İpəkdən bala qədər
57 yaşlı Mirqalib Hüseynov Tərtər rayonunun Seyidimli kəndinin sakinidir. Ta babalarıdan indiyə kimi baramaçılıqla məşğul olurlar.
“Bu, mövsümi məşğuliyyətdir. Qalan aylarda maldarlıqla dolanırıq. İpəkçiliyi inkişafı üçün birinci yarpaq lazımdır. Çətinlik çəkirik tapmaqda. Bunun üçün xüsusi bağ salınmalıdır. Hazırda Tərtərin Seyidimli kəndində yoxdur belə bir şərait, – Mirqalib Hüseynov baramaçılığın çətinliyindən danışır. Bu yarpaqların üstündə xırda-xırda görünən baramalar, əsasən, tut yarpağı ilə qidalanırlar. Şəkildə görünən ərazidən təxminən iki qutu barama çıxacaq. Hər qutuda 19 qram barama olur, 19 qramdan isə 38-40 kilo ipək sap alınır. Kəndlilər hər kiloya görə 8 manat alırlar.
Tərtər rayonu, Seyidimli kənd sakini Sara Musayeva 15 ildir ki, yumurtadan süni surətdə cücə çıxarmaqla (inkubator üsuli ilə) məşğul olur. Hər 21 gündən bir 1000-2000 cücə əldə edirlər. Bu işin ən çətin tərəfini də qeyd edir, “səhərə qədər yatmamaq. Növbə ilə baxırıq ki, tempratur qalxmasın, düşməsin. Normada qalsın.
Seyidimli kəndi də Tərtərin təhlükədə olan kəndləri siyahısındadır. Aprel atışmalarında bu kəndə də mərmi düşüb və iki nəfəri yaralanıb. Musayevlər ailəsi bur günlük də olsa, kəndi tərk etməyib: “Mən yoldaşım və uşağım, qalıb işlədik.
53 yaşlı Gülüm Abbasova 18 yaşından sahələrdə çalışır. Gah soğan, gah pambıq, gah da yonca əkini ilə məşğul olur. Onun kimi Ağdam rayonu Əhmədağalı kəndinin demək olar ki bütün sakinləri dolanışığını əkin-biçinlə təmin edir. Hazırda onlar təmas xəttindən 500 metr aralıqda çalışırlar. “Atırlar, amma biz öz iş gücümüzdəyik, deyir. Sonra əlavə edir ki, bir aydan çoxdur ki alaq edə bilmirlər.
Qaradağlı kəndinin əkin sahəsində çalışan qadınlar şəkər çuğundurunu alaqdan təmizləyirlər. Onların becərdikləri şəkər çuğunduru yığılıb, digər rayonlardakı zavodlara göndərilir.
Yaxın kəndlərin sakinləri günəmuzd kimi gəlib əkin sahələrində çalışırlar. Bəziləri ailəliklə gəlib burada zəhmət çəkir. Buna ən böyük səbəb kimi işsizliyi göstərirlər. Sakinlər deyir ki, ailə üzvləri ayrı-arılıqda iş tapmadıqlarına görə, adambaşı günə 6 manatdan birlikdə sahələrdə işləyirlər.
Sakinlərin çalışdıqları bu sahə təmas xəttindən ən çoxu 1 km uzaqlıqdadır. Aprelin əvvəlindəki atışmalar zamanı Qaradağlı kəndinin sahələrinə də çoxsaylı mərmi düşmüşdü. Kəndlilər deyir ki, bərk atışmalar vaxtı işlərinə ara versələr də, bu çox uzun sürməyib. Hətta mərmi atışmaları zamanı gəlib çalışmaya razı olublar. Elə indi də təhlükənin azacıq sovuşmasına baxmayaraq, onlarla sakin şəkər çuğundurunu alaqdan təmizləyir. Axı hər işə çıxmadıqları gün, pulsuz qalmağa bərbərdir, odur ki, onlar üçün başqa çıxış yolu yoxdur.
Kəndlilər çalışdıqlarına görə yalnız 6 manat alırlar. Gündəlik yeməklərini özləri ilə evdən hazırlayıb gətirirlər. Bu ailə Cəmilli kəndidən Qaradağlıya gəlir.
56 yaşlı Qapanlı kənd sakini Elburus Tanrıverdiyev 20 ildir arıçılıqla məşğuldur. “Gördüyünüz aran yerində nə qədər çiçək varsa, arı balı ondan çəkir gətirir. Balını satırıq, az da olsa ailəmizə kömək olur. Işin özü çətin deyil, zəhmətkeş insanlarıq. Bircə çətinliyimiz odur ki, atışmalar işləməyə imkan vermir, deyir Elburus Tanrıveridyev.
78 yaşlı Zibəndə Əliyeva, Tərtərin Qaradağlı kənd sakini, 200-ə yaxın cücə, 40 hinduşka saxlayır.
“Bunları qoyub gedə bilmirəm. Atışma başlayan kimi, qonşu kəndə keçirəm – bir qədər aralı. Atışma kəsən kimi gəlirəm
ki, heyvanata göz-qulaq olum. Düz iki aya yaxındır ki mən yollardayam.
• Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan de-fakto müstəqil dövlət kimi mövcuddur. Azərbaycan Qarabağ və onun müharibə vaxtı alınmış ətraf ərazilərini işğal edilmiş sayır və qaytarılmasını tələb edir.
• 2016-cı ildə münaqişə zonasında gərginlik aprelin 2-dən 5-nə qədər sürüb. Aprelin 5-də tərəflər atəşi dayandırmaqla bağlı razılığa gəliblər, amma atışma daha kiçik miqyasda davam edir. Azərbaycan və Ermənistan bir-birini razılaşmanı pozmaqda ittiham edir.
• Münaqişə tərəflərinin rəsmi mənbələrinin verdiyi informasiya ziddiyyətlidir və kimin hərbi əməliyyatlara başlaması, kimin buna reaksiya verməsi ilə bağlı suala cavab almağa imkan vermir. Beynəlxalq mənbələr də hələ ki, bu sualın cavabını tapa bilmir.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 27.05.2016