İkinci Qarabağ müharibəsi Nikol Paşinyanın gözü ilə
Ermənistanın baş naziri Nikol Paşinyan ikinci Qarabağ müharibəsində yaşananlara öz yanaşmasını təqdim edib. Parlament komissiyasının üzvləri qarşısında çıxışında o, müharibə günlərində Azərbaycanın irəli sürdüyü tələblərdən, Şuşanın əhəmiyyətindən, Xankəndidəki rejimin rəhbərliyinin məlumatları ilə baş qərargah rəisinin məlumatlarının zidd olmasından, Rusiya prezidenti ilə 60 telefon söhbətindən bəhs edib.
- Laçında məskunlaşma davam edir, sakinlər isə şəraitdən narazıdır
- Saakaşvili Gürcüstanda siyasətə qayıdır və “bütün səviyyələrdə xainlərlə mübarizə aparmaq” niyyətindədir
- “Valideynlər susur”: Ermənistanda yaşlılara qarşı zorakılıq halları artıb
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin təfərrüatının öyrənilməsi üzrə ölkə parlamentinin xüsusi komissiyasında çıxış edib.
JAMnews Paşinyanın çıxışını tam həcmdə təqdim edir.
“Müharibəni dayandırmaq üçün ilk cəhd oktyabrın 7-si oldu. Mən Putinə zəng eləmişdim ki, ad gününü təbrik edim. Putin dedi ki, müharibəni dayandırmaq üçün vasitəçi olmaq istəyir. Dedim, razıyam, amma şərtləri bilmək istəyirəm. Biz hesab edirdik ki, müharibə qeyd-şərtsiz dayandırılmalıdır. Axşam ikinci söhbət oldu və Putin dedi ki, Əliyev imtina edir.
Ertəsi gün Putin dedi ki, Əliyev Füzulini döyüşsüz təhvil verməyi tələb edir və erməni qüvvələri Araz boyunca Xudafərin su anbarına kimi geri çəkilməlidirlər ki, bu ərazi Azərbaycanın nəzarəti altına keçsin. Bundan əlavə, Bakı qətlə görə cəza çəkən Quliyev və Əsgərovu geri almaq istəyirdi və əsirlərin dəyişdirilməsini mümkün sayırdı.
Lakin bunun əvəzində müharibə dayandırılmırdı, yalnız həlak olanların dəfni üçün humanitar atəşkəs elan ediləcəkdi və müharibəni yenidən başlamamaq haqqında söhbət getmirdi.
Mən imtina etdim, həm də ona görə ki, geri çəkilən hərbçilərin Azərbaycan tərəfindən atəşə tutulmayacağına zəmanət yox idi. Buna baxmayaraq, mən dedim ki, su anbarından birgə istifadə mümkündür, Quliyevlə Əsgərovun geri qaytarılmasını da müzakirə etmək olar. Lakin bunun üçün Əliyev Rusiyaya bildirməlidir ki, neçə əsir qaytaracaq. Füzulinin təhvili yolverilməzdir, humanitar atəşkəsi iə qəbul edirik.
Növbəti söhbət oktyabrın 8-də oldu və Putin bildirdi ki, Azərbaycan oktyabrın 10-u gecədən atəşkəsə razıdır. Bunu müzakirə etmək üçün XİN başçıları oktyabrın 9-da Moskvaya dəvət olundular. Həmçinin əsirlər və həlak olanların nəşləri dəyişdirilməli idi. Mən razılaşdım.
9 oktyabrda Moskvada XİN başçılarının üçtərəfli görüşləri başladı və ayın 10-u gecə bitdi. Bundan sonra bəyanat qəbul edildi və həmin bəyanata görə tərəflər razılaşdılar ki:
- 10 oktyabr saat 12:00-dan humanitar atəşkəs elan olunsun;
- Atəşkəsin parametrləri əlavə müzakirə edilməlidir;
- Tərəflər ATƏT Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh yolu ilə tənzimlənmənin tez zamanda əldə olunması üçün hərtərəfli danışıqlara başlayırlar;
- Tərəflər danışıqlar formatının dəyişməzliyini qəbul edirlər.
Bu, bizim üçün məqbul idi və mən Müdafiə Nazirliyinə və Baş qərargaha əmr verdim ki, atəşkəsi qorusunlar. Lakin qısa fasilələrdən sonra Azərbaycan hücumlarını artırdı, onlar artıq keçmiş DQMV ərazisinə edilirdi, Stepanakertə, Mardakertə raket zərbələri endirilir, Hadruta hücum olunurdu. Əlbəttə, qoşunlara göstəriş verildi ki, hücumun qarşısı alınsın. Lakin bununla yanaşı, atəşkəsin qorunması üçün diplomatik addımlar atılırdı.
Təmas xəttinin hər iki tərəfində rusiyalı hərbi müşahidəçilərin yerləşdirilməsi imkanları müzakirə edilirdi, lakin Azərbaycan bu həll yollarından boyun qaçırırdı.
Daxili məsləhətləşmələrdə mən əminliklə bildirirdim ki, Azərbaycan qoşunlarının irəliləməsi dayandırılmayana qədər onlar atəşkəsə razı olmayacaqlar.
13 oktyabr 2020-ci ildə mən Rusiya prezidentindən xahiş etdim ki, sualıma dürüst cavab versin: nə etməliyəm ki, müharibə dayansın? Eyni sualı biz Putinlə oktyabrın 16-da müzakirə etdik və o dedi ki, 5 rayonun qaytarılması barədə söhbətə başlamağa cəhd etmək olar, əlbəttə ki, Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməməsi şərtilə. Həmin gün biz Rusiya prezidenti ilə razılaşdıq ki, komandalar bu ideyanın dəqiqləşdirilməsi üçün işə başlasınlar.
17 oktyabrda Makron təşəbbüslə çıxış etdi və mənə məlumat verdi ki, Əliyev qeyd-şərtsiz oktyabrın 18-də gecə atəşkəsə razıdır. Təbii, mən razılaşdım. Bundan sonra bir neçə saat ərzində Fransa, Ermənistan və Azərbaycan bəyanatı razılaşdırdılar və o, 17 oktyabrda axşam dərc olundu. Bəyanatda deyilirdi ki, gecə yarısından humanitar atəşkəs elan edilir. Hələ dərc olunana qədər biz bu bəyanatı rusiyalı həmkarlarımızla müzakirə etdik, onlar təşəbbüsü dstəklədilər. Lakin atəş bir dəqiqə də olsa dayanmadı, halbuki biz bütün gün ərzində müharibəni dayandırmaq üçün mümkün olan bütün diplomatik səyləri göstərmişdik.
Oktyabrın 19-u günorta mən Putinlə telefonla danışdım və o təsdiq etdi ki, müharibəni illər əvvəl hazırlanmış Rusiya planı əsasında dayandırmaq olar. Şərtlər bunlar idi:
- 7 rayon 5+2 düsturu üzrə qaytarılır.
- Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi ilə əlaqə məsələsi həll olunur;
- Dağlıq Qarabağa rusiyalı sülhməramlılar daxil olur;
- Dağlıq Qarabağın statusu dəqiqləşdirilməmiş qalır.
Putinlə razılaşdıq ki, mən öz mövqeyimi axşam bildirəcəyəm. Günorta mən parlamentdə təmsil olunmayan müxalifətlə görüşdüm. Sonra prezidentin, katolikosun və parlament qüvvələrinin iştirakı ilə Təhlükəsizlik Şurası çağırıldı. Burada bildirdim ki, mən zəng edib, Putinin təklifini qəbul etmək istəyirəm. Bununla yanaşı, dedim ki, burada oturanlardan heç kimin bu məsuliyyəti mənlə bölüşəcəyini gözləmirəm, sadəcə, onları gedən proseslər barədə məlumatlandırıram. Parlamentdə təmsil olunmayan müxalifətlə görüşdə dedim ki, onları çağırmaqda məqsədim həm də cəmiyyəti məlumatlandırmaqdır, belə ki, bu barədə insanlara efirdən müraciət edə bilmərəm.
Axşam Putinə zəng elədim və dedim ki, bu şərtlərlə müharibəni dayandırmağa razıyam. Rusiya prezidenti dedi ki, Əliyevlə danışıb mənə zəng edəcək. Həmin vaxt artıq iki rayon Azərbaycanın nəzarəti altına keçmişdi. Putin ertəsi gün – oktyabrın 20-də zəng elədi və və bunu dedi:
- Azərbaycan 7 rayonun hamısını əldə edəndən sonra müharibəni dayandırmağa razıdır. Yeni tələb də ortaya çıxdı:
- Azərbaycan zəmanət istəyir ki, Şuşanın azərbaycanlı sakinləri, onların fikrincə isə, bunlar şəhərin sakinlərinin 90 faizi idi, Şuşaya qayıtmalıdırlar.
Rusiya üçün bu, məqbul şərt idi, çünki onlar deyirdi ki, münaqişənin tənzimlənməsi planında həmişə qaçqınların və məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılması maddəsi olub.
Bu maddə ortaya çıxanda mən maraqlandım ki, Azərbaycanın fikrincə, bu zəmanətlər necə olmalıdır? Məlum oldu ki, mən bildirməliyəm ki, azərbaycanlıların Şuşaya və Dağlıq Qarabağın başqa yaşayış məntəqələrinə qayıtmasına razıyam. Putin təklif etdi ki, bu məsələ Dağlıq Qarabağın statusuna bağlansın, yəni azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasına statusun müzakirəsi kontekstində baxılsın. Razılaşdım, amma Azərbaycan imtina etdi, bildirildi ki, statusla bağlı heç nəyi müzakirə etmək firikləri yoxdur. Bundan əlavə, həmin an səslənən təklifə görə, yalnız Şuşada yaşayan azərbaycanlılar deyil, bütün rayonların azərbaycanlıları Şuşaya birbaşa və maneəsiz giriş imkanı əldə etməli idi.
Lakin həmin gün sadaladığım tələblərə biri də əlavə olundu: sülhməramlılar yalnız Dağlıq Qarabağda və Laçında deyil, Mehridə də yerləşdirilməlidirlər ki, Azərbaycanla Naxçıvanın əlaqəsi təmin olunsun.
Mən buna razılaşmadım, Ermənistandan keçəcək eksterritorial dəhlizə razılıq vermədim və bildirdim ki, yolların açılmasına razıyam, amma dəhlizə yox. Beləliklə, 19 oktyabr təkliflərinin kontekstində müharibəni dayandırmaq üçün aşağıdakı şərtlər vardı:
- 7 rayonun hamısı Azərbaycanın nəzarətinə keçir;
- Dağlıq Qarabağın statusu müəyyənləşdirilməmiş qalır;
- Həmin günə qədər DQMV-nin itirilmiş torpaqları Azərbaycanın nəzarətində qalır;
- Şuşa yuxarıda qeyd olunan şərtlərlə Azərbaycana təhvil verilir;
- Mehridə sülhməramlılar yerləşdirilir və faktiki eksterritorial dəhliz yaradılır.
Vəziyyətin bütün ağırlığını dərk etsəm də, bu şərtlərə razı ola bilməzdim. İndi, geriyə boylanaraq, mən təkrarlayıram ki, razılaşa bilməzdim, əgər kimsə bu şərtlərə razılaşa bilərdisə, qoy bunu açıq desin.
Ön cəbhənin 90%-də qoşunlarımız hücumları uğurla dəf edirdi. Lakin 9-cu müdafiə rayonunda ciddi problemlərimiz vardı, burada rəqib müdafiəni yarıb, hələ oktyabrın 4-də Cəbrayıla qədər irəliləmişdi. Ordunun qarşısına vəzifə qoulmuşdu: Azərbaycan silahlı qüvvələrinin hərəkətini dayandırmaq, çünki biz onların irəliləməsini dayandırmayana qədər müharibəni dayandırmaq cəhdləri uğursuz olacaqdı. Ya da biz ağrılı güzəştlərə getməliydik və mən bu barədə 26 oktyabrda “Facebook” səhifəmdəki çıxışımda bildirmişdim.
Lakin ağrılı güzəştlərin zəruriliyini dərk etsəm də, Şuşa və sülhməramlıların Mehriyə yerləşdirilməsi mənim üçün qırmızı xətt idi. Şuşa davam gətirdikcə mübarizənin mənası və motivasiya vardı, aydın idi ki, Azərbaycanın məqsədi Şuşadır, çünki Şuşanı almaqla onlar Laçın yolunu bağlayırdılar, Stepanakert təhlükəli vəziyyətə düşürdü, müdafiə rayonlarında ordu bölmələrini arxadan vurmaq imkanı qazanırdılar, eyni zamanda da Aterk-Sotk məntəqəsin.
Şuşanın son dərəcə əhəmiyyətli olmasını anlayaraq, şəhərin müdafiəsinin möhkəmləndirilməsi barədə tapşırıqlar verilmişdi. Nəticədə, təəssürat yarandı ki, bunun üçün hər şey edilib.
Lakin bütün hazırlıq işləri görüldükdən sonra məlumat gəldi ki, bir qrup azərbaycanlı müdafiə xəttimizi yarıb və Laçın-Stepanakert yolunda mövqe tutub. Məlumatı mənə Dağlıq Qarabağın prezidenti verdi, lakin baş qərargah bu informasiyanı təsdiqləmirdi. Müharibə boyunca bu cür hallar on dəfəyə yaxın təkrarlanmışdı – Artsax prezidenti məlumat verirdi, baş qərargah isə onu təsdiqləmirdi, bu azmış kimi, təkzib edirdi, amma bir müddətdən sonra etiraf edirdi ki, Dağlıq Qarabağ prezidentinin məlumatı doğru idi.
Həmin andan etibarən Şuşa tədricən təslim olmağa başladı. Oradan Azərbaycan silahlı qüvvələrinin qruplarının şəhərə sızması haqda xəbərlər gəlirdi. Nəticədə, noyabrın 7-si günorta baş qərargah rəisi Onik Qasparyan mənə Şuşanın süqut etdiyini bildirdi.
Mənim üçün bu, çox ağır xəbər idi, çünki bütün fəaliyyətim, göstərişlərim, fərmanlarım, sərəncamlarım Şuşanı müdafiə etməyə yönəlmişdi və mənə bildirilirdi ki, bunlar icra olunacaq. Şuşanın süqutu xəbərini eşidən kimi tələb etdim ki, verilən vədlər yerinə yetirilsin və Şuşa qaytarılsın. Nəticədə, mənə əks hücumlar, sonra hansısa uğurlar barədə xəbərlər çatdı, sonra bildirdilər ki, əməliyyat uğurla gedir, sonra bildirdilər ki, biz artıq Şuşadayıq.
Üçtərəfli bəyanat imzalanana qədər mənə məruzə edirdilər ki, Şuşanın bir hissəsi müdafiə ordusunun nəzarəti altındadır. Sonra bəyanat imzalandı, ayın 10-da hökumət binasına hücum oldu. Mən iki gündən sonra işimi tam bərpa edən zaman dedilər ki, Şuşada bir erməni əsgəri də qalmayıb.
Üçtərəfli bəyanatın imzalanması haqda danışıqlar noyabrın 6-da başladı. Mən bu danışıqlara başlamağa belə şərtlə razılıq verdim ki, mətndə Şuşaya və Ermənistan ərazisindən keçən dəhlizə aid heç bir müddəa olmayacaq, eyni zamanda təklif etdim ki, Azərbaycanın artıq nəzarət etdiyi Hadrutun əvəzinə Ağdam rayonunu təhvil verək. Anlayırdım ki, Şuşa dönüş nöqtəsidir, müdafiə edə bilməsək, yenə də dönüş nöqtəsidir.
Hələ ayın 8-də mənə Şuşanın bir hissəsinin bizdə olması barədə məlumat verirdilərsə belə, anlayırdım ki, Şuşanı tam şəkildə geri qaytara bilməyəcəyik. Daqlıq Qarabağın prezidenti xəbər verirdi ki, Stepanakert təhlükə altındadır, Şuşanı alan azərbaycanlılar Şoş kəndi tərəfdən Stepanakertə hücum edəcəklər, oradan da Əsgərana hərəkət edib, müdafiə ordusuna arxadan zərbə vuracaqlar, Aterk-Sotk məntəqəsinə daxil olacaqlar.
Danışıqlar Rusiya prezidentinin vasitəçiliyi ilə aparılırdı. Noyabrın 8-də və 9-da Putinlə 20 telefon danışığım olub. 44 günlük müharibə ərzində təxminən 60 danışıq.
Azərbaycan “Ağdamın əvəzinə Hadrut” təklifini qəbul etmədi. Nəhayətdə biz elə bir mətnə gəldik ki, orada nə Şuşadan, nə də Ermənistan ərazisindən keçən dəhlizdən söhbət gedirdi, sənəddə hərbi əməliyyatların dayandırılmasından, 7 rayonun qaytarılmasından, Laçın dəhlizinin yaradılmasından, Dağlıq Qarabağda və Laçın dəhlizində Rusiya Sülhməramlı Kontingentinin yerləşdirilməsindən danışılırdı.
Noyabrın 9-u səhər mən bu mətni imzaladım. Diqqət yetirin, 9-dan 10-na keçən gecə yox, 9 noyabr günü səhər.
Buna baxmayaraq, məlum oldu ki, Azərbaycan həmin mətni imzalamır və yeni tələblər irəli sürür. Hadisələr zirvə nöqtəsinə 9 noyabr gününün axşamı çatdı. Azərbaycan mətnə əlavələr tələb etdi. Bu, o demək idi ki, səhər imzaladığım mətn artıq qüvvədə deyil. Rusiya prezidenti bildirəndə ki, Azərbaycan bəyanata “Tavuş vilayətindəki anklavlar” haqqında maddə əlavə etmək istəyir, belə sənədi imzalamayacağımı dedim.
Rəsmi olaraq qeyd olundu ki, biz sənəd imzalamırıq.
Bir müddət sonra məlum oldu ki, həmin maddənin sənəddən çıxarılması haqda razılıq əldə edilib. Paralel olaraq, gecəyə yaxın hərbi əməliyyatların fəallaşması, Stepanakert səmasında çox sayda PUA-nın olması barədə xəbərlər gəlməyə başladı.
Nəticədə, uzun müzakirələrdən sonra mən hamının tanıdığı sənədi imzaladım. Bu sənəd səhər imzalanan bəyanatdan daha pis, amma təklif olunan digər variantlardan – Mehridən dəhliz verilməsi və Tavuş vilayətindəki anklavların qaytarılmasından daha yaxşı idi”.