“İnsanlar hər addımda izlənəcək” - Ermənistanda müşahidə kameralarının quraşdırılması haqqında
Müşahidə kameralarının quraşdırılması tələbi
Ermənistan hökuməti müəyyən təşkilatları və kommersiya müəssisələrini öz binalarının girişinə və çəkiliş üçün icazə verilən binaların əsas hissəsinin videomüşahidəsini təmin etməyə məcbur etməyi təklif edir. Bundan əlavə, kamera görüntüləri 24/7 rejimində polisə təqdim olunacaq. Daxili İşlər Nazirliyinin bu təşəbbüsü artıq parlamentin dövlət hüququ məsələləri komissiyasından müsbət rəy alıb və Milli Məclisdə birinci oxunuşda bəyənilib.
Layihə müəllifləri əmin edirlər ki, qanunvericilik paketinin məqsədi cinayətlərin aşkarlanması və qarşısının alınmasıdır. Ekspertlər isə hesab edir ki, videomüşahidə insanların şəxsi həyatını təhlükə altına alır. Onlar 2020-ci ilin haker hücumlarını xatırladırlar, bunun nəticəsində Azərbaycan Ermənistanda küçə kameraları şəbəkəsinə çıxış əldə etmişdi.
Daxili İşlər Nazirliyi bu narahatlıqlara cavab olaraq bildirir ki, əvvəllər işi polis deyil, özəl şirkət koordinasiya edirdi. Daxili İşlər Nazirliyinin mətbuat katibinin sözlərinə görə, bu qanunvericilik paketi hazırlanarkən kibertəhlükəsizlik məsələləri nəzərə alınıb.
“İnkişaf etmiş ölkələrdə uğurla sınaqdan keçirilmiş təhlükəsizlik sistemlərindən istifadə edilməsi planlaşdırılır”, – deyə Narek Sarkisyan bildirib.
- Ermənistanla sərhəddə atəşkəs niyə pozulur? Bakıdan baxış
- İrakli Kobaxidze: “Gürcüstanın Aİ ilə danışıqlara başlamaq şansı artıb”
- Avropa Məhkəməsi bloklanmış 4 mediaya görə Azərbaycanı cərimələdi
Polis 24/7 vəziyyətə nəzarət edə biləcək
Daxili işlər nazirinin müavini Arpin Sarkisyanın sözlərinə görə, qanun layihəsi qəbul olunarsa, siyahıya daxil olan bütün qurumlar öz binalarının “ictimai hissəsini” videomüşahidə ilə təmin etməli olacaqlar:
“Onların müəyyən standartlara cavab verən video–müşahidə sistemi olmalıdır. Və bütün hərəkətləri izləyə biləcək Elektron Video Qeyd Sistemləri İdarəetmə Mərkəzinin bu sistemə girişi olmalıdır”.
Arpine Sarkisyan elan edib ki, bu yolla polis “bir sıra qanuni məqsədlərə” əsaslanaraq vəziyyətə gecə-gündüz nəzarət edə biləcək.
Qanun kimləri əhatə edir?
Daxili İşlər Nazirliyi bildirir ki, kameraların quraşdırılması tələbi banklara, kredit təşkilatlarına, lombardlara şamil edilir. Həmçinin apteklər, ayrıca girişi olan valyuta mübadiləsi məntəqələri, poçt şöbələri, təhsil müəssisələrinin “xarici əraziləri” üçün məcburi olacaq.
Videomüşahidə ilə bağlı öhdəlik sahəsi 100 kvadratmetrdən çox olan pərakəndə satış obyektlərinə, sahəsi 50 kvadratmetrdən çox olan yanacaq satışı və ictimai iaşə obyektlərinə şamil ediləcək. Təcili yardım maşınlarının, sərnişin avtobusları və mikroavtobusların, yeraltı dayanacaqların müşahidə kameraları ilə təchiz edilməsi nəzərdə tutulur.
Konkret standartlar artıq hazırlanıb. Video çəkiliş həftənin yeddi günü, günün 24 saatı, gecəgörmə qabiliyyətinə malik kameralar vasitəsilə aparılmalı və ən azı 15 gün saxlanılmalıdır.
Əvvəllər ərazilərin müşahidə kameraları ilə təmin edilməsi tələbi qanun qüvvəyə mindikdən sonra bir il ərzində yerinə yetirilməli idi. Amma hakim “Vətəndaş Sazişi” fraksiyasının deputatları Daxili İşlər Nazirliyinə bu müddətin uzadılmasını təklif ediblər.
Şərh
Media eksperti Samvel Martirosyan hesab edir ki, qanunun qəbulu ilə polis “özəl sektorun imkanlarından istifadə edərək ölkə sakinlərini daim izləyə biləcək”. Onun qiymətləndirməsinə görə, qanun insanların şəxsi həyatına “qeyri-mütənasib müdaxiləni” nəzərdə tutur:
“Geniş miqyaslı videomüşahidə sistemi insanların məxfiliyini poza və onların hər bir hərəkətinə nəzarət etməyə imkan verə bilər. Haqsız nəzarətin qarşısını almaq üçün qaydalar və məhdudiyyətlər dəqiq müəyyən edilməlidir”.
Samvel Martirosyan deyir ki, dəyişikliklər Ermənistanda daha yüksək səviyyədə təhlükəsizliyi təmin edə bilər. Ola bilsin ki, “müəyyən növ hadisələrin” sayı azalsın və artıq törədilmiş cinayətlərin açılması daha asan olsun. Eyni zamanda o, çoxlu müxtəlif “amma”ların yarandığını deyir.
Ekspertin fikrincə, hökumət toplanmış məlumatların lazımi şəkildə qorunmasını və məxfiliyini təmin etməlidir.
“Nəzarət sistemləri şəxsi məlumatları toplayacaq: şəxslər, hərəkət marşrutları, konkret insanlar arasında əlaqələr və s. Ona görə də hüquqi təminatlar yaradılmalıdır ki, bu məlumatlardan sui-istifadə edilməsin və ya onlardan qanun çərçivəsindən kənarda yararlanılmasın”, – deyə o vurğulayıb.
Martirosyan hesab edir ki, video-müşahidə sistemlərinin monitorinqi və mümkün pozuntuların aradan qaldırılması Fərdi Məlumatların Mühafizəsi Agentliyinə həvalə edilməlidir. Üstəlik, o, ictimai nəzarət mexanizminə ehtiyac görür.
“İctimaiyyət məlumatların təyinatı üzrə istifadə edildiyini və sui-istifadənin olmadığını yoxlamaq üçün alətə malik deyil”, – ekspert deyir.