İkona kimə məxsusdur?
Cənubi Osetiya hökuməti 1990-cı illərin əvvəllərində gürcü-osetin münaqişəsinin hərbi fazası dövründə Sxinvalidən itən və hazırda Tbilisidəki Gürcüstan Dövlət Muzeyində saxlanılan unikal ikonanın qaytarılmasını tələb etməkdə davam edir.
Söhbət erkən Bizans ikona təsviri məktəbinin nadir işi olan və İsa və müqəddəslərin siması təsvir olunan XI əsr üçqat ikonasından gedir.
Onun hündürlüyü 20,32 santimetrdir, fil sümüyü üzərində oyma metodu ilə işlənib, mirvari, qızıl və gümüşlə bəzədilib.
Dünyada məşhur olan digər az sayda bu tipli triptixlərdən fərqli olaraq, bu ikona çox yaxşı saxlanılıb.
Cənubi Osetiya və Gürcüstan tərəfi bu relikviya ilə bağlı olan heç bir faktla razı deyillər və artıq 15 ilə yaxındır ki, bir-birlərinə onun məhz onlara məxsus olduğunu sübut etməyə çalışırlar.
İkonanın mənşəyi
Sxinvalinin arqumentləri
Cənubi Osetiya Milli muzeyinin direktoru Merab Zoseyev Okon triptixinin tarixi barədə bunları deyir:
“Əfsanəyə görə, bu ikona 12-ci əsrdə Alaniya şahzadəsi Rosmikə Bizans imperatoru Aleksey tərəfindən hədiyyə edilib. 1924-cü ildə onu təsadüfən Cənubi Osetiyanın Znaur rayonunun Okoni kəndinin balaca kilsəsində aşkar ediblər. Həmin dövrdə Qafqazda artıq sovet hakimiyyəti bərqərar olub və tezliklə Moskva hakimiyyətinin qərarı ilə bu ikona kilsədən götürülüb və Cənubi Osetiyanın Milli Muzeyinə təhvil verilib və ta 90-cı illərin əvvəllərinə, yəni müharibə başlayana qədər orada saxlanılıb”.
Tbilisinin arqumentləri
Gürcüstan İncəsənət muzeyinin Qızıl fondunun kuratoru Elene Kavlelaşvilinin sözlərinə görə, Okon ikonası haqda ilk məlumat XI əsrə aiddir:
“Onu Bizansdan Gürcüstana IV Baqratın birinci arvadı çariça Elene gətirib. Okon triptixi çariça Elenenin cehizinin içində idi.
IV Baqrat Okon ikonası üçün xüsusi məbəd tikdirdi, amma sonralar həmin məbəd zəlzələ vaxtı dağıldı. Məbədi bərpa etmədilər, yerində yeni, daha kiçik məbəd tikdilər. Məhz bu məbəddə də XIX əsrdə tədqiqatçı Praskovya Uvarova üzəri 30 qiymətli daşla bəzədilmiş və “Okonlu İkona, günahkar Katalikos Evdemonu bağışla yazlı ikonanı aşkar edib.
Bu yazı xüsusiylə vacibdir, çünki qarşımızda məhz Okon ikonasının olduğunu və həqiqətən də tarixi mənbələrdə göstərilən yerdə aşkar edildiyini sübut edir.
1923-cü ildə müqəddəs əşyaların məhv edilməsi həyata keçirilərkən ikona məbəddən Sxinvalidəki muzeyə köçürülür. Bu. ikonanın Milli incəsənət muzeyinə deyil, yerli muzeyə təhvil verildiyi yeganə haldır. O, 1992-ci ilə qədər də orada qalıb”.
Okon triptixi necə yoxa çıxdı
Sxinvalinin versiyası
1991-ci ildə Okon triptizi yoxa çıxır. Cənubi Osetiya Milli muzeyinin o vaxtkı əməkdaşı Sergey Çibirov ikonanın itməsi hadisəsini belə danışır:
“1991-ci ilin yanvar ayında muzeyin yerləşdiyi Sxinvalın bir hissəsini gürcü milisi tutdu. Triptix o vaxtlar ən üzdə olan yerdə sərgilənirdi. Bir neçə gün sonra biz nəhayət binaya daxil olanda bu ən qiymətli eksponatın və gümüş qında olan bir neçə xəncər və qədim sikkələrin yoxa çıxdığını gördük.
Unikal ikona yalnız on il sonra üzə çıxdı. 2001-ci ilin yayında Oleq Zemlyanikov adlı kəs onu Cenevrədəki Kristi auksionunda satmağa cəhd göstərib. Onun sözlərinə görə, o triptixi Vladikavkazda küçə alverçilərindən alıb. Auksion müdiriyyətinin şübhələri yarandı, ekspertlər dəvət olundu, onlar da nəticədə unikal ikonanın orijinal olduğunu sübut etdilər.
Kristi auksion komissiyası onun başlanğıc qiymətini 2 milyon dollar həcmində müəyyən etdi”.
Tbilisinin versiyası
Elene Kavlelaşvili danışır:
“Auksion təşkilatçıları məsələni ətraflı araşdırıb müəyyən etdilər ki, ikona Gürcüstandandır və fiziki şəxsin deyil, dövlətin mülkiyyətidir. İkona nəticədə Zemlyannikovdan müsadirə olundu, onun özü isə saxlanıldı.
2001-ci ildən 2004-cü ilə qədər İncəsənət muzeyi Gürcüstan XİN və digər dövlət idarələri ilə birlikdə sübut etməyə çalışıb ki, ikona həqiqətən də Gürcüstana məxsusdur və ölkəyə qaytarılmalıdır. Və yalnız uzun sürən proseduralardan sonra 2004-cü ildə o Cenevrədən Tbilisiyə gətirildi.
Həmin vaxtdan da triptix Tbilisidəki Gürcüstan Dövlət İncəsənət Muzeyində yerləşir”.
Bəs ikona kimindir?
Sxinvalinin arqumentləri
İkonanın aşkar edildiyi andan Cənubi Osetiya nümayəndə heyəti təkrar-təkrar artefaktın Sxinvaliyə qaytarılması məsələsini qaldırır.
Cənubi Osetiya prezidentinin münaqişənin nizamlanması üzrə nümayəndəsi Murat Cioyev “JAM-newsa bildirib ki, bu ilin mart ayında Cenevrədəki gürcü-rus danışıqlarının növbəti raundu zamanı Cənubi Osetiyadan olan nümayəndə heyəti yenidən mədəni irs məsələsini qaldırdı. Söhbət o cümlədən Okon triptixindən də gedirdi.
Cənubi Osetiya Milli muzeyinin direktoru Merab Zoseyev bildirir:
“İkona Cənubi Osetiyanın mədəni irsidir. Bu cür qiymətli əşyalar adətən istənilən müharibədən sonra əsl sahibinə qaytarılır. Bu gün bütün müasir normalara uyğun olaraq tikilən yeni muzey binası müqəddəs əşyanın təhlükəsizliyini, temperatur rejimini və lazım olan hər şeylə təmin edə bilər”.
Tbilisinin arqumentləri:
Elene Kavlelaşvili bildirir:
“İsveçrədəki araşdırma zamanı müəyyən edilib ki, Zemlyannikov ikonanı bilavasitə Sxinval muzeyindən 300 dollara alıb. Amma onlar bildirir ki, ikona guya 1992-ci ildə yoxa çıxıb. Əgər bu belədirsə, onlar niyə bu haqda məlumat verməyiblər? Və niyə onların məhz 2002-ci ildə gürcü tərəfi Okon ikonasının qaytarılması ilə bağlı səylərini artırandan sonra birdən birə iddiaları ortaya çıxdı? 1992-ci ildən 2002-ci ilə qədər Sxinvali ikonanın itməsi ilə bağlı heç bir bəyanatla çıxış etməyib.
İkona Gürcüstanın mədəni irsidir. İsveçrə ikonanı Gürcüstana rəsmi qaydada təhvil verib. İkonanın istənilən başqa kəsə verilməsi barədə söhbət belə gedə bilməz, bu yolverilməzdir”.
∗ Foto Gürcüstan Dövlət Muzeyi tərəfindən təqdim olunub