Həbsxanadan məktublar: Gələcək varsa, gözəldir
Anastasiya Loqvinenkonun şəkli
Yuri Sarkisyanın üçüncü məktubu
İl bitmək üzrədir. Həbsdə də, azadlıqda da demək olar ki, eyni cürdür. Ən pis əndişələrin reallaşmadığına sevinirik. Çin olmayan ümidlərə görə qəmlənirik. Xəyallar qurmuruq! İndiyə qədər Ermənistanda hələ heç bir ölüm hökmünə məhkum olunan azad olunmayıb. Çıxılmazlıqdan, sabah da onların səmasında günəşin çıxmayacağına görə ölürlər.
Ömürlük həbsə məhkum olunanları hələ də rədd edilmişlər kateqoriyasına aid edirlər və onlara ikinci şans verməyə hazırlaşmırlar. Şərti olaraq vaxtından əvvəl azad etmə üzrə “müstəqil” komissiya sırf cinayət işimizə aid olan faktları əldə rəhbər tutaraq, haqqımızda istənilən müsbət informasiyanı iqnor edir.
Məhbuslarla tərbiyə işlərinin aparılmasına görə cavabdeh olan xidmətlər öz vəzifələrinin öhdəsindən gəlmir. Buradakı reallıq heç cür məhkumların resosiallaşmasına xidmət etmir və ancaq həbsdə yaşamağı öyrədir. Bizim özümüz administrasiyanın buna mane olmaqla bağlı bütün cəhdlərinə baxmayaraq, bu buxovlardan azad olunmağa çalışırıq.
Ermənistanın bu qədər can atdığı Avropa standartları cəmiyyətin şəxsiyyətdən intiqam almasını rədd edir. Amma məhbusların rədd edilmiş kateqoriyasının vəziyyəti məhz intiqamdan xəbər verir. İnsanı bir şəxsiyyət kimi məhv edirlər, ondan itaət və barışmağı tələb edirlər.
Müntəzəm olaraq, günbəgün, ilbəil məhbus qeyri-insani şəraitdə yaşayaraq, başqalarının qaydalarına boyun əyir. İşin olmaması, işığın, təmiz havanın, qida və suyun dozlaşdırılmış formada verilməsi sosial asılı insan stereotipi formalaşdırır. Doğmalarla görüşlərin məhdudlaşdırılması ailə əlaqələrini pozur. Həbsxanada ölümə məhkumluq isə insanı heyvana çevirir.
Cəza son tədbir olmalı, həyat normasına çevrilməməlidir. Amma axı azadlığa çıxmaq şansı olmayan ömürlük məhkumluq mövcudluq normasından başqa nəyə çevrilə bilər ki?
Və əgər məhkumluq məhbusun özü üçün müddətlə müəyyən olunmursa, deməli onun həbsxanada müddətsiz saxlanılması başqa maraqlara xidmət edir. Hansı maraqlara?
İyirmi il həbsxana gözətçisi işləmiş əmim oğlu bir qədər izahat verdi: “Ora öz istəyi olmadan, hökmlə gələn məhbuslardan fərqli olaraq, administrasiya yağla bal yemək üçün işləməyə gəlib”.
Amma keçmişi xatırlayıb, xırdalıqlara varmaq istəmədi. Elə mən də qohumumdan bizi yad insanlara çevirəcək heç nə eşitmək istəmirdim. Keçmiş polis işçiləriylə məhbuslar arasında da fərq bundadır. Onlar hər şeyi unutmaq istəyirlər ki, xəcalətdən əziyyət çəkməsinlər. Bizsə heç vaxt heç nəyi unutmayacağıq: insafımız imkan verməyəcək.
Həbsxanalarda saxlanma şəraitini qəsdən beynəlxalq normalara uyğunlaşdırmırlar ki, guya onların düzəldilməsi üçün əlavə sərmayələr cəlb etsinlər. Amma bunun çox az hissəsi təyinatı üzrə xərclənir. Qalanı məmurların dibsiz ciblərində itir.
Müasir penitensiarlar günahları bağışlamır, onlar günah işlədir. Bu poqonlu cinayətkarların tamahkarlığından təkcə məhbuslar deyil, həm də qohumları həbsxanada olduğu müddətdə bütün fikri-zikri orada qalan ailələr də əziyyət çəkir. Onun məhbusluq həyatına azacıq da olsa rəng qatmaq istəyinin bədəli böyükdür. Bəzi imtiyazları isə çox böyük pulla almalı olursan.
Görüş otaqları bunkerə oxşayır – balaca bir pəncərəsi ola ya olmaya. Otağın təmiri, mebel və məişət texnikasının pulu məhbuslar tərəfindən ödənilib. On ildən çox istifadə müddətində çox şey yararsız hala düşüb, divarlar zəif ventilyasiya səbəbindən nəm çəkib, dağılır. Administrasiyanın isə vecinə də deyil ki, görüşə gələn adamlar düz üç gün ərzində kamera şəraitindən də betər bir şəraitə düşür.
Həbsxana insanı düzəltmir, onu yaralayır, şikəst edir, öldürür. Bunun humanist və ya sadist bir üsulla edilməsi o qədər də vacib deyil. Doxsanıncı illərdə keçmiş sovet respublikaları köhnə reallıqdan yapışaraq, təzəsinə can atırdılar. Onlar bu gün də öz “simalarını” qazanmayaraq, “keçmiş sovet respublikaları” olaraq qalır. Dəyişən dekorasiyalardır, mahiyyət eynidir.
Həvəsləndirmə və cəzalandırma sistemi inkişaf edir, daha da müasirləşir. Amma dəyişmir. Çünki bu, ana südü ilə qanımıza hopub və bizimlə birlikdə böyüyür. Həvəsləndirmə və cəzalandırma üsulu ilə insanları tərbiyə edir və heyvanları əhliləşdirirlər. Bütün problemlərin səbəbi kimi göstərilən sistem bizik, bizim mədəniyyətimiz, adətlərimizdir. Həbsxana da bu ənənənin ayrılmaz hissəsi, qorxunun yaratdığı mədəniyyətin əsasıdır. Bu sivilizasiyanın gələcəyi varmı – bilmirəm. Amma insanlar onun olması üçün mübarizə aparmağı dayandırmayacaqlar.