İnsanlar metroda ölürlər
Ötən il ərzində mənim gözlərimin qarşısında insanlar iki dəfə metroda huşlarını itiriblər. Birinci – orta yaşlı kişi – öldü. Təxminən səkkiz yaşlarında olan qız isə çox güman ki, sağ qaldı.
Yardım göstərilməsində fəal iştirak edən mən aşağıdakıları anladım:
1. İnsanlar əksər vaxtlarda ətrafda yığışıb, kömək etməyə cəhd belə göstərmirlər, əksinə mane olurlar.
2. Demə, metroda tibb məntəqəsi varıymış, o stansiyada, eskalatorların yanında yerləşir.
3. Bu tibb məntəqəsi sərnişinlər üçün deyil, metro işçiləri üçün nəzərdə tutulub.
4. Onun işçiləri bildirir ki, ehtiyac olanda sərnişinlərə kömək edirlər və bu yalandır.
5. Bu tibb işçiləri prinsipcə ilkin yardımın necə göstərilməli olduğunu heç də həmişə bilmirlər.
6. Onlar mənə dedilər ki, növbəylə işləyirlər və yenə də yalan danışdılar, çünki əslində, tibb məntəqəsi düz saat 6-da, metroda dəhşətli basabas və bürküylə müşaiyət olunan pik vaxtı olanda bağlanır. Təcili tibbi yardım maşını tıxacda qalarsa və ya yollar bağlanarsa, ürək tutması ölümlə nəticələnə bilər.
7. Metroda ölüm xəbər yazmaq üçün əsas deyil. Buna görə də bu haqda heç kimin xəbəri olmur da.
8. Huşunu itirən qız haqqında polislər deyirdi: “Yıxılmağa vaxt tapdı, axı camaat baxır. Yəni bu bir tərbiyəsizlikdir.
Həm də məlum oldu ki, Azərbaycan mətbuatında müntəzəm olaraq eyni xəbər yayılır – metro stansiyalarında indi tibb məntəqələri olacaq.
2009 – Bakı metrosu sərnişinlərə tibbi yardım göstərəcək
2014 – Bakı metrosunda vacib yenilik ola bilər
2015 – Bu qaydaları bilməklə, siz insanı xilas edə bilərsiz
(Burada isə sadəcə etiraf edirlər ki, metroda sərnişinlər üçün tibb məntəqələri yoxdur).
“Ancaq massaj və süni nəfəs verilərsə, sağ qalmaq şansı çox azdır, yalnız suda boğulma və ya deyək ki, nəfəslə bağlı problemlərdən söhbət getdiyi zaman bu şanslar artır, – ilkin tibbi yardım üzrə mütəxəssis Qayib Əliyev deyir. – Yox, əgər biz ürəklə bağlı problemlərdən danışırıqsa, həkimlərin müdaxiləsi olmadan şans çox-çox azdır.
Həkimlərin gəlməyindən danışırıqsa, burada çox şey onların nə dərəcədə düzgün hərəkət edəcəyindən asılıdır. Statistika deyir ki, defibrilyatorun olması, onun ürək dayanandan sonrakı 4 dəqiqə ərzində istifadə olunduğu halda, 80% ürək fəaliyyətinin bərpa olunması ehtimalını verir, sonra şanslar xeyli azalır.
Belə çıxır ki, stansiyada həkimlər olsaydı, onların defibrilyatoru olsaydı, adam sağ qala bilərdi.
Mən bu hadisə haqqında “Facebook səhifəmdə yazanda, məlum oldu ki, başqaları da kiminsə metroda huşunu itirdiyini və hətta öldüyünü görüb.
“Yayda mən də belə bir hadisənin şahidi olmuşam, – Anjelika deyir, – “Memar Əcəmi metro stansiyasında təxminən 60 yaşlarında olan qadın özündən getdi. Mən təlimat üzrə hərəkət etdim, onun nəfəs aldığına əmin olandan sonra onu ayağa qaldırdım. Metro işçiləri və polis ümumiyyətlə ilkin yardımın necə göstərildiyini bilmirdi. Mənə qədər polis onun nəbzini yoxlayıb, dedi ki, o ölüb. Nə polisdə, nə də metro işçilərində naşatır spirti yoxuydu. Bundan başqa, mən dərhal onları tibbi yardım çağırmağa məcbur etdim. Orada olduğum iyirmi dəqiqə ərzində tibbi yardım maşını elə də gəlmədi. Amma sonradan xəbərlərdə oxudum ki, bu stansiyada elə həmin gün qadın ölüb. Görünür ki, tibbi yardım maşını gəlib çıxmadı.