23 gündür həbs edilən jurnalist Ülviyyə Əlinin (Quliyeva) anası İlhamə Quliyeva qızının vəziyyətindən narahatdır. “JAMnews”a danışan ana bildirir ki, bu müddət ərzində Ülviyyə hələ də tibbi müayinədən keçməyib.
Ülviyyə Əli 2024-cü il mayın 7-nə keçən gecə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılıqla saxlanılıb, işgəncəyə məruz qalıb. Həmin gün evində axtarış aparılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Jurnalist saxlanıldığı gündən etibarən vəziyyətinin ağır olduğunu bildirib. “JAMnews”a göndərdiyi məktubunda yazır ki, saxlanıldığı zaman ona qarşı tətbiq olunan zorakılığın fəsadları davam edir: “Hər gün başağrısı, ürəkbulanma, başgicəllənməsi və göz qaralması yaşayıram. Şübhələnirəm ki, zorakılıqdan sonra səhhətimə daha ciddi zərər dəyib”.
Ülviyyə Əli | foto: şəxsi arxivindən
İlhamə Quliyevanın sözlərinə görə, bu müddət ərzində üç dəfə Ombudsman Aparatına şikayət ünvanlayıb. Lakin heç birinə rəsmi cavab verilməyib. Sonuncu zəng zamanı isə ona bildirilib ki, “müraciətə yalnız 15 gün ərzində cavab verilə bilər”.
“Təcili tibbi yardıma ehtiyacı olan bir insana 15 günə cavab veriləcəyini demək – bu, mənimlə, qızımla, insan həyatı ilə məsxərədir. Mənim uşağım türmədə ölməlidir?” – anası sual edir.
Ülviyyə Əlinin həbsi Azərbaycanda müstəqil jurnalistlərə qarşı artan təzyiqlərin davamı kimi qiymətləndirilir. 2024-cü ilin dekabrında “Meydan TV” ilə bağlı başlanan və “Meydan işi” adlandırılan istintaq çərçivəsində artıq doqquz jurnalist həbs olunub.
Onlara qarşı “qaçaqmalçılıq” ittihamı irəli sürülüb. Həbs olunan jurnalistlər arasında Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı, Şəmşad Ağa, Nurlan Libre və Fatimə Mövlamlı da var.
“Meydan TV” bəyan edir ki, bu həbslər qurumun və əməkdaşlarının tənqidi jurnalistika fəaliyyətinə qarşı yönəlib.