İlqar Məmmədova bəraət verilib – azərbaycanlı müxalifətçinin 5 il həbsdə qalmasına səbəb olan ittiham üzərindən götürülüb
Azərbaycan hakimiyyəti Avropa İnsan Haqları Məhkəməsinin hələ 2014-cü ildə çıxardığı hökmü yerinə yetirib. Müxalifətçi lider, keçmiş siyasi məhbus İlqar Məmmədovun üzərindən kütləvi iğtişaşların təşkili ilə bağlı ittiham götürülüb, ona bəraət verilib və bütün hüquqları bərpa olunub.
Bəzilərinə bu bəraət şübhəli gəlir və İlqar Məmmədovun ünvanına hakimiyyətə satıldığı və ya satılmağa hazırlaşdığı ilə bağlı ittihamlar səsləndirilir.
İlqar Məmmədovun işi
İlqar Məmmədov qeydiyyatdan keçməmiş müxalif “Respublikaçı Alternativ” (ReAl) partiyasının lideridir.
2013-cü ildə o, Azərbaycan prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşırdı, amma İsmayıllı şəhərində iğtişaşlar baş verərkən hadisələri izləmək üçün oraya getdiyi zaman həbs olunmuşdu. Əvvəlcə Məmmədova qarşı bu iğtişaşların təşkili və polisə müqavimət ittihamı irəli sürülmüşdü, amma sonradan birinci ittiham daha da ağırlaşdırılmış, yanğınlar və talanlarla müşayiət olunan kütləvi iğtişaşların təşkili ilə əvəzlənmişdi.
2014-cü ildə Məmmədov yeddi il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. AİHM onun həbsini qeyri-qanuni elan edib və müxalifətçinin dərhal azadlığa buraxılmasını və bütün ittihamların üzərindən götürülməsini tələb edib. Azərbaycan hakimiyyəti buna əməl etməyib.
İlqar Məmmədov beş il həbsdə keçirib və 2018-ci ilin avqustunda azad edilib. Amma üzərindən məhkumluq götürülməmişdi və bu da Məmmədovun siyasi fəaliyyətində məhdudiyyətlər yaradırdı – məsələn, o, parlament deputatlığına namizədliyini irəli sürə bilmirdi.
Beləliklə Azərbaycan faktiki olaraq Avropa Məhkəməsinin qərarını iqnor edirdi. AİHM-nin Məmmədov haqda bəraət qərarı çıxarmasının əsasında Avropa Şurası Azərbaycan hakimiyyətindən onun bütün hüquqlarının bərpa olunmasını tələb etmişdi.
Nəhayət, 2020-ci il aprelin 23-də Məmmədovun bəraət aldığı məlum olub.
ReAl partiyasının keçmiş məhbus olan digər üzvü Rəsul Cəfərov da bəraət alıb. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə 2015-ci ildə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ilin martında isə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb. AİHM onun da üzərindən bütün ittihamların götürülməsi haqda qərar qəbul edib.
Ədalət, yoxsa “rüşvət”?
2020-ci ilin fevralında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Çoxsaylı pozuntularla keçən seçkilərdə yalnız bir müxalif namizəd qalib gələ bilib – “Respublikaçı Alternativ” partiyasının idarə heyətinin üzvü Erkin Qədirli.
Bir çox müxalifətçi və ictimai fəalı bu durum qəzəbləndirib, onlar Qədirlini satılmaqda, hakimiyyətin tərəfinə keçməkdə günahlandırıb və mandatdan imtina etməsini tələb ediblər. O isə bununla razılaşmayıb. Bütün bu ittihamların bir ucu partiya lideri kimi İlqar Məmmədova da toxunurdu.
Hakimiyyətlə dialoqun mümkünlüyü haqda danışandan sonra isə Məmmədov müxalifəti tamamən qarşısına almış oldu.
Bütün bunların fonunda Məmmədovun bəraət alması çoxlu mübahisə və şübhələrə səbəb olub. Bir qism onu təbrik edib, ədalətin qalib gəldiyini desələr də, digərləri bunu hakimiyyətlə razılaşmanın nəticəsi kimi görür.
“Kaş bu bəraətdən əvvəl seçki və seçki sonrası baş verənlər olmayaydı.
Bəraət haqları idi, amma elə təəssürat var, sanki rüşvətlə alınıb”, – keçmiş siyasi məhbus, jurnalist Xədicə İsmayılova Facebook-da yazıb.
ReAl partiyası da öz bəyanatında bu bəraətin hakimiyyətlə dialoqa getmələri nəticəsində baş verdiyini etiraf edib:
“REAL partiyası olaraq onu da nəzərdan qaçırmırıq ki, bugünkü bəraət qərarları hakimiyyətin müxalifətə təklif etdiyi dialoq təşəbbüsü, REAL partiyasının bu təşəbbüsü qəbul etməsi və ilk təmasdan sonra dialoqun əməli sürəcə çevrilməsi fonunda baş verən hadisədir”.
İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə İlqar Məmmədovla birlikdə digər müxalif “Müsavat” partiyasının üzvü Tofiq Yaqublu da həbs olunub. O, həbsdə üç ildən çox vaxt keçirib, daha sonra şərti azadlığa buraxılıb, amma ittihamlar üzərindən hələ də götürülməyib. Hazırda Tofiq Yaqublu yenə də həbs olunub və bu dəfə xuliqanlıqda ittiham edilir.