İlham Əliyev: “Azərbaycan xalqı erməni xalqının düşməni deyil”
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin “HaberTürk” telekanalına müsahibə verib, danışıqlar prosesinin gələcəyindən, ATƏT-in Minsk Qrupunun perspektivlərindən və Dağlıq Qarabağın erməni xalqının taleyindən danışıb.
Müsahibənin əsas tezisləri JAMnews-un təqdimatında.
• Bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad etmişdir və işğaldan azadetmə əməliyyatımız uğurla davam edir.
• Ermənistanın bu xain hücumunun [oktyabrın 11-də Gəncə şəhərinə edilən raket hücumu nəzərdə tutulur — JAMnews] səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər.
• Sülhməramlılar və rayonların Azərbaycana qaytarılması – Rusiya XİN rəhbəri Qarabağ münaqişəsi haqda
• Gürcüstan XİN: Gürcüstandan hərbi tranzit yoxdur. Uçuşlar sırf humanitar və mülki xarakter daşıyır
• Fəqət mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdən keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi.
• Bizim məqsədimiz işğal edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşlarını qaytarmaqdır. Bildirmişdim, atəşkəs imkan verəcək ki, bu məsələ artıq hərbi müstəvidən siyasi müstəviyə, diplomatik müstəviyə keçsin… Mən demişdim ki, əgər Ermənistan müsbət davranış göstərməsə peşman olacaq və haqlı idim.
• Təqvim verilmədi [Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin oktyabrın 9-da Moskvadakı görüşündə — JAMnews], biz də çox israr etmədik. Çünki Moskva anlaşmasında, açıqlamasında bizi qane edən, bizim maraqlarımıza cavab verən maddələr bizi təmin etdi.
• O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir. Eyni zamanda, danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq.
• Bu təqvim [Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarılması üzrə — JAMnews] bizi qane etməlidir. Yəni, bu, çox uzunmüddətli proses ola bilməz. Biz otuz il gözləmişik. Artıq Azərbaycan xalqının səbri tükənibdir. Əgər danışıqlar bərpa edilərsə, əminəm ki, bu təqvim bizə veriləcək.
• Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Baxın, Minsk qrupuna həmsədrlik edən ölkələr, onlar bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa İttifaqı ilə bizim “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir.
• Mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın. Çünki bundan heç bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik. Bu, mütləqdir. Ona görə Ermənistanın bu cəhdləri, sadəcə olaraq, daxilə, yəni, öz ictimaiyyətinə hesablanıb.
• Bizim mövqeyimiz həm tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Prinsip etibarilə bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, – beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, – orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, – Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində.
• Orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq. Çünki orada indi səfalət hökm sürür.
• Biz oraya [ Dağlıq Qarabağa — JAMnews] sərmayə də yatırarıq, biz orada sosial proqramlar da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaqdır. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir.
• Gürcüstanda 300 mindən çox azərbaycanlı və təqribən 200 minə yaxın erməni əhali var. Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar, bir kənddə. Onların arasında hər hansı bir problem yoxdur. Onlar normal qonşu kimi yaşayırlar, Rusiyada da, Ukraynada da, digər ölkələrdə də. Niyə də bunu burada edə bilmərik? Mən hesab edirəm ki, biz buna hazır olmalıyıq. Biz xalqlarımızı buna hazırlamalıyıq.
• Bu, eyni zamanda, bu gün Dağlıq Qarabağda yaşayan ermənilərə də mənim müraciətimdir. Onlar bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar, bu, ədalətli deyil. Biz buna heç vaxt razı ola bilmərik.
• Əlbəttə ki, hər bir müharibə sülh ilə nəticələnir. Ona görə, indi biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə bizə kömək edərsə, hesab edirəm ki, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq. Ancaq biz çalışmalıyıq ki, buna nail olaq.
• Sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin – Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Həmçinin sülhməramlıların göndərilməsi və sülhməramlıların tərkibi. Yəni orada kim olacaq, hansı ölkələr olacaq? Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır bu gün sülhməramlıların göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını bizim torpağımıza göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir.
• Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar buna səbəb oldu biz bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər hansı maraqları da yoxdur, təsiri də yoxdur. Ona görə əgər bu münaqişənin həll edilməsini istəyirlərsə, – biz bunu istəyirik, – elə ölkələr olmalıdır ki, onlar real həyatda sülhün təmin olunmasına xidmət edə bilsinlər.
• Təbii ki, biz qardaş Türkiyəni bu prosesdə görürük. Biz bunu alqışlayırıq. Biz bilirik ki, Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var.
• De-yure, ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var… Artıq uzun illərdir, yəni, on ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir. Mənim bundan xəbərim var. Həm Türkiyə Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demişdilər. Onsuz da Türkiyə var. İndi daha çox, daha böyük həcmdə, daha böyük miqyasda var.
• O ki qaldı, Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi, bu, tamamilə yalandır. Türkiyə F-16-ları ilə əlaqədar məsələyə mən artıq münasibət bildirdim. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir.