İlham Əliyev: “Sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir”
İlham Əliyev 13-14 sentyabr döyüşləri haqda
Azərbaycan prezidenti İlham Əliyev Laçında çıxışı zamanı bildirib ki, Ermənistan müəyyən şərtlərə əməl etsəydi, ikinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. O, həmçinin 13-14 sentyabrda iki ölkə sərhədində baş verən döyüşlərə də toxunub. “Sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir”, – deyə Əliyev bildirib, bununla da Ermənistan tərəfinin “Azərbaycanın təcavüzü” haqda bəyanına cavab verib.
- Pelosinin Yerevana səfərinin əsas səbəbi nədir? – Bakıdan şərhlər
- Brüsseldə dördüncü Əliyev-Paşinyan-Mişel görüşü. Aİ nə təklif edir?
- Azərbaycan “ABŞ-ın Minsk Qrupunu “reanimasiya” etmək cəhdinə” etiraz edir
Prezident İlham Əliyev 2022-ci il avqustun sonunda Azərbaycanın nəzarəti altına qayıdan Laçın şəhərində Azərbaycan bayrağını qaldırıb. Xatırladaq ki, Xankəndini Azərbaycan və Ermənistan sərhədi ilə birləşdirən yeni yol istismara veriləndən sonra Azərbaycan ordusu keçmiş “Laçın dəhlizi” üzərində yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərinə girib.
İlham Əliyev Laçın Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olduğu zaman şəhərin mərkəzi küçəsində yaranmış dağıntılara baxıb.
Azərbaycan prezidenti nitqlə çıxış edib.
“Bu hərbi cinayətdir”
“Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli şəhəri də, həmçinin Cəbrayıl şəhəri də, bütün kəndlər”, – deyə Əliyev öz çıxışında bildirib.
Onun sözlərinə görə, bəzi yerlərdə, o cümlədən Laçın şəhərində “ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər”.
“Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir”, – deyə o əlavə edib.
“Heç kim bu torpaqları bizə bağışlamayıb”
Əliyev öz çıxışında onilliklər boyu davam edən və heç bir nəticə verməyən danışıqlar mövzusuna da toxunub:
“Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi.
Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik.
Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu”.
«İkinci Qarabağ müharibəsi olmaya da bilərdi»
“İkinci Qarabağ müharibəsi olmaya da bilərdi, əgər Ermənistan bizim sözümüzə baxsaydı. Əgər öz xoşu ilə torpaqlarımızdan çıxsaydı, İkinci Qarabağ müharibəsi olmaya bilərdi”, – Əliyev bildirib.
O, əlavə edib ki, müharibədən dərhal sonra Azərbaycan Ermənistana sülh təklif edib.
“Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır.
Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır.
Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır”.
“Sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir”
Azərbaycan prezidenti həmçinin 13-14 sentyabrda Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər haqda da danışıb.
“Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq.
Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər.
Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının – Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.