Hər beşinci ailədə yemək borc pulla alınan ərzaqlardan bişirilir
Gürcüstanın yarısından çoxu yemək almaqla bağlı maliyyə çətinliyi yaşayır, hər beşinci ailədə isə yemək borc pulla alınan ərzaqlardan bişirilir.
Bu və başqa maraqlı məlumatlara “Oksfam” Beynəlxalq Xeyriyyə Təşkilatının 2016-cı ildə apardığı tədqiqatda (“Gürcüstanda milli qidalanma tədqiqatı”) rast gəlmək olar:
Nə yeyirik?
- Gürcüstan əhalisinin yarısından çoxu eyni cür və ya orta müxtəlifliyi olan yeməklə qidalanır.
- Bu qrupa aid ailələrin gündəlik rasionu əsasən, yarmalar və tərəvəzdən ibarətdir.
- Əksəriyyəti baha olduğuna görə meyvə və ət ala bilmir, bu ərzaqları yüksək gəliri olan ailələr ala bilir.
- Sorğu iştirakçılarının məlumatlarına görə, son 24 saat ərzində qəbul olunan qidaların təhlili göstərir ki, respondentlərin cəmi 34%-i ət, 46%-i də meyvə yeyib.
- Sorğu iştirakçıları qidada xüsusi məhrumiyyətlər yaşadıqları ən böhranlı dövr kimi fevral, mart və aprel aylarını göstərdilər.
- Əksər sorğu iştirakçıları daha çox üç növ ərzaq və yemək qəbul edir: 1) qızartma kartof; 2) lobio və 3) acabsandal.
- Aşağı gəliri olan ailələr qidanın 68%-ni tərəvəzdən, yuxarı gəliri olan ailələr isə yeməyin 73%-ni ətlə hazırlayır.
- Gürcüstan əhalisinin əksəriyyəti karbohidrat əsaslı yemək yeyir və tərkibində böyük miqdarda zülal, vitamin və mineral olan yeməkdə korluq çəkir.
Necə alırıq?
- Sorğu olunanlar arasında hər üçüncü ailə ərzaq almaq üçün pul tapmaqda çətinlik çəkir.
- Hər beşinci ailə borc aldığı və ya bankda kredit götürdüyü pulla ərzaq alır.
- Orta gəlirli ailələrin aylıq 575 lari pulu olur. Bunun demək olar ki, yarısı qida məhsullarına xərclənir.
- Orta büdcəsi olan ailələrin gəliri 219 lari təşkil edir. Bunun da 65%-i və ya 142 lari yeməyə xərclənir.
- Yüksək gəliri olan ailələrin aylıq gəliri 1421 lari təşkil edir. Bunun da ancaq 35%-i (492 lari) yeməyə xərclənir.
Yaşlılar və yeniyetmələr
- 53% tənha təqaüdçülər pulun azlığından dəmirlə zəngin olan ərzaq qəbul etmək imkanından məhrumdurlar. Onlardan cəmi 24%-i ət ala bilir.
- 10-17 yaşlı yeniyetmələrin 50%-dən çoxu zülal və vitaminlərlə zəngin ərzaqları lazımi miqdarda qəbul edə bilmirlər. Yetkinlik yaşına çatanlarla müqayisədə yeniyetmələr daha az tərəvəz, yağ və süd məmulatları və əksinə, daha çox meyvə yeyirlər.
Gürcü sayağı sağlam qidalanma
- Sağlam qidalanma barədə məlumatı əhali əsasən iki kanalla alır – televiziya vasitəsiylə və “ağızdan ağıza”.
- Cəmi 29% respondent sağlam qidalandığını hesab edir.
- Əksər respondentlər hesab edir ki, sağlam qidalanma daha çox tərəvəz yeməkdən ibarətdir.
- Hər beş sorğu iştirakçılarından biri ailə üzvlərinin qida zəhərlənməsi ilə üzləşdiyini bildirib, düzdür bu zaman həkimə çox nadir hallarda müraciət ediblər.
- İstifadə edilən ərzaqların böyük hissəsi xarici mallardır.
- Eyni zamanda istehlakçıların böyük hissəsi Gürcüstan məhsullarını daha təbii və sağlam sayır, xarici məhsulları isə ucuz olduğu üçün alır.