Düz 39 il sonra prezident İlham Əliyev Şuşaya gedib
Azərbaycan prezidenti yanvarın 14-də ikinci Qarabağ müharibəsindən sonra cəmi iki ay ərzində çəkilən yeni yolla Şuşa şəhərinə gedib. O, Yuxarı Gövhər Ağa məscidini və Kazançetsots kilsəsini ziyarət edib. Buna qədər isə Füzulidə yeni beynəlxalq aeroportun təməlini qoyub.
- Yeni razılaşma Ermənistan və Azərbaycana nə verdi, nə vermədi və yollar necə açılacaq?
- Azərbaycanın Mərkəzi Bankı 218 milyon avroya özünə yeni bina tikdirir – ekspertlər çaşqınlıq içindədir
İlham Əliyev həyat yoldaşı – ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə Şuşaya səfər edib.
Azad edilməsi ilə 2020-ci il noyabrın 9-da 44 gün davam edən ikinci Qarabağ müharibəsinin bitdiyi Şuşa şəhərinə gedərkən yolüstü İlham Əliyev hərbi əməliyyatlar nəticəsində azad edilən digər şəhərdə – Füzulidə beynəlxalq aeroportun təməlini qoyub.
“Artıq 2021-ci ildə bu aeroportun uçuş zolağı istismara verilməlidir. Mən Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm”, – Azərbayccan prezidenti deyib.
Daha bir beynəlxalq aeroport 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşma əsasında Ermənistan tərəfinin Azərbaycana təhvil verdiyi ya Laçın, ya da Kəlbəcər rayonu ərazisində inşa ediləcək. Razılaşmanı Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri imzalayıb.
Şuşa niyə azərbaycanlılar üçün vacibdir?
“Əcnəbilər bəzən təəccüblə soruşurlar: “Şuşa azərbaycanlılar üçün nə ifadə edir, niyə məhz ona vurğu edilir, məsələn, vilayət mərkəzi Stepanakertə yox?”
Əlbəttə, sovet dövründə Stepanakert adlandırılan Xankəndini də azərbaycanlılar öz vətənlərinin ayrılmaz hissəsi hesab edirlər. Amma Şuşa bizim üçün həm rəmzi, hədda demək olar ki, müqəddəs məna daşıyır.
Gürcüstan üçün Mtsxeta və ya Yaponiya üçün Kioto olduğu kimi.
19-cu əsrin ortalarına qədər Şuşa Təbrizlə yanaşı şiə türklərin – nəticədə azərbaycanlı adlandırılacaq xalqın mədəni və siyasi mərkəzi olub.
Bəziləri Şuşanı “Azərbaycan mədəniyyətinin beşiyi” adlandırırlar. Əlbəttə, mübahisələndirmək olar, “beşiyidirmi”, mən daha çox “universitet” adlandırardım”, – JAMnews-un siyasi şərhçisi Şahin Rzayev yazır.
Şuşaya gəldiyi zaman Azərbaycan prezidenti dövlət bayrağını qaldırıb, daha sonra isə şəhərdə yerləşdirilmiş hərbçilərlə ünsiyyətdə olub.
“Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı”, — o qeyd edib.
“Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq”, — Əliyev Şuşa ziyarəti üçün seçdiyi tarixə eyham vuraraq bildirib.
Şuşada İlham Əliyev Saatlı, Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərini ziyarət edib. Onlardan ikisi yarıdağılmış vəziyyətdədir.
Şuşada çıxış edərkən Əliyev Ermənistanla bağlı fikirlərini bölüşüb: “Ermənistan […] özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin”.
“Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini… Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb.
…Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər”, — İlham Əliyev deyib və bildirib ki, Azərbaycan “bütün dinlərin məbədlərini qoruyur və qoruyacaq”.
İlham Əliyev ikinci Qarabağ müharibəsi nəticəsində ziyan görən Kazançetsot kilsəsini də ziyarət edib və bu şəhərdə doğulub, yaratmış Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin – Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün büstlərinin açılışına qatılıb.