“Google maps”in belə tanımadığı “Məzunlar evi”nə yolüstü səfər
İnternat və uşaq evlərinin məzunları
Bura Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Məzunlar evi”dir. Burada valideyn himayəsindən məhrum olmuş və müxtəlif internatlarda böyümüş, 18 yaşına çatandan sonra isə oranı tərk etməli olmuş gənclər yaşayır.
Qəsəbədə yerləşdiyini desəm də, bu kompleks yaşayış yerlərindən xeyli aralıda, sözün hərfi mənasında düzənlikdədir. Binadan açılan mənzərə üfüq boyunca uzanan boş ərazidən ibarətdir. “Google maps” bu ünvan üçün heç bir marşrut təklif etmir. Gərək ki, soraqlaya-soraqlaya gedib tapasan.
- Azərbaycanda son 5 ildə rus sektorunda uşaqların sayı 50 min nəfər artıb
- Azərbaycanda erkən nikahlar – problem dərinləşirmi?
- “Evimiz üçün darıxmışam”. Xocalıya köçəcəyi günü gözləyən 70 yaşlı Vidadi Məmmədovun hekayəsi
Binanın həyətinə daxil olanda çiyinlərində məktəbli çantası, yanlarında üç uşaq olan iki qadınla rastlaşıram. Uşaqları məktəbə aparırlar. Jurnalist olduğumu bilən kimi dərdləri açılır.
“Keçən həftə yağan yağışdan sonra kanalizasiya daşmışdı, binanın zirzəmisi su içində idi. İstilik sistemi də çoxdandır xarab idi. Axırı 10-15 nəfər qonşuyla komendanta dedik ki, ya gəlin bu problemləri həll edin, ya da biz Prezident Administrasiyası qarşısında aksiya edəcəyik. Gecə ilə gəlib qazanxananın qapısını açdılar ki, təmir edirik. Görək nə zaman istilik sistemi işə düşəcək, qırılırıq soyuqdan. Daşan çirkab suyunu da çəkdilər, söz verdilər ki, kanalizasiya xətti yenilənəcək. Gözləyirik”.
Qadınlardan bir – Nərgiz Güniyeva danışır. Sonra da uşaqların baş alıb getdiyini, yol yoldaşının da onu gözləmədiyini görüb onların dalınca tələsir.
“Məzun evi” yaşayış kompleksinin ilk korpusu 2015, ikincisi 2016, üçüncüsü 2017-ci ildə istifadəyə verilib. Təntənəli açılış mərasimində ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak edib.
Kompleks hər biri 120 mənzil və 13 mərtəbədən ibarət olan üç binadan ibarətdir. 600 nəfər sakin üçün nəzərdə tutulub. Amma hazırda kompleksdə 370-ə yaxın sakin yaşayır.
Bura hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş şəxslər üçün inşa edilmiş ilk və hələlik yeganə yaşayış kompleksidir.
Həyətdə ilk binanı keçəndən sonra bayaq sözügedən kompleksi istiliklə təmin etməli olan qazanxananı görürəm. Qapısı da gecədən bəri açıq qalıb deyəsən. Qapının bu tərəfində bir kənarda borular və elektrik naqilləri qalaqlanıb. Qazanxananın içərisindən çıxan inzibatçı:
“Hələ təmir gedir, qapı da ona görə açıqdır. Düzələcək”, – deyib, yenidən çəri keçir.
“Uşaq bağçası” üçün ayrılmış tikilinin yanından ötürəm. Amma içəridə nə uşaq var, nə tərbiyəçi. Sakinlərdən öyrənirəm ki, birinci korpus açılandan bəri uşaq bağçası bircə gün də işləməyib.
“Dəfələrlə soruşmuşuq ki, az qala hər evdə körpə uşaq var, bağça nə vaxt açılacaq. Amma cavab verən yoxdur”, – sakinlərdən biri deyir.
Binanın həyətində daha kimsə görünmür. Binalardan birinə daxil oluram. Məlum olur ki, 13 mərtəbəli binanın lifti işləmir. Sakinlər kimi mən də pilləkənlərlə qalxmalı oluram.
Mərtəbələrin çoxunda pilləkənlərin məhəccərləri sökülüb. Pillələrə vurulmuş mərmərə bənzəyən örtük sürüşkəndir. Yıxılmamaq üçün ehtiyatla gəzməyə çalışıram.
Az qala hər mərtəbənin mənzillərə keçid hissəsində yerləşən eyvanlarda taxta və karton parçaları qalaqlanıb. Gediş-gəlişə mane olur.
Bir sözlə, binanın çöldən görünən səliqəli ab-havası içəridə səhmansızlıqla əvəzlənir.
Mərtəbələrin birində Sevda Abbasova ilə rastlaşırıq. Onunla söhbətdən məlum olur ki, “Məzunlar evi”nin sakinlərini narahat edən əsas problemlərdən biri sənədləşmə məsələsidir. O, danışır ki, mənzillər sakinlərə müqavilə əsasında paylanıb, heç kimə rəsmi çıxarış təqdim edilməyib.
Sevda Abasova özü 2019-cu ildən üç azyaşlı övladı ilə birgə bu kompleksdə yaşayır. Deyir ki, həyat yoldaşı Sahib Abasov Sabunçu rayonunda yerləşən 10 nömrəli sanatoriya tipli internat məktəbinin məzunudur. O, 2002-ci ildə böyüdüyü internatı tərk etsə də, uzun illər evsiz qalıb.
Sevda və Sahib 2014-cü ildə ailə qurublar, beş müddətində kirayələrdə əziyyət çəkiblər. Bu kompleksdə mənzil sahibi olmaq üçün uzun müddət sənəd toplamalı olub. Nəhayət 2019-cu ilin dekabrında “Məzunlar evi”nə köçə bilirlər.
Sevda Abasova danışır ki, mənzillərin rəsmi çıxarışı olmadığından özəlləşdirmək mümkün deyil. Yəni kompleksdə yaşayanlar mənzillərinin sadəcə sakinləridir, mülkiyyətçisi yox. Buna görə də istənilən vaxt evdən çıxarıla biləcəkləri qorxusu ilə yaşayırlar.
Kompleksdə olduğum zaman adını açıqlamaq istəməyən binanın inzibatçı nümayəndələrindən biri ilə danışdım. Onun sözlərinə görə, mənzillərə çıxarış verilməsi nəzərdə tutulmayıb. Amma kiminsə yaşadığı mənzildən çıxarılması qorxusu da əsassızdır.
“Belə hal baş verərsə, bina sakini məhkəmədə mənzildə yaşamaq hüququnu bərpa edə bilər”, – deyə o bildirdi.
Pilləkənlərlə yuxarı qalxdıqca rastlaşdığım demək olar ki, hər sakin eyni problemlərdən narazılıq edir:
“Aylardır istilik sistemi deyirik, kanalizasiya deyirik, hələ indi əl-əyağa düşüblər. Hökmən soyuqdan qırılmalı idik ki, yadlarına düşək”? – sakinlərdən biri deyir.
Başqa bir sakin isə marşrut probleminə diqqət çəkir:
“Buradan bircə 525 nömrəli avtobus hərəkət edir. Onun dayanacağına qədər isə 15 dəqiqə piyada yol getməliyik. Yolun uzunluğunu da keçirəm, amma heç olmasa, marşrutların sayını artırsınlar. Bu boyda camaat qalıb bir dənə 525 saylı marşrutun ümidinə. Həmin xəttədi avtobuslar da öz keflərinə görə işləyirlər. Hava yağışlı, qarlı olanda isə ağlı olan evdən çıxmır, bilir ki, avtobusun gəlməyi qaldı Allahın ümidinə”, – deyə gileylənir.
Dördüncü mərtəbəyə çatanda “Azərişıq” ASC-nin əməkdaşının sayğacları yoxladığını görürəm. Əlindəki aparatla hər mənzilin borcunu hesablayıb, qəbzi qapılarından asır. Deyir ki, havayı yerə əziyyət çəkir:
“Çekdir də, qapıya qoyub gedirəm. Ödəyən yoxdur. Hərəsinin işığa 200-300 manat borcu var. Bu binanın açılışını Mehriban Əliyeva eləyib axı. Ağzımı açan kimi deyirlər, gedirik şikayətə. Cavab vermək də olmur. Mənə nə? Özləri bilər”, – deyib, əlindəki son qəbzi də mənzillərdən birinin qapısına ilişdirir.
O, yuxarı mərtəbəyə qalxır, mən isə binadan çıxıb 525-in dayanacağına tərəf üz tuturam. Bayaqdan neçə sakinin işsizliklə bağlı dedikləri yadıma düşür. Çoxundan eşitdiyimə görə, iş tapa bilmirlər, gündəlik xərclərini ödəmək üçün müvəqqəti işlərlə başlarını dolandırırlar. “Yəqin kommunal xərcləri də ona görə ödəyə bilmirlər”, deyə düşünürəm.
Kompleksin həyətindən çıxanda əlil arabasında oturan Yadigarı qonşusuyla söhbətləşən görürəm. Onun lifti işləməyən binada pilləkənlərlə necə qalxıb-düşdüyü ilə maraqlanıram. Sən demə, qonşuları onu araba qarışıq əllərinə alıb pillələrlə düşürürlər və geri qaldırırlar.
“Dövlət 18 il bizə baxıb, axırda ev də verib. Ha istəyirsən ki, bundan sonra keçmişi, möhtac olduğun dövrü yaddan çıxarıb öz ayaqların üzərində dayanasan, alınmır. Xırda kommunal problemləri həll eləməkdən ötrü yenə dövlətə ağız açmalı, “biz uşaq evindən məzunuq” deməli oluruq. Burada da uşaq evinin ab-havasından çıxmaq olmur”, – Yadigar deyib başını bulayır.