İkinci sort uşaqlar
Azərbaycanda selektiv abortların sayı ildən ilə çoxalır. Hamiləliyin seçim etməklə dayandırılması üzrə statistika yoxdur, ona görə də hüquq-müdafiə təşkilatlarının nəticələrinə əsaslanmaq lazım gəlir. Bu cür araşdırmalara səbəbsə gender tarazlığının pozulmasıdır – Azərbaycanda hər doğulan 100 qız uşağının payına 117 oğlan düşür. Respublikanın baş pediatrı Nəsib Quliyevin sözlərinə görə, yeni doğulanlar arasında gender tarazlığının pozulmasına səbəb məhz selektiv abortlardır.
Bu hal geniş yayılıb – mütləq oğlan uşağı sahibi olmaq istəyən ailələr hamiləliyin üçüncü ayında ultrasəs müayinəsi sayəsində gələcək övladın qız olduğunu öyrənəndən sonra ondan yaxa qurtarırlar.
Bizə qız lazım deyil
Səkkiz aylıq Rəna ilə “Azərbaycan Uşaq Birliyi” QHT yanında Kimsəssiz Uşaqların Reinteqrasiya Mərkəzində tanış oldum. O bura iyirmi üç yaşlı anası ilə birgə düşüb. Qadın küçədə polisə etiraf edib ki, getməyə yeri yoxdur və onu bura sığınacağa gətiriblər.
Əri uşaqdan qurtulmasını, qızı internata təhvil verməsini tələb edib, çünki oğlan övladı gözləyib, əvəzində qız doğulub. Beləcə, ana ilə uşağı küçəyə qovub.
Bu, selektiv abort barədə hekayət deyil, amma o, problemin səbəblərini bariz nümayiş etdirir – bir çox azərbaycanlı hesab edir ki, qız uşağı ikinci sort övladdır. Hərçənd bu cür mövqeni həm fəal ictimaiyyət, həm islam dini, həm də məmurlar qınayır.
BMT Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayevin dediyinə görə, Azərbaycan yeni doğulanlar arasında cinslərin nisbətinin pozulması üzrə ikinci yeri tutur.
“Hazırda Azərbaycanda doğulan oğlan uşaqları qız uşaqalrından 11% çoxdur. Əgər bu problemə dərindən diqqət yetirməsək, gender tarazlığının pozulması bir neçə onillikdən sonra Azərbaycan üçün əsl demoqrafiq fəlakətə çevrilə bilər”, – Babayev belə hesab edir.
Bizə niyə qızlar lazım deyil?
Nərminə Məmmədovanın (ad etik nöqteyi-nəzərindən silinib – müəllif ) iyirmi yeddi yaşı var. O, paytaxta Biləsuvar şəhərindən gəlib. Nərminə bir neçə il əvvəl əri və qayınanasının təzyiqi altında bətnindəki döldən qurtulub.
“Ərim məhz oğlan uşağı istəyirdi və əgər qız doğaramsa, uşaqla məni evdən qovacağı ilə hədələyirdi. Ultrasəs müayinəsində mənə qızım olacağını söylədiklərində, iki həftə abort etməyə qərar verə bilmədim. Ağladım, yalvardım. Amma məni yenə də aborta apardılar. Bundan sonra artıq hamilə qala bilmədim. Sonunda uşağım kimi məndən də qurtuldular”, – Nərminə danışır.
Nərminə Bakıda tək yaşayır, o, ucuz qiymətə mənzil kirələyib və ofisiant işləyir. Valideynləri ilə, demək olar ki, ünsiyyət saxlamır – utanır, heç onlar da qızlarını görməyə şad deyillər. Həyatından daha yaxşı heç nə gözləmir.
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, selektiv abortların çoxluğu həmişə cəmiyyətin qadına münasibəti ilə bağlı olub.
“Cinsi əlamətə görə abortlar qadına münasibətdə hüquq bərabərliyinin pozulmasıdır. Bu problem daha çox qadın hüquqlarının pozulduğu ölkələrdə aktualdır. Qadın cinsli döllərdən qurtulan ailələr qızlara “ikinci sort” övlad kimi baxırlar”, – Zeynalova deyir.
Onun fikrincə, bir çox halda hamiləliyin selektiv dayandırılmasının təşəbbüskarları rolunda kişilər çıxış edirlər.
Oğlanlar qızlardan niyə üstündür? Oğlanlara nəslim davamçısı kimi baxırlar, gələcəkdə onların yardımına ümid bəsləyirlər. Əri və qayınanası aborta məcbur eləmiş qadın hekayətləri ilə yanaşı, şüurlu şəkildə oğlan doğmaq arzusunda olan qadın hekayətləri də kifayət qədərdir. Belələrinin dedikləri kimi, qoy oğlan övladı “ailə başçısına kömək olsun”, “valideynləri qocalalanda və qılzları böyüyüb ər evinə köçəndə təkbaşına qalmasınlar”, ya da hətta “instituta hazırlaşan qız övladları repetitor yanına gedəndə, onu ötürməyə, yanında getməyə birisi olsun”.
Bütün bunlar ümumilikdə cəmiyyətin mədəni səviyyəsinin aşağı olması ilə bağlıdır ki, bunun da sayəsində Azərbaycanda “gender xürafat”ı çiçəklənir, qadınlar zəif, asılı məxluq olaraq qalır və kişinin müdafiəsinə, üstəlik nəzarətinə möhtac olur. Valideynlərin qız övladlarını qardaşının nəzarəti olmadan bu cür cəmiyyətə “buraxmağa” qorxmaları təəccüb doğurmur.
USM-in qadağan olunması kömək edəcəkmi?
Maraqlıdır ki, bu problem artıq çoxdan məlumdur – 2011-ci ildə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan, Azərbaycan və Gürcüstanda gələcək övladın cinsinin prenatal seçiminin tutarlı sübutlarının mövcudluğu haqda danışılıb.
O zaman Azərbaycan ictimaiyyəti ilk dəfə bu hal üzərində düşünüb. Məmurlar səviyyəsində müxtəlif ölçü tədbirləri təklif olunub, o cümlədən həkimlərə valideynlərə gələcək övladlarının cinsini söyləməsi, ya da ümumiyyətlə, abortların qadağan edilməsi təklifi irəli sürülüb. Lakin bu ifrat ölçü tədbirlərini müdafiə edən olmayıb.
Milli Məclisin deputatı Elmira Axundova:
“Bu məsələdə yalnız genişmiqyaslı maarifləndirmə ilə nəyəsə nail olmaq mümkündür. Sağlam uşağın doğulmasının necə mühüm hadisə sayıldığını, hər bir həyatın müqəddəs, Allahın lütfü olduğunu cəmiyyətə çatdırmaq zəruridir”.
Ultrasəs müayinə zamanı valideynlərə gələcək övladlarının cinsinin söylənilməsinin qadağan olunması barədə maddə 2009-cu ildə hazırlanıb qurtarmış “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” haqqında qanun layihəsinə daxil edilib. Müəlliflər bunun ölkədə selektiv abortların azalmasına yardım edəcəklərinə ümid bəsləyirlər.
Qanun layihəsi çoxsaylı mübahisələrə səbəb olub. Onun tərəfdarları əmindirlər ki, təkcə maarifləndirmə işləri kömək edən deyil və qəti ölçü tədbirlərini həyata keçirmək lazımdır. Buna inzibati və hətta cinayət məsuliyyəti də daxildir.
Qəti ölçü tədbirlərinə qarşı çıxanlarsa hesab edirlər ki, qadağalar həkimlər arasında rüşvətxorluğa və gizli abortlara gətirib çıxaracaq. Hindistan və Çin təcrübəsi buna bariz nümunədir. Adı çəkilən ölkələrdə cinsi əlamətə görə abortlara qadağa qoyulsa da, bu, selektiv abortların statistikasına zərrə qədər də təsir göstərməyib. İnsanlar cinayət məsuliyyətinə cəlb olunacaqlarını bilsələr belə, qanunu pozmaq yollarını tapırlar.
Belə çıxır ki, bütün ümid təkcə maarifləndirmə işlərinədir. Televiziya və digər kütləvi informasiya vasitələri bu problemi vaxtaşırı işıqlandırsa da, problem hələ də qalmaqdadır və onun çözülməsi üçün daha səmərəli təsir üsulları tapılmalıdır.