Həbsxanadan məktublar: şirin arzunun acısı
Anastasiya Loqvinenkonun rəsmi
Bu, Yuri Sarkisyanın növbəti məktubudur
Əvvəlki məktublar:
Tikanlı məftilin o yanı və bu yanı və bütün müqəssirlər
Yuxunun reallıqdan üstün tutulduğu məkan
İnsanın kim olduğunu bilmək istəyirsənsə, onun özü, başqaları və kainat üçün nə arzuladığını xəbər al. Detallarıyla. Axı arzu qəlbin istəkləridir, bu günün sonu isə adətən arzunun buxovlarıdır. Bu sualı həmişə özümə, yaxınlarıma və yadlara verirəm. Kim məqsədinə nə dərəcədə yaxındır və ya ondan nə qədər uzaq dayanıb. Hakimlər və prokurorlara baxanda da eyni şeyləri düşünürəm: arzuları həyata keçirərkən, bu həyatı kiminsə əlindən almaqla və ya onu bağışlamaqla hansı xülyalarla yaşayırlar?
Bəs məhbus? İllərlə, on illərlə şirin azadlıq arzusundadır. Yuxusunda ona çatır, oyanandan sonra isə itirir. Orada hər yaşadığım gündə, hər bir insanda, hətta həyat yoldaşımda məni nə gözlədiyini bilirəm. Məndən necə uzaq qaçacaqlarını, sonuna qədər inanmayacaqlarını təsəvvür edirəm. Bax, budur azadlığın acısı, ona aparan yol bizim qorxularımız və komplekslərimizlə doludur. Amma bu, mənim problemlərimdir və onları həll etməyə hazıram.
Vaxtından əvvəl şərti azadlığa çıxmaqla bağlı məhkəmə dördüncü aydır ki, uzanır. Boş zala boylanaraq, öz gələcəyimi görürəm. Nə qohumlar var, nə dost var, nə də düşmən – ancaq ittiham edənlər və bəraət qazandıranlar var.
Həbsxananın dəmir barmaqlıqlarından əvvəl mənəvi barmaqlıqlar gəlir. Hələ nisbi azadlıqda olan insan əsarətin kabusuna çevriləcək vəziyyəti yaradır. Özümüz də hiss etmədən çox vaxt uçurumun kənarında dayanırıq. Tez-tez də həmin uçuruma düşürük. Heç olmasa bir faciənin qarşısını necə ala, özünü və başqasını fəlakətli, bəzən həyatın bahasına başa gələn səhvdən necə saxlaya bilərsən?
Adi gün, 19 mart 1994-cü il tarixi faciəylə nəticələndi. Üç insan həyatının yol ayırıcısında dayanmışdı. Hər birimizin son ana qədər seçim imkanı varıydı – hər birimiz də öz ziyanımıza işləyən seçimi etdik. Həyatın əks üzünü gördük. İyirmi dörd ildir ki, baş verənləri qaytarmağın və dəyişməyin mümkünsüzlüyünü bilə-bilə həmin o qorxulu günün xülyasından yapışıram. Keşkə görüşü təyin etməsəydim?.. Keşkə üstümdə silah olmasaydı?.. Keşkə atəş açmasaydım?… Keşkə…
Amma bütün bunlar baş verdi. Ən gözlənilməz və ağlasığmaz bir şəkildə. İndi heç bir sevinc hissini tam dolğunluğuyla yaşamayacaqsan, çünki bu sevinci əlindən aldığın insanları xatırlayacaqsan; öz əlinlə işığını söndürdüyün gözləri xatırlayıb, heç kimin gözünün içinə baxa bilməyəcəksən. Aldığın ömürlərin məsuliyyət yükü həmişə üzərində olacaq.
Qaranlıq kamera insanları dəyişmir, sadəcə artıq mövcud keyfiyyətlərin üzə çıxmasına xidmət edir: yaxşı bir az da yaxşılaşır, pis daşıyıcısını məhv edir. Təəssüf ki, bu, yaxşılaşmağa doğru aparan yol deyil. Ümid olmayan yerdə bu, heçliyə aparan yoldur.
2017-ci ilin dekabrın ortalarında mən vaxtından əvvəl şərti azadlığa çıxmağa təqdim olundum. Müstəqil komissiya rədd etdi və iş məhkəməyə keçdi. Müxtəlif bəhanələrlə təxirə salınan dörd iclas baş tutdu.
Ermənistanda ömürlük həbsə məhkum olunan insanın azadlığa çıxmasının presedenti olmayıb – indiyə qədər bu, vəziyyətin qurbanları olan müttəhimlərlə, onların yaxınlarından başqa hamını qane edib. Vaxtından əvvəl şərti azadlığa çıxmaq şansı olan hər bir namizəd möcüzə gözləyir. Mən də onu gözləyirəm.
Heç kim keçmişimdəki qara səhifələri silə bilməyəcək. Qətl hadisəsini unutmaq, ona bəraət qazandırmaq, bağışlamaq və ya bədəlini ödəmək mümkünsüzdür. Mən onu iyirmi altı yaşım olanda törətmişəm. Məhkəmənin sadəcə seçimi yoxuydu: öldürənə ölüm. Və mən öldüm. Öz divanəliyimdə, yaxınlarım və yadlarım, özüm üçün öldüm. Bu halda ədalət qalib gəldi: yerdəki məhkəmə isə sadəcə göylərin çıxardığı hökmü səsləndirdi.
İnsanlara hər şeydən: yerdəki və göydəki hakimiyyətdən, ətrafından və daxili vəziyyətindən şikayət etmək xasdır. Bizə həmişə elə gəlir ki, hər şeyin ən yaxşısına layiqik, başımıza gələn pislikləri isə qara qüvvələrin ayağına yazırıq. Amma necə deyərlər, həyat 10% başımıza gələnlərdən və 90% bizim buna necə reaksiya verməyimizdən ibarətdir.
Vaxtından əvvəl azadlığa çıxmaqla bağlı müstəqil komissiya üzvləri, prokurorlar və həbsxana işçiləri – onların hamısı məhkum olunana inanmaqdan imtina etməkdə haqlıdırlar: onlara belə rahatdır! Onların hər biri həqiqətin ancaq bir üzünü görür və bu, qatildir. Heç kim xırdalıqlara varmaq, nüansları nəzərə almaq istəmir… Onlara belə rahatdır! Və onlar öz seçimlərini – özlərinə və başqalarına zərər yetirən seçimlərini edir. Eynən qatilin etdiyi seçim kimi.
Komissiya rədd cavabı verəndən sonra təkrar haqqı verilir. İl yarım keçəndən sonra. Məhkəmənin rədd cavabı gözləntilərini üç il də uzaqlaşdırır. Bu müddət ərzində iyirmi ildə olmayan nə baş verə bilər ki? Adi insanın mələyə çevrilməsi üçün hansı ən yeni texnologiyaları işə salmaq niyyətindədirlər? Və hansısa dəqiq meyarlar varmı ki, onlara cavab vermək bizim azadlığa çıxmağımıza zəmanət verəcək?
Bu, sualın cavabdan daha vacib olduğu həmin o vəziyyətdir. Çünki hər şey müttəhimin şəxsiyyətinə deyil, onun taleyinə görə cavabdeh olanların şəxsi rahatlıq zonasına söykənir.
“İnsan-buxovlar” vəziyyəti dərrakəmizi hər şeydən: Allahdan, insanlardan, ətrafdakı vəziyyətdən mühafizə reaksiyası qəfəsinə salır. Sən də daimi özünə bəraət qazandıraraq, böyük və kiçik sevinclərə, emosiya və hisslərə, şəxsi fikrə olan haqqından yapışaraq yaşayırsan; sağ qalmağı və hər şeyə rəğmən insan olmağı öyrənirsən – həbsxanada sağ qalmağı öyrənirsən.
Azadlıqda yaşamağa isə ancaq azad olunandan sonra öyrənə bilərsən. Buna görə də məhkəməyə, məsələni hərtərəfli araşdırmağa və obyektiv qərar – yenidən azad olmağıma, ər, ata və dost olmağıma; sizin aranızda olmağıma imkan verən qərar qəbul etməyə qadir hakimin təcrübəsinə müraciət etdim. Bu gün əlli yaşım var. Bu qədər pislik edən insana inanıb, düzgün seçim etmək çətindir. Amma seçimdən qaçmaq da mümkün deyil.