“İnsanların az qala hamısı aqressivdir” – Azərbaycanda kuryerlər nədən narazıdır?
Xüsusilə pandemiya dövründə işləri ikiqat artan, insanların digər dövrlərə nisbətən daha çox ehtiyac duyduqları kuryerlərin gündəlik rejimi, qarşılaşdıqları çətinliklər nələrdir? JAMnews bu suallara cavab tapmaq üçün uzun müddətdir kuryer kimi fəaliyyət göstərən Emil Qurbanovla söhbətləşib.
- Azərbaycanda banklara olan borcları kim tələb edir və onlar qanunları necə pozur?
- Ermənistan yeni gizli sənəd imzalamağa hazırlaşır: bu haqda nə məlumdur?
- “Həyatımızı riskə atırıq” – Bakıda velosiped sürmək nə dərəcədə təhlükəsizdir?
Emil 2016-cı ildən bəri kuryerlik edir.
“İlk dəfə kuryerliyə velosipedlə başlamışam. Sıradan bir dönərxanada ikinci iş kimi çalışırdım. 2020-ci ilə qədər orada işləmişəm. Velosipedlə işləmək bir az çətin olduğundan, daha sonra moped aldım və rəsmi olaraq kuryer kimi işə başladım”.
Emil deyir ki, kuryer işləməyin ən çətin tərəflərindən biri də daim yollarda olmaqdır. Qəzaya düşmək ehtimalı çoxdur. Elə müsahibimiz özü də 2020-ci ildə qəza keçirdiyinə görə işinə bir müddət ara verməli olub.
Emil bildirir ki, kuryerlik fəaliyyətində şirkətlərlə heç bir problem yaşamayıb. Lakin müştərilərlə bağlı eyni şeyi deyə bilməz…
“Məni oğru bilib, polis çağırdılar”
“Bilirsiniz ki, hər cür adam var. Danışsam, bitməz. İnsanlarla işləmək çox çətindir. Xüsusilə də, ac olan insanlar əsəbi olur və yemək gözləyərkən daha çox aqressivləşirlər. Eləsi olur qışqırır, eləsi olur ünvanı səhv yazıb günahı üstümüzə atır. İnsanlarla iş, həqiqətən də, başdan ayağa əsəb keçirməkdən ibarətdir. Müştərilərin çox az hissəsi mülayim olur. Açıq danışsaq, az qala hamısı əsəbidir. Özlərini kuryerdən üstün görür və çox nəzakətsiz davranırlar”, – Emil etiraf edir.
Həmsöhbətimiz danışır ki, bir dəfə müştəri onu oğru bilib və polis çağırıb:
“Fəsil fərq etmədən çöldə olduğumuz üçün yay və qış ayları çox çətin keçir. Qışda soyuq olmasın deyə, maska ilə işləyirəm. Bir dəfə müştəri məni oğru bilib polis çağırmışdı. Uzun söhbətdən sonra məsələni aydınlaşdıra bildik. İşimlə bağlı ən yaddaqalan mənfi xatirəm budur”.
Gündə 14 saat çalışan kuryerlər
Emil deyir ki, kuryerlərin iş qrafiki sərbəstdir. Gündə 14 saat çalışanlar da var, 1 saat çalışanlar da. Nə qədər istəsələr, o qədər onlayn olaraq işləyə bilərlər. Nə qədər uzun müddət işləsələr, o qədər də çox gəlir əldə etmək mümkündür:
“Ən gəlirli vaxt nahar zamanıdır. Bir saat ərzində 15 manat gəlir əldə etmək olur. Çox isti havalarda, ümumiyyətlə, gəlir əldə etmək olmur. İnsanlar şəhərə çıxır, gəzir, özləri yemək yeyirlər, sifarişə ehtiyac qalmır. Lakin soyuq havalar kuryerlər üçün daha əlverişlidir. Hər kəs evdə oturur və sifariş verir. Soyuq havada motosiklet sürmək çətindir, yol çox sürüşkən olur. Ən çox qəzalar da qışda olur. Qış fəslində yalnız təcrübəli kuryerlər işləyə bilir. Elə gün olur ki, hətta 150 manat qazanc əldə edə bilirik”.
Azərbaycanda kuryer olmağın ən çətin tərəfi
Emil bildirir ki, Azərbaycanda kuryer olmağın ən çətin tərəfi yollardır.
“Çünki bizim ölkədə motosiklet mədəniyyəti inkişaf etməyib. Maşınlar bilərəkdən onları sıxır, ya da heç görmürlər və qəza şəraiti yaradırlar”, – müsahibimiz gileylənir.
Onun sözlərinə görə, hazırda Azərbaycanda üç tip çatdırılma xidməti var: avtobus, taksi, kuryer:
“Üçü də bir-birini bəyənmir. Parkinqdə tez-tez mübahisələr olur. Motosikleti qəbul edə bilmirlər, kənara çəkməyi tələb edənlər çox olur. Dövlət qeydiyyat nişanı olmadığından, yeni kuryerlər qazanclı işdir deyə, moped alırlar və təcrübəsiz olduqlarından, qəza törədirlər, yollarda hərəkətdə çətinlik yaradırlar. Qırmızı işıqda keçirlər, yol kəsişməsinə baxmırlar, təhlükəli idarə edirlər”.
Kuryer və reytinq problemi
“Sifarişi gec çatdıranda reytinq aşağı düşür. Belə olanda yeni sifariş əldə etmək çətin olur. İki kuryer yan-yana duranda sifarişi reytinqi yüksək olan kuryerə verirlər.
Deyilənə görə, ən çox yaranan problemlərdən biri də yeməyin soyumağı ilə bağlıdır. Sifarişi qaytarmasalar da, sifariş etdikləri restorana və ya sifarişi çatdıran kuryerə aşağı bal verərək reytinqi azaldır, şikayət yazırlar”, – Emil kuryerlərin problemlərindən birini dilə gətirir.
Maraqlıdır ki, ölkədə bu qədər kuryer olsa da, onları birləşdirən bir həmkarlar təşkilatı, yaxud da peşəkar birlik yoxdur. Başqa sözlə, kuryer öz problemləri ilə üzbəüz qalmağa məhkumdur. Rəsmi iş yeridirsə, problem yarandıqda məhkəməyə müraciət edə bilirlər, rəsmi deyilsə, ümid yalnız işəgötürənin və müştərilərin insafına qalır.