“Səhərə qədər rəqs edəcəm. Və döymə döydürəcəm”, - bakılılar karantindən sonrakı planları ilə bölüşürlər
Azərbaycanda karantin mayın 31-ə qədər uzadılıb və hələ məlum deyil ki, bu müddət başa çatandan sonra ölkə karantindən çıxacaq, ya yox. Amma bakılılar artıq xəyallar və planlar qururlar. Bəziləri əvvəlki həyat tərzinə qayıtmaq, bəziləri isə əvvəllər ertələdikləri şeyləri də həyata keçirmək arzusundadır.
Leyla Axundova, 41 yaş, humanitar təşkilatın kuratoru:
“Karantindən sonra evdən çıxacam. Və uzun saatlar boyu sadəcə irəliyə doğru gedəcəm. Dodağımı alqırmızı pomada ilə boyayacam. Dostlarla kofe içməyə gedəcəm. Barlara baş çəkəcəm. Səhərə qədər rəqs edəcəm. Və döymə döydürəcəm”.
Vaqif Abbasov, 38 yaş, tarix müəllimi:
“Elə şeylər var ki, həmişə sonraya ertələyirsən. “Həmişə edə bilərəm” və ya “ən yaxşısı evdə oturmaqdı” deyirsən. Amma sonra alınmaya da bilər.
Karantindən sonra kinoya gedəcəm, çoxdan bəri cəsarət etməli olduğum insanla. Daha doğrusu, özümə imkan verməli olduğum. “Yuvamdan” daha çox çıxacam”.
Natavan Vahabova, 38 yaş, fotoqraf:
“Düzü, mən qaydaların “vicdansız pozucusuyam”, odur ki, karantin həyatıma xüsusi təsir göstərməyib – mən yenə də gəzirəm, dostlarımın evinə qonaq gedirəm, hətta bağlı olan vaxtlarda park ərazilərinə keçirdim.
Amma mənim Moskvada çoxdan uşaq arzulayan rəfiqəm yaşayır, o, nəhayət ki, hamilədir. Buna görə də uçuşlar yenidən bərpa olunanda mən ilk növbədə onun yanına uçacam.
Bir də üzməyi çox sevirəm və karantindən az əvvəl hovuza yazılmışdım. Elə məyus oldum ki, hovuz bağlananda. Səbirsizliklə yenidən üzə biləcəyim vaxtı gözləyirəm”.
Kamran İsmayılov, 55 yaş, jurnalist:
“Mənim “karantin sonrası” arzularımdan biri həyata keçdi, nəhayət, saçımı qırxdırdım. Yaxşı ki, mayın 4-dən bərbərxanalar yenidən işləyir, yoxsa, bir az da belə davam etsəydi, başımı keçəl qırxacaqdım.
Sərhədlər açılanda isə Tbilisiyə gedəcəm. Demək olar ki, işlə bağlı hər ay ora gedirdim, artıq çox darıxmışam. Əla pivəsi və musiqi avtomatı olan sevdiyim paba gedəcəm. Belə avtomatlara indi nadir yerlərdə rast gəlmək olur. 1 larilik qəpik atırsan və mahnı seçirsən. “The Doors” qrupunun “Spanish Caravan” mahnısını qoyacam”.
Zemfira Əliyeva, 65 yaş, pensiyaçı:
“Çox istəyirəm bağa gedim, bağla məşğul olum. Çox darıxmışam bunun üçün. Axı indi yaşlı insanlara ümumiyyətlə küçəyə çıxmaq qadağan olunub.
Mən əvvəl gündə iki saat gəzərdim. İndi isə ancaq pəncərədən dənizə və yaşıllaşan ağaclara baxıram. Özümü məhbus kimi hiss edirəm.
Küçədə isə yaz gəlib. Çox məyus oluram. İstəyirəm ki, alışdığım və mənim üçün önəmli olan şeylər – bağ, yaşıllıq, təbiət, gəzintilər, hərəkət, azadlıq tezliklə geri qayıtsın”.
Ər-arvad Fərid Abdulov (28 yaş, müəllim) və Səbinə Abbasova (28 yaş, memar):
“Karantindən sonra biz bir neçə aylıq ölkənin şimalına – Zaqatalaya getmək və orada ev tikmək, ilk birgə bağımızı salmaq istəyirik. Düzdür, inşaat üçün pulumuz praktiki olaraq yoxdur, amma biz özümüz fəhləlik eləməyə hazırıq.
Yazdan başlamaq arzusundaydıq, amma pandemiya planlarımızı ləngitdi və bununla yanaşı imkan verdi ki, şəhər həyatına, bizim məişətimizə, işimizə, evimizə bir qədər fərqli baxaq. Karantindən sonra həyatımızı hazırda yaranan ritmlə davam etdirmək həvəsi baş qaldırıb – tələsmədən, işə ayrıdığımız qədər evə, asudəçiliyə də vaxt ayıraraq. İstəyirik evdə daha çox olaq, bir kafedən o birinə gedərək şəhərin mərkəzində daha az zaman keçirək və diqqəti şəxsi inkişaf üzərinə cəmləyək”.