Gürcüstanlı müxalifətçi hakimiyyətin epidemiyaya qarşı tədbirlərini şou ilə müqayisə edib
Paylaşmaq
Paylaşmaq
“Qirçi” (“Qoza”) siyasi hərəkatının lideri Zurab Caparidze bir qrup həmfikiri ilə birlikdə fövqəladə vəziyyət və komendant saatının ləğvi tələbi ilə etiraz aksiyası təşkil etdiyi üçün 3 min lari (min dollar) məbləğində cərimə olunub və polis şöbəsinə aparılıb. Aksiya keçmiş ippodrom ərazisində keçirilib.
Aprelin 23-ə olan məlumata görə, Gürcüstanda 420 koronavirusa yoluxma halı qeydə alınıb. 5148 nəfər karantində, 572 nəfər isə stasionarda nəzarət altındadır. 107 nəfər sağalıb. 5 nəfər ölüb.
“Mənasız fövqəladə vəziyyətin uzadılmasına etiraz edirik. Bu, hakimiyyətin siyasi xal qazanmaq üçün epidemiya ilə səylə mübarizə apardığı təəssüratı yaratmaq üçün təşkil etdiyi şoudur. Mayın 22-ə qədər hələ nə vaksin olacaq, nə virusun özü yox olacaq, nə də cəmiyyətin populyasiya immuniteti yaranacaq, çünki insanlar evdə oturub. Hansısa epidemiya piki haqda danışılanlar nağıldır”, – Zurab Caparidze bəyan edib.
Aksiyada 20 nəfərə yaxın insan iştirak edib.
Gürcüstan DİN-dən bildirilib ki, aksiya iştirakçıları fövqəladə vəziyyət rejiminin üç və daha artıq insanın bir yerdə toplaşmasını qadağan edən tələbini pozduqları üçün cərimələniblər. Tədbirin bir neçə iştirakçısı şəxsiyyətlərinin müəyyən edilməsi məqsədilə bir müddət polis şöbəsində saxlanılıb.
Gürcüstanda ilk koronavirusa yoluxma halı 2020-ci il fevralın 26-da baş verib. Gürcüstanda martın 21-dən fövqəladə vəziyyət, martın 31-dən isə bütün ölkə ərazisində karantin elan olunub.