Həyata yenidən başlamalı: bu mümkündür
Yüzlərlə ailə üçün Qarabağ müharibəsi əvvəlki həyatın sonu demək idi. Lakin onlardan bəziləri yeni həyat qurmağa müyəssər oldular. Karina Qurbanovanın ailəsi bunlardan biridir.
“Xoş gəlmisən! Sən kimsən?”
Bu sözlərlə Karina xala evinin dəhlizində məni salamladı. Evdə həmişə gənc qonaqların olmasına öyrəşib – oğlunun dostları, oğlunun dostlarının dostları, rəfiqələri gəlir.
Karina Qurbanova öz bağına qulluq edir, müasir incəsənət sərgilərinə gedir və səyahətlərdən yadigar suvenirlər gətirir. Dörddə bir əsr bundan əvvəl onun ailəsi həyatına yenidən başlamağa məcbur olub. Azərbaycanın Füzuli rayonundan Qarabağ müharibəsi vaxtı onlar əvvəlcə İrana, oradan isə Bakıya qaçıblar.
• Erməni-azərbaycan musiqi irsi
• Güclü olmağa məcbur olan qadınlar
• Darbnik erməni qaçqınların yeni vətəni
Müharibənin başlanğıcı
Müharibəyə qədər ailə Araz çayının kənarında – Füzuli rayonunun Horadiz qəsəbəsində yaşayırdı. Əri polisdə işləyirdi, Katina xala isə məktəbdə müəllimə idi. Üç oğlu isə, adət-ənənəyə uyğun olaraq, dağlarda-düzənlərdə qaçışaraq dizlərini qanadırdılar.
“Ərim qurman idi. Ancaq bir yemək versəydim, inciyirdi. “Elə bu?..” lakin bu məni narahat etmirdi. Axı bir-birimizi sevirdik. O, hər gün evə güllə gəlirdi – lap bir çiçək də olsa, əlində gül gəlirdi. Təsadüfən tanış olmuşduq. O, məzuniyyətə Horadizə gəlmişdi və kimsə ona demişdi ki, burda bizdə bir qız var, yaman özündən deyəndir”.
Şəxsən onun üçün müharibə əri gecələr evə gəlməyəndə başlayıb. Onu daxili qoşunların digər zabitləri ilə birlikdə patrula aparırdılar. Bir dəfə onun getdiyi maşın yolda təkərini itirib və o, bir saat gecikib. Çatanda isə görüb ki, bütün patrulu güllələyiblər. Həmin dəfə ölümünə gecikəndən sonra sonralar da ondan qaçmağı bacarıb. Müharibə qurtaranda ailəsi Bakıya köçdükdən sonra da 1999-cu ilə – istefaya çıxana kimi sərhəddə xidmətinə davam edib.
“Necə də qayğısız”, – böyürtkən dalınca getmələri barədə danışan Karina xala dönə-dönə təkrarlayır.
Bir dəfə yay vaxtı, artıq müharibə başlayandan sonra onlar iki qadın qohumu və xeyli sayda uşaqla meşəyə böyürtkən yığmağa gediblər. Meşə yarğanın kənarından başlayırmış və onlar hələ içəri girməyə macal tapmamış Hadrut tərəfdən atəş açmağa başlayıblar.
“Düşünürdük: “Məgər görmürlər ki, burda ancaq qadınlar və uşaqlardır?!” Fikirləşirdik ki, meşədən çıxsaq, kim olduğumuzu görəcəklər və daha atmayacaqlar”.
Lakin atəş səsləri kəsilməyib və geriyə yarğanla güllələrin altı ilə qaçmağa məcbur olublar.
İnsanlara artıq sülh dövrünün qanunlarının işləmədiyini və müharibə qanunları ilə yaşamaları olduğunu anlamaq çətin idi.
Onlar isə sona qədər inanırdılar ki, Horadizi itirməyəcəklər – yalnız o vaxt inandılar ki, qəsəbəyə hər iki tərəfdən tanklar daxil oldu.
Qonşular
Münaqişəyə gətirib çıxaran səbəb barədə soruşuram və qaçqından tez-tez eşitdiyim cavabı alıram: “dinc yaşayırdıq, heç kim bir-birinin xətrinə dəymirdi”:
“Füzulidə çox erməni yaşayırdı, bizim qəsəbədə az idilər. Lakin onları hamı tanıyırdı, çünki əla usta idilər – dərzilər, bərbərlər. Ofa Safaryan adlı yaxın rəfiqəm vardı, indi Rusiyanın Georgiyevsk şəhərində yaşayır. Onun atası Mişa bərbər idi və hamı saçını ona kəsdirmək istəyirdi – belə yaxşı usta idi”.
Etiraf et!
“Karina” adı ona mordva millətindən olan nənəsindən qalıb, halbuki Azərbaycanda bu ad həmişə sırf erməni adı hesab olunub.
“Biz hələ Qarabağda yaşayanda Bakıdakı mənzilimizdə ərimin qohumları – tələbə qızlar qonaq qalırdıar. 80-ci illərin sonlarında, münaqişə qızışmağa başlayanda qonşulardan biri polisə şikayət etmişdi ki, guya bu mənzilin sahibəsi ermənidir. Qızlar uzun-uzadı nəyin necə olduğunu izah etməyə məcbur olmuşdular. Bir dəfə isə Bakıya qohumlarıma dəyməyə gələndə qonşular birbaşa soruşmuşdular: “Etiraf et, sənin anan ermənidir, hə?” O vaxt sübut etməyə başladım ki, bu belə deyil, sonra isə buna peşman oldum. Axı nəyə görə onların qarşısında nəyisə sübut etməli idim?!”
Yeni ev
Karina xalanın ailəsinin bəxti köçkünlərin əksəriyyətindən daha çox gətirib – onların Bakıda mənzili vardı. Doğrudur, 1993-cü ildə bu mənzildə düz 21 nəfər yaşayırdı – qocalar və uşaqlar daxil bütün qohumlar bura yığışmışdı.
İkinci dəfə bəxt onda “gətirib” ki, ailədə heç olmasa bir çörək pulu qazanan vardı – Karina xalanın əri evdə hamıdan fərqli olaraq, işləməkdə davam edirdi və maaş alırdı. Bundan savayı, yalnız cüzi pensiya və müavinət vardı. 21 nəfərin hamısı uzun müddət həmin pulla yaşayıb, sonradan isə qohumlar bir-bir ev tapıb köçüblər.
“Əvvəl çox çətin idi. Mən Horadizdən bəzi qiymətli əşyalarımı çıxarmışdım və onları, əlbəttə ki, satmalı oldum. Lakin buna baxmayaraq, pul heç uşaqları məktəbə hazırlamağa, onlara ayaqqabı almağa çatmırdı. Lakin biz çalışırdıq ki, nəyin bahasına olursa olsun, onlara təhsil verək. Böyük oğlanı üzgüçülüyə qoyduq. Ortancıl oğlan üçün iki babası pensiyalarını toplayaraq kiçik skripka aldılar vəı o, musiqi məktəbinə getdi. Həyətdə uşaqları “qaçqın” deyərək ələ salanda, onlardan uzaq durduqlarında çox pis olurdum”.
Bir neçə il sonra, bütün qohumlar ayrı yaşayan zaman, mənzili də satmalı olublar ki, yığılıb qalmış borcları ödəsinlər. Yerdə qalan pula Bakının yaxınlığındakı Sabunçu qəsəbəsində yarıtikili ev alıblar – o vaxt evin damı axıdır və bütün yardımçı tikililər həyətdə idi. İndi həmin ev ikimərtəbəli, bağlı-bağçalı evə çevrilib, həyətində üzüm, rozmarin alma və bir çox başqa meyvələr yetişir, beş pişik gəzir, süni gölü və bu göldə tısbağaları var.
Karina xalanın əri bir neçə il əvvəl dünyasını dəyişib.
Böyük oğlu Mahir – həmin o uşaq vaxtı üzgüçülüyə gedən oğlan – dənizçidir, kapitanın böyük köməkçisidir.
Ortancıl oğlu Tahir – babalarının pullarını toplayaraq skripka aldıqları oğlan – bəstəkardır və hazırda Vyanada yaşayır.
Kiçik oğlu Müslüm isə memardır. Ailə Horadizi tərk edəndə onun cəmi iki yaşı vardı.
“Biz tez-tez bir mənzildən başqasına köçürdük, bu isə dost tapmağa mane olurdu, – Müslüm deyir. – Amma sonradan, qardaşlarım böyüyəndən sonra oxuyub işləməyə başladıq və özümüzü buradakı cəmiyyətin bir hissəsi kimi hiss etdik.
Biz yaradıcı cameəyə tez uyğunlaşdıq, çünki evdə musiqi və gözəllik kimi abstrakt dəyərlərə sevgi hörmətlə qarşılanırdı. Hətta çox kasıb yaşadığımız vaxtlarda belə. Bu mənim anamın sayəsində olub”.
“Yaşıdlarımdan çox, gənclərlə ünsiyyətdə olmaq daha çox xoşuma gəlir, – Karina xala danışır. – Yaşıdlarımla darıxdırıcıdır. Onlar hesab edir ki, yaşın 60-ı keçibsə, özünü qoca kimi aparmalısan. Mən isə yalnız 60 yaşımdan sonra özüm üçün yaşamağa başlamışam. Uşaqlar artıq böyüyüb, müstəqil insanlardır. Misal üçün, səyahət etməyin əsl vaxtıdır”.