İlham Əliyev: “Fransa sülh prosesində iştirak edə bilməz”
Əliyev Fransanın danışıqlarda iştirakı haqda
Azərbaycan prezidenti bildirib ki, Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistanın baş naziri ilə dekabrın 7-nə təyin olunmuş görüş keçirilməyəcək. Buna səbəb kimi Əliyev Paşinyanın görüşdə Fransa prezidenti Emmanuel Makronun iştirakı tələbini göstərib. “Fransa sülh prosesində iştirak edə bilməz. Bu, bizim deyil, onların günahıdır, çünki nə ABŞ, nə də Rusiya heç vaxt rəsmi olaraq tərəf tutmayıblar”, – deyə Əliyev bildirib.
- “Bu il sülh sazişi imzalanmayacaq”. Bakıdan şərh
- İran Azərbaycanla gərginlik yaratmaqla nə əldə etdi? – Bakıdan şərh
- Azərbaycanın keçmiş xarici işlər naziri: “Hərbi əməliyyatların bərpası getdikcə reallaşır”
Noyabrın 25-də Bakıda ADA Universitetində “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev tədbirin xarici qonaqlarının suallarını cavablandırıb.
Zəngəzur dəhlizi haqda
“Rusiya rəsmiləri ilə sonuncu söhbətim zamanı Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu dəhlizin qarşısını almağa qadirdir.
İrana gəlincə, mən hesab edirəm ki, o, regional kommunikasiya layihələrindəki marağını nəzərə alaraq bunu da etməyəcək”, – Əliyev bildirib.
Onun sözlərinə görə, bu layihələr heç kimə qarşı deyil, əksinə, yalnız bütün maraqlı tərəflərin xeyrinədir.
Brüssel görüşü keçirilməyəcək
“Dekabrın 7-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək”, – deyə Əliyev bəyan edib.
O, qərarının səbəbini də açıqlayıb:
“Dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın Baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.
İlham Əliyev “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”. Bakı, 25 noyabr 2022. Foto: AzərTac
“Fransa sülh prosesində iştirak edə bilməz”
Əliyev Fransanın sülh prosesində iştirakının niyə Azərbaycanın maraqlarına zidd olduğunu izah edib:
“Praqa görüşündən bir həftə keçməmiş Fransa prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi etmədiyimiz bir işdə ittiham etdi.
Bunun ardınca Fransa Senatının tamamilə qəbuledilməz və təhqiramiz olan məlum qətnaməsi gəldi. Bunun ardınca Fransa Milli Assambleyasının növbəti antiazərbaycan qətnaməsi, daha sonra Fransanın Frankofoniya sammiti vasitəsilə bizə hücum cəhdi oldu. Frankofoniya humanitar təşkilat olduğu üçün bu qəbuledilməzdir”.
İlham Əliyev deyib ki, Azərbaycan tərəfində “Fransanın Ermənistanla tandemdə tərtib etdiyi orijinal mətn” var, hansı ki, onun sözlərinə görə, ittiham və eyhamlarla doludur:
“Ancaq bizim təkcə Qoşulmama Hərəkatında yox, Avropada da dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnamə formal bir şeydir.
Bütün bunları nəzərə alsaq, Fransanın sülh prosesində iştirak edə bilməyəcəyi aydındır. Bu da bizim yox, onların günahıdır, çünki nə ABŞ, nə də Rusiya heç vaxt rəsmi olaraq tərəf tutmayıb. Bu o deməkdir ki, dekabrın 7-də keçiriləcək iclas baş tutmayacaq. Biz digər alternativləri nəzərdən keçirəcəyik. Kimin hansı platformada vasitəçi rolunu oynayacağını görəcəyik”.
Əliyev əlavə edib ki, Paşinyanın Makronun Brüssel görüşündə iştirakı şərtini “sülh danışıqlarını pozmaq cəhdi” kimi qiymətləndirir.
İranla münasibətlər haqda
Azərbaycan prezidenti Bakı ilə Tehran arasında son aylarda münasibətlərin gərgin olmasına toxunaraq qeyd edib ki, “İran heç vaxt bir neçə ay ərzində sərhədlərimizdə iki dəfə hərbi təlim keçirməyib”.
“Mən İranın üç keçmiş prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bu qədər uzun illər ərzində indiki kimi vəziyyət heç vaxt olmamışdı. Heç vaxt Azərbaycana qarşı bu qədər nifrət və təhdidlə dolu bəyanatlar səslənməmişdi”, – deyə o bildirib.
Əliyev vurğulayıb ki, Azərbaycan “onlardan qorxmadığımızı nümayiş etdirmək üçün” İranla sərhəddə hərbi təlimlərə başlamaq məcburiyyətində qalıb:
“Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim xalqımızın bir parçasıdır”, – deyə Azərbaycan prezidenti daha sonra qeyd edib.
Əliyev İranda yaşayan azərbaycanlıların hüquqları məsələsinə də toxunub:
“Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb var. Respublikada gürcü dilində tədris olunan 10 məktəb də var. Gürcüstanda 116 Azərbaycan dilli məktəb fəaliyyət göstərir.
İranda elə məktəblər var ki, orada tədris ermənicədir, amma Azərbaycan dilində dərs keçən məktəb yoxdur. Bu necə ola bilər?
Əgər kimsə deyirsə ki, bu, daxili işlərə qarışmaqdır, biz bu cür bəyanatları qəti şəkildə rədd edirik. Azərbaycanın xarici siyasəti aydındır, biz heç vaxt heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”.
Onun sözlərinə görə, Azərbaycan İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırır ki, “əks halda öz ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirir, Azərbaycan dili ancaq məişət səviyyəsində qalır”.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube