Gürcü operator Georgi Şvelidze Amerika Kinematoqrafçılar Cəmiyyətinin əsas mükafatını qazanıb
Paylaşmaq
Paylaşmaq
Gürcüstanlı operator Georgi Şvelidze Gürcüstanda istehsal olunmuş “Namme” filmindəki operator işinə görə Amerika kinematoqrafçılar cəmiyyətinin baş mükafatına layiq görülüb.
“Namme” – Gürcüstanın dağ kəndində xəstə atası və üç qardaşı ilə birgə yaşayan gənc gürcü qızı haqqında əhvalatdır. Ata qeyri-adi istedada malikdir və insanları müalicə edə bilir. Oğullarından heç biri ondan bunun sirlərini öyrənmək istəməyib. Onlar çox müxtəlif həyat yollarını seçirlər – biri molla, digəri isə keşiş olur. Üçüncüsü isə fəlsəfə müəllimliyini seçir. Yalnız Namme atasının yolunu getməyə qərar verir və həmin insanları sağaltmaq vergisinin özündə də olduğunu aşkar edir. Lakin bu vergi yalnız imkanlar yox, həm də faciələr gətirir.
“Namme” – dağların möhtəşəm gözəlliyinin və orada yaşayan insanların paqanist xalq ənənələrinin himnidir”, – Hollywood Reporter film haqqında yazır.
“Spotlight Award” bölməsində digər iki qalib bunlardır: “Girl” filmindəki operator işinə görə Lukas Dhont və “The Rider” filmindəki operator işinə görə Chloé Zhao.
“Namme” filmi 2017-ci ildə çəkilib, rejissoru Zaza Xalvaşidir. Film artıq bir neçə beynəlxalq kinofestivalın qalibi olub. 2017-ci ildə o, “Oskar”a təqdim edilib və 87 filmdən ibarət finalöncəsi siyahıya düşüb, lakin qaliblər sırasına daxil ola bilməyib.