Bir neçə il əvvəl ABŞ-a yerləşən LGBT birliyinin fəalı, gürcü David Şubladze italyan sevgilisi ilə nikaha girib. Şubladze toy mərasimində çəkilən fotoları və videoları Facebook səhifəsində paylaşıb.
Cütlük təntənəli mərasimə ənənəvi gürcü paltarında – çuxada gəliblər. Şubladze On.ge internet nəşrinə bildirib ki, onlar həm vətəndaş, həm də dini toy mərasimi keçiriblər. Onun sözlərinə görə, bu təntənəli gündə çuxa geyinmələri birmənalı olaraq siyasi bəyanat kimi dəyərləndirilə bilər.
“Niyə çuxa ilə? Niyə də yox?! Məhz gürcülərin çuxaya olan həssas münasibətinə görə biz mərasimdə bu geyimdən istifadə etmək qərarına gəldik. Bir gürcü, bir Gürcüstan vətəndaşı olaraq çuxa geyinmək üçün kimsədən icazə almaq məcburiyyətində deyiləm. LGBT fəalı kimi mənim üçün bu, siyasi akt idi – eynicinsli nikah mərasimində ən psevdo-erkək simvolu sayılan geyimdən istifadə etmək və bununla da istənilən adamın istədiyini etmək azadlığının olduğunu vurğulamaq. Ən azından bəyəndiyi geyimdən istifadə etmək. Bu, mənim İsa Məsihin adının arxasında gizlənərək adamları təqib etməyə, öldürməyə hazır olan ura-patriotlara və psevdo-dindarlara hədiyyəmdir…”, – David Şubladze On.ge nəşrinə bildirib.
David Şubladze həmin On.ge nəşrinə müsahibəsində onu Gürcüstandan getməyə vadar edən problemlərə də toxunub.
“Gürcüstanda gey olduğunu etiraf etmək çox sayda problemlərlə nəticələnir… Gürcüstanda yaşadığım son bir ildə üç dəfə mənzilimi dəyişməli olmuşdum. Hər dəfə televiziya verilişlərində gey fəal kimi iştirakım növbəti mənzil axtarışı ilə yekunlaşırdı. Hər atdığım addım təhqir və təhdid dalğası ilə müşayiət olunurdu. Yaşadığım məhəllədə, qonşular arasında, işdə – həyatımın hər mərhələsində bu damğa ilə mübarizə aparmalı olurdum. Dostlarla problemlər yaranırdı, çünki dəfələrlə alçaldılır, istehza, zorakılıq obyekti olur, döyülürdüm… Gürcüstanda LGBT fəalı olmaq çox çətindir, xüsusi mənəvi hazırlıq lazımdır”, – Şubladze deyir.
Onun sözlərinə görə, ABŞ-da onun həyatı kəskin şəkildə dəyişib:
“Bu ölkədə xoşbəxtəm, burada heç vaxt mahiyyətimi gizlətməyə məcbur olmamışam, bu mövzuda söhbətlər zamanı sözlərimi ölçüb-biçməli olmamışam… Burada mənim kimlə yatdığım, evimi kimlə paylaşdığım heç kimi maraqlandırmır. ABŞ-da əsas yaşam şərti vicdanlı insan və yaxşı vətəndaş olmaqdır”.