Gəncə iğtişaşlarından sonra həbs olunan gənclərin qohumları paytaxta gəlib, prezident administrasiyası qarşısında etiraz aksiyası keçiriblər. Onlar məhbuslara işgəncə verən güc strukturları təmsilçilərinin cəzalandırılmasını tələb ediblər.
Polis aksiyanı dağıdıb, bir neçə iştirakçını və dörd jurnalisti saxlayıb. Bu haqda Turan informasiya agentliyi hüquq müdafiəçisi Oqtay Gülalıyevə istinadən məlumat yayıb. Bir neçə saatdan sonra üç jurnalist azad edilib.
Gəncədə nə baş verib?
2018-ci il iyulun 3-də Gəncə şəhəri İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd baş verib. Yerli sakin Yunis Səfərov Vəliyev və mühafizəçisinə odlu silahdan atəş açıb. Hər ikisi sağ qalıb, Səfərov isə həbs edilib.
İyulun 10-da Gəncə şəhər İcra Hakimiyyəti binasının qarşısında Yunis Səfərovun müdafiəsi məqsədilə etiraz aksiyası təşkil olunub. Aksiyaya 200 nəfərə yaxın insan toplanıb. Polis və aksiya iştirakçıları arasında toqquşma baş verib, iki polis qətlə yetirilib.
Bir neçə gün sonra polislərin qətlində şübhəli bilinənlərdən biri saxlanılma zamanı həlak olub, ikincisi ələ keçirilib.
Etiraz aksiyasının təşkilində şübhəli bilinən on nəfərdən çox şəhər sakini həbs olunub. 2019-cu ilin martında onlardan bəziləri kütləvi iğtişaşların təşkili və polisə müqavimət ittihamı ilə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilib.
2019-cu il aprelin 22-də həbs olunanların doğmaları Gəncədə etiraz aksiyası təşkil ediblər, amma polis aksiyanın “qanunsuz olduğu və ictimai asayişi pozduğu” səbəbilə buna mane olub.
Həbs olunanların doğmaları nə tələb edir?
Aksiya iştirakçıları hesab edir ki, onların doğmaları ədalətsiz olaraq həbs edilib və işgəncəyə məruz qalıb. Bakıda keçirdikləri etiraz aksiyasına onlar “Gəncə işi” üzrə istintaq qrupunun rəhbərinin və onların fikrincə, işgəncələrdə iştirak edən digər hüquq-mühafizəçilərinin fotolarını da gətiriblər.