Həbsxanadan məktublar: Yuxunun reallıqdan üstün tutulduğu məkan
Anastasiya Loqvinenkonun şəkli
Yuri Sarkisyanın ikinci məktubu
Güllələnmə! Qara mantiyalı məmur belə qərar verdi: sətirlər üzərində gəzişən laqeyd, amma qərəzli baxış; ölüm püskürən ağız… Qollarıma taxılan polad “bilərziklər” tamaşanın yekunudur. Ədalət qəfəsi sonsuz ümman kimi açıldı. İnsanlar ayaq üstə alqışlayırdı, onlar ölüm tələb edirdi, tələblərinə də nail olmuşdular. Mən bir dəfə də olsun dönüb zala – qisas hissinin əydiyi sifətlərə baxmadım. Sonra küncləri hamarlanmış pentaqram formasında həbsxana hücrəsi. Hərçənd orada heç də hər şey hamar deyil…
İyirmi üç ildir ki, hər gün özümə sual edirəm – mən necə ancaq şərti olaraq “həyat” adlandırılan bu yasamın içinə düşmüşəm? Nə şəfəqlər, nə qürublar, nə emosional yüksəlişlər, nə də enişlər, il, gün, saat bölgüsü olmayan – yuxunun reallıqdan daha üstün tutulduğu bu məkanda…
Yeganə oğluna görə atamdan pul istəmişdilər. Amma bunun üçün toplanmış pulu taleyin oyunu ilə başqa canilər qocanı qəsb edərək oğurladılar. Məni isə diri-diri basdırdılar.
Dəmir darvazanın qarşısında mən sevdiyimin gözlərində əks olunan günəşə son dəfə baxdım. Bu təxəyyülün mənimlə oyunumu idi, yoxsa o doğrudan da mənə baxırdı? Önəmli deyil. Əsas odur ki, mən inandım. Bu, həyatda qalmağıma, yalnız öz həyatımın və azadlığımın dəyərini deyil, həm də istənilən şəraitdə geriyə dönüşü olmayan addımlardan çəkinməyi dərk etməyə kömək oldu. Həyatda isə hər ola bilir…
Bəs hər şey nə zaman başlayıb? Tərxis olunub, qeydiyyata düşəndən sonra zəlzələ rayonuna göndərildim [1988-ci ildə Ermənistanda güclü zəlzələ olmuşdu. Rəsmi məlumatlara görə, bu zəlzələdə 25 min nəfər həlak olub, yarım milyon nəfər ev-eşiksiz qalıb]. Missiyanın sonunda Novosibirsk Su Nəqliyyatı Mühəndisləri İnstitutunun İqtisadiyyat Fakültəsinə daxil oldum, eyni zamanda Qafqaz, Moskva və Sibir regionlarında vasitəçilik biznesi ilə məşğul olmağa başladım.
Amma “ilk yapılan çörək kütə getdi”: reketlərlə bir toqquşma, sonra növbəti toqquşma… Yerin sülh yolu ilə fəthini bir kənara qoymalı oldum. Bir növ anti-reket təşkil etdim, digər iş adamlarına mümkün itkilərdən qorunmaları üçün kömək etməyə başladım. Qısa müddətdə müştərilər arasında nüfuz və etibar qazandıq.
Müəyyən bir məqamda sayıqlığımı itirdim və birja oyunçularının toruna düşdüm və ümumi topladığımız məbləğin xeyli hissəsini itirdim. Şəriklərimdən bir kəlmə də qınaq eşitmədim, amma dostluğumuz başa çatdı.
Bir müddətlik Yerevana getdim. Sonra n gözlənilməz zəng gəldi. Keçmiş dostlarıma “atmışdılar”, həm də yetərincə böyük məbləğdə: Yerevanın valyuta dəllalları onlara saxta pul soxuşdurmuşdu. Ağır nəticələrə səbəb olacaq “razborka” gözlənilirdi, mən isə buna yol verə bilməzdim. Dəllallarla görüşdüm, onlar da problemin dinc yolla həllinə razılaşdılar. Əvvəlcə hır şey belə də gedirdi, “atanşiklərin” qaytarmağa boyun olduqları pulların olduğu mənzil də bəlli idi. Bundan sonrası korlandı. Tapançanın nişangahında olduğumun fərqinə vardığım zaman artıq düşünəcək bir şey qalmamışdı və hücum edən hər iki şəxsi güllələdim. Qaçmalı və yarım il gizlənməli oldum.
Bu faktlardır: onları izah etmək və ya haqq qazandırmaq olmaz. Həyatımızda başqalarının ziyanına yönəlmiş bütün addımlarımız kimi. O zaman məhkəmə zalında dul qalmış qadınların, yetim qalmış uşaqların çığırtıları eşidilirdi… [pullquote align=”right”] Müdafiə olunmağa məcbur qaldığımı sübut etməyə cəsarətim çatmadı. [/pullquote]
Nümunəvi sovet vətəndaşı tələblərinə uyğun gələn cavan oğlan necə oldu ki, dərə aşağı yuvarlandı? Bilmirəm. Heç vaxt məsuliyyəti ətrafdakı vəziyyətin üzərinə yıxmaq meylim olmayıb, nə bilim “dağılmaz ittifaqın” ancaq xarabalıqları qalmışdı və sair və ilaxır.
Axı dağılan İttifaq deyildi – insan özü dağıldı: keçmiş və gələcək arasında, ilğım və həqiqət arasında. İlk və yeganə sovet prezidenti yenidənqurma elan etdi və bu da əsasən bizim beyinlərimizdə baş verirdi. Bəziləri bacardı, çoxları macal tapmadı. Milli münaqişələr, Əfqanıstandan qaçış, Şərqi Almaniyanın itirilməsi… bütün bunlar dünyanın sonu kimi qəbul edilirdi.
Əksəriyyət üçün kommunist partiyası hələ də forpost idi, hətta SSRİ Konstitusiyasının 6-cı maddəsinin (SİKP-in rəhbər rolu haqda) ləğvinə belə baxmayaraq. Əlbəttə, reallıq daha aydın olmadı: musiqi eyni qaldı, sözlər dəyişdi. Xalq ölü idollara sitayiş etməkdən qurtuldu, vəssalam. Əvəzində yeni kumirlər yaratmağa qoyuldu…
Artıq həbs olunmuş şəxs kimi Ermənistan sərhədini keçərkən, yenidən faciənin eybəcərləşdirdiyi dağətəyini gördüm. Sanki dağların dəhşətli nalə çəkərək, torpağı ayağımın altındın sıyırdığını hiss etdim. Bir
anın içinə minlərlə ömür sığdı, göz yaşı selə döndü və çoxlu-çoxlu məzar daşları sıralandı…
1988-ci ildə iki il xidmətdən sonra dostumla evə qayıdırdıq. Dekabrın 7-də hələ yolda idik. Doqquzunda Tbilisiyə çatmışdıq. Paytaxt matəm içində idi. Yalnızca qonşulara görə yox. Sarsıntıların miqyası təsəvvür imkanlarını zorlayırdı. Stereotiplər, inam, binalar dağılıb toz olmuşdu. Şövqlə yaradılmış hər şey məhv olmuşdu. Bunun ardınca gözün açılmazsa, frustrasiya başlayır.
Ümidləri boşa çıxan insan göz önündə sözün həqiqi mənasında darmadağın olur. Beynim “sabun köpüklərinin partladığını” qavraya bilmirdi. Siyasi fırtına qarşısına keçəni sovururdu: şəhərləri, kəndləri, taleləri alt-üst edir, zamandan keçərək imperiyanı, quruluşu, ideyaları heçliyə qovuşdururdu.
Qısa zaman kəsiyində planet tamamən dəyişdi. Qorxunc parçalanmalar yalnız yeri bürüməmişdi. Onlar havada – vaxtilə nəhəng ölkəyə aid olan insanların ruhlarında, qəlblərində və beyinlərində bərq vururdu. Böyük ailə xalqın dostlarına və düşmənlərinə bölündü… Biz sadəcə çarəsizlik görürdük və özümüzü də itirməmək üçün Spitakın dağıntıları altında insan qalıqlarını axtarmağa getdik.
Sonrakı hadisələr kabusdakı kimi cərəyan edirdi. Biriləri xilas edir, digərləri varlanırdı. Heç kim sağ qalanların ziyanını kompensasiya etmək niyyətində deyildi. Bir çox hallarda bu sadəcə mümkün deyildi. 1988-ci il dekabrın 7-də Ermənistan torpağını alt-üst edən yeraltı təkanlar sakinlərin inamını, qəlblərini və beyinlərini parçalamağa davam edirdi.
Artıq heç nə erməniləri ayaqlarının altındakı torpağın möhkəmliyinə əmin edə bilməzdi. Ordudan qayıdan bizi orduya göndərən dünyadan tam başqa bir dünya qarşılayırdı. Sonra başqa dağıntılar da oldu, başqa insanlar, müxtəlif talelər. Nə cürsə yaşamaq lazım idi, başqalarına mane olmadan, başının üstündə bir parça səmanı qoruyaraq. Amma alınmadı, bağışlayın…
Ardı var
Müəllifin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun özünə məxsusdur, JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış hesab olunan və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.