“İctimai rəyi Azərbaycanın AAİİ-ə daxil olmasına hazırlayırlar” – ekspert rəyləri
Azərbaycanın AAİİ-ə daxil olması
Azərbaycanın baş naziri AAİİ Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib. Səhəri gün Azərbaycan prezidentinin köməkçisi ABŞ və Fransa səfirlərini Şuşa səfərindən imtina etdikləri üçün sərt tənqid edib. Ekspertlərin fikrincə, Azərbaycanda ictimai rəyi ölkənin Rusiyanın himayəsi altında mövcud olan Avrasiya İqtisadi İttifaqına daxil olmasına hazırlayırlar.
- Türkiyə Ukraynada nəyə nail olmağa çalışır? Bakıdan baxış
- Azərbaycan “ABŞ-ın Minsk Qrupunu “reanimasiya” etmək cəhdinə” etiraz edir
- Azərbaycan sərhədləri daha iki ay bağlı qalacaq
Avqustun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Rusiyanın himayəsi altında mövcud olan beynəlxalq təşkilatın – Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclası baş tutub. İclasın işində qonaq qismində Azərbaycanın baş naziri Əli Əsədov da iştirak edib.
Səhəri gün Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına qayıdan Şuşada keçirilən beynəlxalq konfransın işində iştirakdan imtina etdikləri üçün ABŞ və Fransa səfirlərini sərt tənqid edib.
Ekspertlərin fikrincə, bu iki hadisənin ardıcıl baş verməsi təsadüfi deyil.
“İctimai rəy hazırlanır”
İctimai fəal Bəxtiyar Hacıyevin fikrincə, səfirliklərin Şuşaya səfər etməmələrini ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi dəyərlənmısi düzgün deyil:
«ABŞ və Fransanın səfirlərinin Azərbaycandakı vəzifəsi hazırda aktiv deyil. Onların diplomatik missiyaların dövrü başa çatıb».
Hacıyev Azərbaycan prezidentinin ABŞ-ın Müstəqillik Günü münasibətilə ABŞ prezidentinə ünvanladığı məktubu xatırladıb:
«Həmin məktubda Azərbaycan Prezidenti açıq şəkildə demişdi ki, ABŞ bizim müstəqilliyimizin ilk günlərindən Azərbaycan suverenliyi və ərazi bütövlüyümüzə ən böyük dəstək verən dövlətlərdən biri olmuşdur».
O,hesab edir ki, son günlərdə ABŞ və Fransaya yönələn tənqidlər Azərbaycan Baş nazirinin Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etdiyi dövrlə üst-üstə düşməsi təsadüf deyil.
«Düşünürəm ki, Azərbaycan xarici siyasətində Rusiyanın xeyrinə müəyyən bir dönüş etmək istəyir və İctimaiyyətin rəyini buna hazırlayır. Antiqərb ictimai rəy hazırlayırlar və sonra da Rusiyanın Avrasiya İqtisadi Birliyinə inteqrasiya edəcəklər».
“Ola bilər ki, Azərbaycan bayrağı Xankəndidə də qaldırılsın”
Siyasi icmalçı Azər Qasımlı isə hesab edir ki, Azərbaycan hakimiyyətimüəyyən mənada ölkəni postputin dövrünə hazırlayır:
«Həmin dövründə də xarici siyasətin yeni strategiyanı hazırlamalıdır. Bu strategiyaya Turan birliyi, türkçülük, Böyük Azərbaycan mövzular aiddir. Ona görə də Ərdoğan Türkiyə ilə belə yaxınlaşma var. Qazaxıstan prezidentinin Azərbaycana gəlməsi, İlham Əliyevin Özbəkistana səfəri, Turanla bağlı yandaş mediasında təbliğat da baş verir.
Amma burada da risk var ki, gələn il Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğan vəzifədə qala bilməsə bu hazırlıqlar puç olacaq».
Politoloqun fikrincə, iqtidarın məhz ABŞ və Fransanın üzərinə getməsi həm bununla, həm də ki, Qərbə inteqrasiya etmək mövzusunu gözdən salmaq məqsədilə bağlıdır.
«Digər tərəfdən də Əliyevin Putinlə çox güman ki, müəyyən razılaşmalar olub və bu razılaşmalar daxilində də formal olaraq Xankəndini Azərbaycan ərazisi kimi görünməsi üçün Azərbaycan bayrağının orada dalğalanması və Prezidentin nümayəndəsinin orada oturması var, amma Azərbaycan ordusunun Xankəndinə girməsindən söhbət getmir. Bunun müqabilində sülhməramlı kontingentə Azərbaycan ərazisində hərbi bazası statusu verilməsi və ola bilsin ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması mümkündür».
“Qərbə yönələn tənqidlərin artması təsadüf deyil”
Azərbaycanın Demokratiya və Rifah Partiyasının Londonda yaşayan lideri Qubad İbadoğlu bildirib ki, hazırda baş verənproseslər ölkəni yanlış yönə aparır.
“Azərbaycan hökümətinin 25 avqustda Avrasiya İqtisadi Birliyinin baş nazirlərinin toplantısında təmsilçiliyindən, eləcə də Azərbaycan ordusunun Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərliyi ilə 1-7 sentyabrda keçiriləcək hərbi təlimlərə dəvətindən sonra Qərbə yönələn tənqidlərin artması təsadüf deyil.
Unutmayaq ki, ABŞ Konqresində erməni diasporası ilə yaxın münasibətdə olanlar ölkənin qanunvericilik tarixində heç vaxt indiki kimi böyük qruplaşmaya malik olmayıb və onların prezident adminstrasiyasına təsir gücü də yüksəkdir. Beləliklə də onlar ilk növbədə ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsində, Azərbaycanın Rusiyanın yanında qalmasında maraqlıdırlar. Odur ki, səhvə yol vermək olmaz.
Hər kəsə aydındır ki, perspektivdə Rusiya ilə bir yerdə inkişaf yoxdur, ona görə də dövlətin strateji maraqlarını cari hakimiyyət maraqlarına qurban vermək xəyanətdir, bu bizə çox baha başa gələ bilər.
Belə olan halda da son günlər baş verənlərə laqeyd qalmaq olmaz, doğru olanları açı olsa da xalqa demək və əhalini düzgün məlumatlandırmaq lazımdır”, – İbadoğlu sosial şəbəkədə yazıb.