İlham Əliyev: “Ya onlar Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da çıxıb gedəcəklər”
Əliyevin dövlət televiziyasına müsahibəsi
Azərbaycan prezidenti İlham Əliyev dövlət televiziyasına müsahibəsində Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanması haqda danışıb, həmçinin Qarabağın erməni əhalisinin gələcəyi məsələsinə toxunub. “Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da başqa yaşayış yeri axtarmalıdırlar”, – deyə o bildirib.
- Onlarla Gürcüstan vətəndaşı Sudanda, döyüş bölgəsində qalıb
- Ümid yolu. Qrız sakinləri həm kəndlərini, həm dillərini xilas etməyə çalışırlar
- Azərbaycanda tərəvəzlər kəskin bahalaşıb. Mütəxəssislər səbəbi inhisarçılıqda görürlər
“Azərbaycan məlum beş prinsipi irəli sürüb”
Əliyevin sözlərinə görə, danışıqlarla bağlı, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir:
“Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir.
Biz bəri başdan bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər”.
“Əgər “A” deyibsə “B” də deməlidir”
Öz müsahibəsində Azərbaycan prezidenti Ermənistanın nizamlama məsələlərinə münasibətinə də toxunub:
“Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur.
Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər – 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır.
O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb”.
Əliyev hesab edir ki, “vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir”.
“Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”, – deyə o əlavə edib.
“Qarabağ bizim daxili işimizdir”
Azərbaycan lideri Qarabağın ölkənin daxili işi olduğuna dair tezisini təkrar edib:
“Hesab edirəm ki, işin gedişatı bunu göstərir, çünki başqa yol da yoxdur. Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir”.
O, həmçinin çoxlarının marağında olan Qarabağ ermənilərinin gələcək taleyi məsələsinə də toxunub:
“Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur.
Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun”.
“Heç kim bizim iradəmizə təsir edə bilməz”
“Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə.
Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, – biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, – bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar.
Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar.
Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”, – deyə İlham Əliyev bildirib.
“Ermənistan hökumətinin növbəti çirkin əməlidir”
Azərbaycan prezidenti Yerevanda ağır atletika üzrə Avropa Çempionatının açılışında baş vermiş qalmaqal haqda da danışıb:
“Hesab edirəm ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir. Mən bunu belə qəbul edirəm. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var.
Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar. Guya onu saxlayıblar, ondan bir neçə dəqiqə sonra buraxıblar. Orada bir şou düzəldiblər, onu alqışlarla qarşılayıblar və bu adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Yəni, bu, nəyi göstərir?”
Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir.
Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğalanır. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar.
O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar. Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər. Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil.
Onu da demək istəyirəm ki, əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”.