İlk dəfədir ki, Ermənistan deputatlarına mandatları seçicilər təqdim edib
Bu gün Ermənistanda 7-ci çağırış Milli Məclisin deputatlarına mandatların verilməsi mərasimi keçirilib. 132 deputat mandat alıb.
Bu necə olub?
Mandatların rəsmi təqdim edilməsi mərasimi Milli Akademik Opera və Balet Teatrında keçirilib.
2018-ci il dekabrın 9-da növbədənkənar parlament seçkilərində seçilmiş deputatlara mandatlarını şəxsən seçicilər təqdim edib. Onların arasında 103 yaşlı ən ahıl seçicilərdən biri Bavakan Piloyan da olub. Seçilmiş seçicilər arasında 2018-ci il dekabrın 9-da ilk dəfə səsvermə hüququndan yararlanan gənclər də olub.
• Ermənistanda seçkilər – böhrandan mümkün çıxış yolu
• Ermənistan parlamentində çoxluq inqilab lideri Paşinyanın blokuna aid olacaq
• Ermənistanda 2018-ci ildə baş verən ən vacib yeddi hadisə
Parlamentə hansı qüvvələr keçib?
Yeni çağırış Milli Məclisdə üç siyasi qüvvə yer alıb və 132 deputat mandat qazanıb.
Mütləq çoxluq Ermənistanda baş verən “məxməri” inqilabın lideri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokuna aiddir. “Mənim addımım” parlamentdə 88 deputatla təmsil olunacaq. Çiçəklənən Ermənistan Partiyası 26, Maariflənmiş Ermənistan Partiyası isə 18 mandat qazanıb.
Yeni parlamentin ilk iclası yanvarın 14-də baş tutacaq.
Vəzifələr necə bölüşdürüləcək?
Artıq məlumdur ki, spiker kürsüsünü daha əvvəl “inqilabçı” hökumətdə baş nazir müavini olmuş Ararat Mirzoyan tutacaq. Birinci vitse-spiker Lena Nazaryan, ikinci vitse-spiker isə Alen Simonyan olacaq. Hər üçü “Mənim addımım” blokunu təmsil edir.
Müxalifətə düşən kvotaya – üçüncü vitse-spiker kürsüsünə seçki nəticələrinə görə ikinci yeri tutan Çiçəklənən Ermənistan sahib olub. Partiya artıq namizədinin adını elan edib – bu Bahe Enfiacyandır.