Azərbaycanda fəal 3 il azadlıqdan məhrum edilib, jurnalistə qarşı ittiham yumşaldılıb
İlhamiz Quliyev, Əziz Orucov
Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən ictimai fəal İlhamiz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Kanal-13” internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə istintaq da yekunlaşıb, iş materialları məhkəməyə göndərilib.
- Azər Qasımlı 4 ay müddətinə həbs edilib
- Bazar günü həbslər – “Meydan TV işi” üzrə 7 nəfər həbs edilib
- Gürcüstanda fəalların ofislərində və mənzillərində axtarışlar. Müxalifət liderlərindən biri Nika Qvaramiya döyülərək saxlanılıb
Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal İlhamiz Quliyev barəsində hökm oxunub. Məhkəmə Azərbaycan CM-in 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittihamı daha yüngül 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəyə tövsif edib və fəalı üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Hökmün oxunmasından əvvəl Quliyev son sözlə çıxış edib. O, ittihamları rədd edib, həbsinin “sifariş” olduğunu bildirib. Quliyev ədalətli hökm gözləmədiyini deyib.
Vəkillər də Quliyevə qarşı etibarlı dəlillərin olmadığını bildirərək, onun həbsini “Abzas Media”ya müsahibəsində polis orqanlarında narkotiklə bağlı işlərin əksərən saxtalaşdırıldığını bildirməsinə görə qisas kimi qiymətləndiriblər.
Müdafiə tərəfi Quliyevə bəraət verilməsini, həmçinin “cinayət işini açan və ittihamı saxtalaşdıran müstəntiq barəsində təhqiqat başlanmasını” xahiş edib.
Quliyev 4 dekabr 2023-cü ildə saxlanılıb və iki gün sonra külli miqdarda narkotik maddə alverilə bağlı 4 ay müddətinə həbs edilib.
Hüquq müdafiəçilərinin fikrincə, Quliyevin həbsinin əsl səbəbi “Abzas Media”ya verdiyi müsahibə olub. O, müsahibədə bildirib ki, polis cinayət işlərini saxtalaşdırmaq üçün sənədləşdirilmmiş narkotik maddələrdən istifadə edir. Quliyev müsahibədə keçmiş polis əməkdaşı kimi təqdim edilib. Əvvəllər polis müstəntiqinin qeyri-rəsmi köməkçisi olub.
Hüquq müdafiəçiləri İlhamiz Quliyevi siyasi məhbus kimi tanıyıblar.
Eyni gün ibtidai istintaqın yekunlarına görə Kanal-13 internet televiziyasının direktoru Əziz Orucova qarşı CM-in 206.3.2-ci (qaçaqlamçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə irəli sürülmüş ittiham ləğv edilib.
İş yalnız CM-in 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) maddəsi ilə məhkəməyə göndərilib. Bu barədə Turan-a jurnalistin həyat yoldaşı Lamiyə Orucova bildirib.
Onun sözlərinə görə, işə Səbail Rayon Məhkəməsində Günel Səmədovanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası hələ təyin edilməyib.
CM-in 188.2-ci maddəsində 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Əziz Orucov 27 noyabr 2023-cü il tarixində qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılıb. Sonradan ona qarşı CM-in 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Orucov ittihamları rədd edir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.