün xüsusi proqram hazırlayır.
İran azərbaycanlılarının özləri bu xəbərə sevinsələr də, hələlik buna çox da inanmırlar. Şübhələr əsasən İranda nə Azərbaycan dili dərsliklərinin, nə də bu fənni tədris edəcək müəllimlərin olmaması ilə bağlıdır.
Rəsmi Azərbaycan-İran münasibətləri
Azərbaycan və İran rəsmən aradakı münasibəti dostluq adlandırır.
Amma Azərbaycanın İranla iqtisadi əlaqələri, məsələn, Türkiyə ilə müqayisədə o qədər də güclü deyil.
Bundan başqa, bir neçə vacib məsələ ətrafında İran və Azərbaycan hakimiyyətlərinin siyasəti kəskin fərqlənir – məsələn, İranın Ermənistanla, Azərbaycanın isə İranla gərgin münasibətdə olan İsraillə sıx əməkdaşlığı və möhkəm əlaqələri.
Üstəlik Azərbaycan radikal islamın ən kiçik işartılarının belə hakimiyyət tərəfindən sərt boğulduğu dünyəvi dövlətdir, İran isə din və dövlətin vəhdətdə olduğu islam respublikasıdır. Eyni səbəblə İranda azərbaycanlılar rəsmən milli azlıq sayılmırlar (məsələn, ermənilərdən fərqli olaraq). İş orasındadır ki, İranda milli azlıqları milli yox, dini əlamətinə görə müəyyən edirlər, azərbaycanlılar isə farslar kimi şiə müsəlmanlardır.
Birdən-birə nə əcəb?
İran hakimiyyətinin qəfil “güzəştə getməsi” Azərbaycanda çoxlarını təəccübləndirib.
Səbəbin nə olması ilə bağlı sualın ən aşkar cavabı odur ki, İran prezidenti Həsən Ruhani seçkiqabağı kampaniyası zamanı Azərbaycan dilini məktəblərin tədris proqramına daxil edəcəyinə dair söz vermişdi.
JAMnews-un siyasi şərhçisi Şahin Rzayev hesab edir ki, bu yeniliyə xüsusi olaraq sevinməyə və mənasını şişirtməyə ehtiyac yoxdur.
“Bu, sadəcə İran hakimiyyətinin məktəblərdə öz təbliğatını həm də Azərbaycan dilində həyata keçirəcəyi deməkdir. Böyük ehtimalla başqa heç bir dəyişiklik olmayacaq”, – jurnalist güman edir.