HRW Azərbaycan hakimiyyətindən azad sözə qarşı zorakılığı dayandırmağı tələb edib
Human Rights Watch beynəlxalq təşkilatı Azərbaycan hakimiyyətindən azad sözə qarşı təhdidi və zorakılığı dərhal dayandırmağı tələb edib. HRW öz materialında son zamanlar Azərbaycanda müstəqil jurnalistlərin və siyasi fəalların hüquqlarının pozulmasına dair bir neçə faktı qeyd edib.
- “Kriminal dövlət istəmirik”. Bakıda etiraz aksiyası baş tutub, onlarla iştirakçı saxlanılıb
- Azərbaycanlı bloqerə 28 sutka həbs, “Sərhədsiz Reportyorlar” ona azadlıq tələb edir
- “Media haqqında” qanun Azərbaycan və Avropa İttifaqı arasında müzakirə mövzusuna çevrilib
“İnsan Haqları Evi Fondu Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və fəallara qarşı təhdid və zorakılıq dalğasından, o cümlədən də dövlətin bunlarda əlinin olması və hakimiyyətin günahkarları operativ şəkildə məsuliyyətə cəlb etmək iqtidarında olmaması ilə bağlı etibara layiq ittihamlardan narahatdır. Biz Azərbaycan hakimiyyətini jurnalistlər və digər hüquq müdafiəçiləri üçün təhlükəsiz mühit yaratmağa, onlara qarşı təhdid və zorakılıqda günahı olanların tam məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırıq”.
Bu haqda Human Rights Watch beynəlxalq təşkilatının saytında dərc olunmuş “Azərbaycan dərhal söz azadlığına qarşı təhdid və zorakılığa son qoymalıdır” başlıqlı məqalədə deyilir.
Materialda vurğulanır ki, 2022-ci il mayın 8-də naməlum şəxs müstəqil jurnalist Aytən Məmmədovaya hücum edib: “Məmmədova təqsirləndirilən şəxsin hakimiyyət tərəfindən işgəncəyə məruz qaldığını bildirdiyi qətllə bağlı səs-küylü məhkəmə prosesini işıqlandıran azsaylı jurnalistlərdən biridir”.
Azərbaycanın vətəndaş cəmiyyəti Məmmədovaya hücumu “söz azadlığına hücum” kimi dəyərləndirib – HRW qeyd edib.
“Bu yeganə belə hadisə deyil. Getdikcə daha həyəcanlı hal alan vəziyyət ondan ibarətdir ki, Azərbaycanda azad söz müdafiəçiləri, araşdırmaçı jurnalistlər və media nümayəndələri zorakılıqla, təhdidlə və sərt münasibətlə qarşılaşırlar”, – məlumatda deyilir.
Bundan başqa hüquq müdafiə təşkilatı jurnalistlərin və siyasi fəalların hüquqlarının pozulduğu bir neçə konkret fakta diqqət çəkib:
“Yerli hüquq müdafiəçilərinin məlumatına əsasən, 2022-ci ilin fevralında müstəqil jurnalist Fatimə Mövlamlı və Sevinc Sadıxova Bakının mərkəzində reportaj hazırladıqları zaman təhqirə və fiziki zorakılığa məruz qalıblar. Bu hücumlardan sonra polis hər iki jurnalisti qanunsuz olaraq dörd saat saxlayıb. Mövlamlı Azərbaycanda ən çox təqib olunan jurnalistlərdən biridir və o, bir neçə dəfə qanunsuz saxlanılıb, təqib olunub və döyülüb.
2022-ci ilin martında vətəndaş cəmiyyəti fəalı İmran Əliyev 20 saat ortadan yox olub və bu zaman DİN MCMBİ-də saxlanılıb. İmran Azərbaycan parlamentinin işinin monitorinqi və işıqlandırılması üzrə vətəndaş təşəbbüsü olan meclis.info saytının yaradıcısıdır.
Tanınmış ictimai fəal və keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev DİN-i 2022-ci ilin aprelində onun oğurlanmasının təşkilində ittiham edib. Hacıyev bildirir ki, onun oğurlanması və işgəncələrə məruz qalması daxili işlər naziri Vilayət Eyvazovla bağlı tənqidi ilə bağlı təhdid xarakteri daşıyır. Əvvəlki illərdə Bəxtiyar dəfələrlə təqibə məruz qalıb”.
HRW bildirir ki, azad media və fikirlərin açıq ifadəsi ideyaların müzakirəsi üçün həlledici əhəmiyyət kəsb edir. Bu, demokratiyanın təməl daşıdır.
“Azərbaycanda hakimiyyət ifadə azadlığını və müstəqil vətəndaş cəmiyyətini boğmağa davam edir. Üstəlik, vətəndaş cəmiyyətinin etibara layiq hesabatlarında ifadə azadlığına qarşı hücumların məsuliyyəti hakimiyyətin üzərinə qoyulur. Bu hücumlar öz növbəsində çox vaxt cəzasız qalır.
Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının və Beynəlxalq Vətəndaş və Siyasi Hüquqlar Paktının iştirakçısı olaraq qalır. Bu razılaşmaların iştirakçısı kimi Azərbaycan ifadə azadlığını və hüquq müdafiəçilərinin müdafiəsini təmin etməlidir.
İnsan Haqları Evi Fondu Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərini yerinə yetirməyə, jurnalistlərə və digər hüquq müdafiəçilərinə qarşı təhdidlərə və zorakılığa dərhal son qoymağa, onlara qarşı törədilmiş cinayətlərin operativ və hərtərəfli araşdırmasını aparmağa çağırır”, – Human Rights Watch təşkilatının məlumatında deyilir.