Ermənistanda 2008-ci il 1 mart iğtişaşları qubanlarının doğmaları Robert Koçaryanın işi üzrə məhkəmədə iştirakdan imtina ediblər
Ermənistanda 2008-ci il 1 mart faciəvi hadisələri qurbanlarının varisləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan və digər keçmiş yüksək vəzifəli şəxslərin işi üzrə məhkəmədə iştirakdan imtina ediblər. Bu haqda sentyabrın 7-də onların vəkili Tiqran Yeqoryan bildirib.
Onun sözlərinə görə, qurbanların doğmaları hesab edirlər ki, məhkəmə prosesi tamaşaya çevrilib, “bəzi strukturlar isə işi sabotaj edir və həqiqi günahkarların üzə çıxarılmasına mane olur”.
“1 mart işi” 2008-ci il hadisələri ilə əlaqədardır. Bu zaman prezident seçkilərinin nəticələrindən narazı olanların nümayişini dağıdarkən silahdan istifadə edilib və 10 nəfər həlak olub.
Bu iş üzrə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan müttəhimlər kürsüsündə əyləşib, o, konstitusiya quruluşunun devrilməsində günahlandırılır.
●Ermənistanın eks-prezidenti həbsdən çıxandan sonra ilk böyük müsahibəsini verib
●Ermənistanın keçmiş prezidenti Robert Koçaryan niyə həbs edilib?
Hüquq müdafiəçiləri nə deyir?
Qurbanların varislərinin hüquqlarını təmsil edən vəkil Tiqran Yeqoryan Ermənistan hakimiyyətini bir sıra problemlərin effektiv həllini tapa bilməməkdə günahlandırıb.
“1 mart işi üzrə prokurorluq sistemli və ardıcıl istintaqda maraqlı olduğunu nümayiş etdirməyib. Nəticədə onlardan çoxu ədalət mühakiməsindən yayına bilib. Sədrlik edən hakim, deyəsən, öz hakimiyyətini ancaq zərərçəkənlərin varislərinə münasibətdə tətbiq edə bilir, buna görə də biz bu məzmunsuz tədbirdə fiziki iştirakımıza son veririk”.
Bundan başqa vəkil Milli Təhlükəsizlik Xidmətinin arxivindən 1 mart işi üzrə materialların yoxa çıxamasını sabotaj hesab edir. Ermənistanın əsas xüsusi xidmət orqanından sənədlərin yoxa çıxması haqda ilk dəfə 2019-cu ilin mayında baş nazir Nikol Paşinyan bildirib.
“Aydındır ki, materiallar geniş spektri əhatə edir”, – o zaman baş nazir vurğulamışdı.
2008-ci il martın 1-də nə baş verib?
2008-ci ildə Ermənistanda prezident seçkiləri baş tutub. Bu zaman qüvvədə olan prezident Robert Koçaryan idi, baxmayaraq ki, Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Serj Sarqsyan yeni prezident seçilmişdi. Amma o, hələ vəzifə başına keçməmişdi.
2008-ci il fevralın 18-də baş tutan seçkilərdən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi siyasi blokun tərəfdarları seçki nəticələrinə yenidən baxılmasını tələb edirdi. Onlar bildirirdilər ki, əslində Levon Ter-Petrosyan qələbə qazanıb. On gün – martın 1-ə qədər ardıcıl olaraq minlərlə insan meydanı tərk etməyib, bütün sutka boyu nümayişdə iştirak ediblər.
2008-ci il martın 1-də nümayişin dağıdılması zamanı silahdan istifadə olunub, on nəfər həlak olub – səkkiz mülki şəxs və iki nəfər polis əməkdaşı.
Koçaryan nədə günahlandırılır?
Koçaryan 2018-ci il iyulun 28-də həbs edilib. Ermənistanın keçmiş prezidenti konstitusiya quruluşunun devrilməsində günahlandırılır. Söhbət 2008-ci il hadisələrindən gedir.
2018-ci il məxməri inqilabdan sonra hakimiyyətə gələn Ermənistan hökuməti bu işə böyük diqqətlə yanaşır.
Koçaryanın vəkilləri dəfələrlə onun haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsini tələb ediblər və üç dəfə müvəkkillərinin həbsdən azad edilməsinə nail olublar. Sonuncu dəfə Koçaryan 2020-ci il iyunun 19-da apellyasiya məhkəməsinin qərarı ilə iki milyard dram [4 milyon dollara yaxın] həcmində girov hesabına azadlığa buraxılıb.
Bu, Ermənistan üçün görünməmiş məbləğdə girovdur. Baş Prokurorluq onun azadlığa buraxılması haqda qərarla bağlı kassasiya şikayəti verib, amma hələlik şikayətə baxılmayıb.
Keçmiş Ermənistan prezidentinin ittiham olunduğu “1 mart” işi üzrə məhkəmə davam edir.
2008-ci il 1 mart hadisələri baş nazir Paşinyan üçün niyə belə vacibdir?
Ermənistanda 2018-ci ilin yazında “məxməri inqilab” nəticəsində hakimiyyətə gələn baş nazir Nikol Paşinyan vəzifəyə gəlməmişdən çox əvvəl də “1 mart” hadisələrinin araşdırılmasını tələb edirdi.
2008-ci il prezident seçkilərində Nikol Paşinyan prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını təmsil edib. Faciəvi 1 mart hadisələrindən sonra müxalifətçi bir il və dörd ay kütləvi iğtişaşların təşkili ittihamına görə gizlənməli olub.
2010-cu il iyulun 1-də o, könüllü şəkildə prokurorluğa gəlib, həbs olunub və yeddi il müddətinə azadlıqdan məhrum edilib. Bir il və 11 aydan sonra Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə elan olunan amnistiyaya düşüb. Müxalifət bildirir ki, hakimiyyət beynəlxalq strukturların təzyiqi altında bu addımı atmalı olub.
Robert Koçaryan açıq şəkildə dəfələrlə bildirib ki, Ermənistanın yeni hakimiyyətinin qəti əleyhdarıdır.