Britaniya keçmiş azərbaycanlı məmurun həyat yoldaşının pullarının mənbəyi ilə maraqlanır
Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyi (NCA) ilk dəfə olaraq xarici dövlət vətəndaşından varidatının mənbəyini açıqlamağı tələb edib. BBC xəbər verir ki, tələb hələ ilin əvvəlində irəli sürülüb, lakin cavabdehin şəxsiyyəti yalnız indi məlum olub.
Söhbət kimdən gedir
Söhbət Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısının həyat yoldaşı Zamirə Hacıyevadan gedir ki, məhkəmə sənədlərindən aydın olduğu kimi, o, dəbdəbəli həyat sürürmüş və təkcə “Harrods” univermağında təxminən 16 milyon funt sterlinq xərcləyib, eyni zamanda 20 milyon funtdan artıq qiymətə daşınmaz əmlak əldə edib.
Onun adı ictimaiyyətə məlumatın yayılmaması barədə məhkəmənin KİV üçün təlimatının müddəti bitəndən sonra məlum olub. Jurnalistlər israr edirdilər ki, bu məlumatlar cəmiyyətin maraqları naminə açıqlanmalıdır.
Nə baş verir
Britaniya hakimiyyəti daha öncə 50 min funtdan baha aktivlərin mülkiyyətçilərinə mənbəyi məlum olmayan əmlak haqqında sorğu göndərmək hüququ əldə edib.
Söhbət ilk növbədə cinayətkar fəaliyyətdə şübhəli bilinənlərdən, həmçinin Avropa iqtisadi zonasına daxil olmayan ölkələrin nüfuzlu siyasi fiqurlarından gedir.
Hacıyevanın işi ilə əlaqədar dinləmələr London Yüksək Məhkəməsində iyul ayında başlayıb. Qadından iki daşınmaz əmlak obyekti – Londonun nüfuzlu Naytsbric rayonundakı 11,5 milyon funtluq ev və Askot şəhərinin yaxınlığında yerləşən, 10,5 milyon funta alınmış torpaq sahəsi barədə izahat tələb olunub.
Perspektivlər
Əgər Hacıyeva daşınmaz əmlakın və torpaq sahəsinin alınması üçün pulların mənbəyini izah edə bilməsə, əmlak müsadirə oluna bilər.
Hacıyeva Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşıdır. Cahangir Hacıyev 2015-ci ilin dekabrında Bakıda “Beynəlxalq Bank”dan ümumilikdə 211 milyon manatdan çox vəsaitin oğurlanması ittihamı üzrə həbs edilib. 2016-cı ilin oktyabrında məhkəmə qərarı ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun əmlakından 63 milyon manat “Beynəlxalq Bank”ın, 7 milyon manat isə “Aqrarkredit”in xeyrinə müsadirə edilməlidir.
Mühakimə edilmiş şəxsin istintaqdan gizlənən həyat yoldaşı – Zamirə Hacıyeva qiyabi olaraq həbs edilib və axtarışa verilib.