İctimai fəal Rüstəm İsmayılbəyli şəhər mərkəzində dostlarıyla gəzərkən polis tərəfindən təqib olunduğunu deyir
İctimai fəal Rüstəm İsmayılbəyli deyir ki, dostları ilə şəhərdə gəzərkən bir neçə mülki geyimli polis onları izləyib:
“Az öncə rəsmən şəhərdən qovulduq. Qiyas, mən və daha bir neçə dost səhərdən bəri oturub söhbət edirdik. Axşam bir az da çoxalanda artıq formalı polislər ətrafımıza yığışmağa başladı. Elə-belə gəzirdik, McDonald’s’ın qabağına gələndə ratsiyadan polislərə “toplaşın” dedilər, artıq qaça-qaça bəlkə bir 45-50 nəfər formalı polis gəldi, düz arxamızca qol-qola gəzirdilər. Bu anda aksiyalardan tanıdığımız bir neçə əməliyyatçı da gəldi yanlarına”.
Rüstəm onu da əlavə edir ki, polislər bir neçə fəal və jurnalisti birarada gördüyü üçün, onların aksiya etmək istədiklərini düşünüb və buna görə də onları izləyiblər:
“Biz 7 nəfər idik, yəqin ki, görəndə ki, Qiyas, mən, digər aktivist yoldaşlar və bir neçə jurnalistin şəhərdəyik elə biliblər ki, nəsə aksiya var.Biz aksiya olmadığını başa sala bilmək üçün malakana keçib oturanda bizi mühasirəyə aldılar, metroya girdik, orada da izlədilər. hətta qiyasla neftçilərə gəldik, neftçilərdə bizi dostlar qarşıladı, orada belə, formalı polis telefonla danışaraq bizi izləyirdi, məruzə edirdi və daha bir neçə mülki gözünü zilləmişdi”.
Bakı Dövlət Universitetinin tələbəsi Rüstəm İsmayılbəyli “Tələbə tələbi” hərəkatının yaradıcısıdır. O, iyunun birində təhsil haqlarının ləğvi üçün bir qrup tələbə ilə Təhsil Nazirliyinin önündə təşkil etdiyi aksiyaya görə 15 sutka həbs edilmişdi. Tələbələr həm də, pandemiya dövründə yataqxana ödənişlərinə də güzəşt tələb ediblər ancaq bu tələb təmin edilməyib. Rüstəm iyunun 16-da azadlığa buraxılıb.