İki ölkə arasında qalanlar
Rusiya ilə Azərbaycanın sərhədində yerləşən iki kəndin sakinləri gözlənilmədən bu iki ölkə arasında qaldılar. Torpaqla bağlı məsələni iki dövlət xoşluqla həll etdi, bu torpaqda yaşayan 450 ailəyə görə məsuliyyəti isə deyəsən, heç kim öz üzərinə götürmək istəmir.
22 yaşlı Ruslan Həsənquliyev Azərbaycan Respublikasının Xaçmaz rayonunun Uryanoba kənd sakinidir. Bununla belə, o Rusiya Federasiyası vətəndaşıdır, hətta bu ölkənin ordusunda xidmət edib. Hazırda mövsümi işlə məşğuldur – Rusiya Federasiyasının Dağıstan Respublikasının Maxaçkala şəhərində tikintidə fəhlə işləyir. Deyir ki, ailəsi Azərbaycan vətəndaşlığını qəbul etmək istəmir, amma eyni zamanda da Rusiyaya köçmək istəmir.
Xaçmaz rayonunun Xraxoba və Uryanoba kəndləri (ölkənin şimal-şərqində yerləşir) 1954-cü ildə sovet hakimiyyətinin fərmanı ilə mal-qara otlağı üçün 20 il ərzində müvəqqəti istifadə şərtilə Dağıstana birləşdirilib. Sonra bu müddəti daha 20 il uzatdılar, həmin müddətin hələ 1994-cü ildə sona çatmasına baxmayaraq, “müvəqqəti verilən kəndlər 2010-cu ilə qədər faktiki olaraq Dağıstanın tərkib hissəsi olaraq qalırdı.
1991-ci ildə Rusiya və Azərbaycan ayrı-ayrı dövlətlər oldu və onlar arasındakı sərhəd sovet dövründə olduğu kimi artıq formal xarakter daşımırdı.
2010-cu ildə Azərbaycanla Rusiya arasında dövlət sərhədi haqqında müqavilə imzalandı. De-fakto anklav statusu ləğv olundu, Xraxoba və Uryanoba yenidən Azərbaycana qayıtdı. Hakimiyyət kənd sakinlərinə Azərbaycan vətəndaşlığını qəbul etməyi təklif etdi ki, burada qalıb yaşaya bilsinlər.
Uryanoba sakinlərinin ancaq bir hissəsi bu təklifi qəbul etdi. Xraxobanın isə bütün sakinləri Rusiya vətəndaşları olaraq qalmaq istədi.
Ruslan Həsənquliyev deyir ki, 2011-ci ildə onu və Azərbaycan vətəndaşlığını qəbul etməyən başqa həmkəndlilərini ölkədən deportasiya ediblər: “Bir il əziyyət çəkdik. Ailəmiz, mülkümüz – hər şeyimiz Azərbaycanda qaldı.
İndi o, doğma kəndinə miqrasiya qanunvericiliyində göstərildiyi kimi, ancaq üç ay müddətinə gələ bilir, həmin müddət bitəndən sonra ölkədən çıxmalıdır.
Uryanoba kəndi rayon mərkəzindən dörd kilometr aralıda yerləşir. Bu kənddə məktəb, tibb məntəqəsi, mağazalar yoxdur. Kəndə aparan yol acınacaqlı vəziyyətdədir, kənddə qaz və su kəməri yoxdur. Uşaqlar məktəbə, böyüklər də işə Xaçmaza gedir, alış-verişi də orada edirlər. Kənddə istənilən tikinti qadağandır. Buna görə də Uryanobanın Azərbaycan vətəndaşlığını qəbul edən sakinləri rayon mərkəzinə köçürlər.
Həsənquliyev də həm kəndi, həm də ölkəni həmişəlik tərk etmək istəyir, amma evi və torpaq sahəsinin sənədlərini düzəldə bilmir ki, köçəndən əvvəl onları sata bilsin.
Uryanobadan fərqli olaraq, Xraxoba sakinləri Azərbaycan vətəndaşlığını qəbul etmədilər və əksəriyyəti Rusiyaya köçdü. Azərbaycan hakimiyyəti ev və torpaq sahələrinə görə təzminat ödədi. Hələ də insanların qaldığı Uryanobadan fərqli olaraq, demək olar ki, boş qalan Xraxobada abadlaşdırma işləri aparılıb – yollara asfalt çəkilib, bütün kənd qazlaşdırılıb, təzə müasir məktəb və 30 ev tikilib.
22 noyabr 2013-cü ildə prezidentin fərmanı ilə Xraxobanın adı dəyişdirilərək Palıdlı oldu. Kənddə ölkənin müxtəlif regionlarından 30-a yaxın ailə məskunlaşdı, onların da əksəriyyəti sonradan işsizlik səbəbindən kəndi tərk etdi. Ancaq 5-6 ailə – Xraxoba-Palıdlının yeni məktəbində işləyən müəllimlərin ailələri qaldı. Bu məktəbdə yaxınlıqda yerləşən kəndlərdən avtobusla gətirilən uşaqlar təhsil alır.
Əsasən Maxaçkalaya köçən Xraxoba sakinləri Rusiya hakimiyyətindən də qayğı görmədiklərini deyirlər. “İş yoxdur, birtəhər dolanırıq, – hazırda Maxaçkalada yaşayan və Uryanobaya qohum toyuna gələn Zamir Aslaliyev deyir.
Digər sakinlər də onların Rusiya vətəndaşlığında qalmaq qərarına hakimiyyətin sərt ölçülərlə cavab verməsindən şikayət edirlər. Məsələn, onların sözlərinə görə, uşaqları məktəbə buraxmayıblar, kənd sakinlərinə isə köçmək üçün evlərini satmağa mane olublar. Azərbaycanda qohumları olanlar onlarla görüşə bilmədiklərindən şikayətçidirlər, çünki bu kəndlərin keçmiş sakinlərini Azərbaycana buraxmırlar.
Rayonun rəsmi şəxsləri bütün bunları şərh etməkdən birmənalı şəkildə imtina etdilər. Amma İcra Hakimiyyətinin adının hallanmasını istəməyən işçisi danışdı ki, Xraxoba sakinləri kəndin Azərbaycanın tərkibinə qaytarılmasına kəskin reaksiya veriblər.
“Onlar səsvermə keçirərək, Rusiya tərkibində qalmaq istədiklərini bildirdilər. Konkret separatçı fəaliyyət göstərir, kənddə Rusiya bayraqlarını asırdılar. Məhz buna görə də hökumət sərt tədbirlər görməli oldu.
“Hökumətin əməllərində qeyri-qanuni heç nə yoxdur. Bütün insanlar yaşadıqları ölkənin qanunlarına tabe olmalıdırlar. Düşünürəm ki, kənd sakinlərinə üçündən birini – Azərbaycan vətəndaşlığını qəbul etməyi və ya ölkənin miqrasiya qanununa riayət etməklə yaşamağı, yaxud da vətəndaşı olduqları ölkəyə köçməyi seçmək təklifi hüquqi baxımdan tamamilə doğrudur, – hüquqşünas Əli Hüseynov deyir.
Xraxobanın keçmiş sakini Loğman Maksimov Xaçmazda kafedə işləyir. Ailəsinin bütün üzvlərinin Azərbaycan vətəndaşı olduğu Loğman artıq özü də Azərbaycan vətəndaşlığını qəbul etmək barədə düşünür.
“Biz həmkəndlilərimizlə birlikdə əkin əkir, birlikdə məhsul toplayır, onu satıb, qazanc əldə edirdik. Hətta evləri də hamimiz birlikdə tikirdik. Biri kərpic kəsir, biri divar hörür, biri qapı-pəncərəni düzəldirdi, hamısı da pulsuz. Mənim də evim belə tikilib, – o danışır.
Xraxobanın keçmiş sakini Zamir Aslaliyev: “Evi satmaq istəmirdim. Bütün şəraiti olan o ikimərtəbəli evi öz əllərimlə tikmişdim. Bütün qapı-pəncərələr palıd ağacından idi. Amma Azərbaycan vətəndaşlığını qəbul etsəydik belə, bizə kənddə qalmağa imkan verməyəcəkdilər. Onda vətəndaşlığı niyə qəbul etməliydik axı?!
Kəməd Seyfullayev Maxaçkalaya köçənə qədər Xraxoba məktəbində müəllim işləyib.
“Adamları yolda tutub, polis idarəsinə aparır və orada bildirirdilər ki, biz burada qanunsuz yaşayırıq. Naqmet Naqmetov indiyə qədər də evini sata bilmir. Artıq beş ildir ki, ona Azərbaycana gəlmək qadağandır. Tək ona deyil, onlarla digər Xraxoba sakininə. Məsələn, Sevda İbrahimovanın atası 52 yaşında dünyasını dəyişdi, qızı isə onun yas mərasiminə gələ bilmədi, – Seyfullayev danışır.