Gürcüstanın əsas müxalifət telekanalının rəhbəri niyə mühakimə olunub?
Gürcüstanda müxalif “Mtavari” telekanalın rəhbərinin mühakimə edilib
Gürcüstanın ən məşhur müxalifət telekanalı “Mtavari”nin baş direktoru Nika Qvaramiya mayın 16-da Tbilisidə məhkəmə zalındaca həbs edilib. O, xidməti avtomobildən ailə ehtiyacları üçün istifadə etməkdə ittiham olunduğu epizoda görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Müstəqil ekspertlər, ictimai təşkilatların nümayəndələri və siyasətçilər Qvaramiyanın həbsini siyasi motivli hesab edirlər.
ABŞ səfirliyi məhkəmənin qərarına kəskin qiymət verib. Səfirlik bildirib ki, “biz hazırkı hökumətə müxalif olan şəxslərə qarşı seçmə təhqiqatların və mühakimələrin narahatedici nümunəsini görürük”.
- “Bizə NATO lazımdır, Rusiya ilə müharibədə öz gücümüzlə qalib gələ bilmərik” – Gürcüstan prezidenti
- Transparency International: gürcü oliqarx İvanişvili Rusiyada biznesə sahibdir
- Ukrayna kəşfiyyatı: Rusiya Gürcüstanla reeksport üzrə danışıqlar aparır. Tbilisi bunu təkzib edir
İttihamın bütün epizodları Qvaramiyanın 2014-2019-cu illərdə o vaxtkı məşhur müxalif “Rustavi-2” telekanalının direktoru vəzifəsində işlədiyi dövr ilə bağlıdır.
İttiham tərəfi iddia edir ki, Qvaramiya “Rustavi 2”-nin baş direktoru vəzifəsində işlədiyi müddətdə mülkiyyət hüquqlarını mənimsəyib, sənədləri saxtalaşdırıb, pulları yuyub və kommersiya rüşvətxorluğu ilə məşğul olub.
Xüsusilə, prokurorluğun məlumatına görə, Qvaramiya kanalda kommersiya reklamı yerləşdirmək hüququndan ədalətsizcə yararlanıb. İddia olunur ki, o, hüquqlarını güzəştli qiymətə “İnter Media Plus” MMC-yə satıb, bunun müqabilində “Even” şirkətindən iki mənzil alıb. Daha sonra ittiham aktına əsasən, həmin mənzilləri satıb və bununla da pulları yuyub.
Prokurorluğun məlumatına görə, Qvaramiya bütün bunlar üçün saxta sənədlərdən, möhürlərdən, ştamplardan və blanklardan istifadə edib.
Məhkəmə Qvaramiyanı iki maddə üzrə təqsirli bilib
İttihamın ilk epizodunda iddia olunur ki, 2015-ci ildə Qvaramiya kanalda reklam vermək hüququndan ədalətsiz şəkildə istifadə edib.
Onlar şirkətin maliyyə direktoru Kaxa Damenia ilə birlikdə 6 milyon 763 min 509 lari [təxminən 3 milyon dollar] israf ediblər. Bu epizoda görə Qvaramiya və Dameniya büdcənin xeyrinə hər biri 50 000 lari [təxminən 16 000 dollar] cərimə olunub.
Məhkəmə işinin digər epizodu “avtomobil” adlanır. Onun mahiyyəti belədir:
Qvaramiya həmin telekanalın direktoru olarkən özü və ailəsi “Rustavi 2”-yə məxsus avtomobilə sahib olub. Avtomobil 76 min avro dəyərində qiymətləndirilib. “Rustavi 2”-də reklam vaxtından istifadə müqabilində avtomobil “Proesco Media” MMC-də qeydiyyata alınıb.
“Onun günahının sübutu yoxdur” – hüquq müdafiəçiləri və vəkillərin qiymətləndirmələri
Qvaramiya məhkəmə zalında həbs edilib. Həbsxanaya göndərilməmişdən əvvəl o, Facebook-da son statusunu yazaraq tərəfdarlarına müraciət edib:
“Sadəcə “Mtavari”də qalın və bizimlə azadlığa nail olun! Hər şey yaxşı olacaq”, – o yazıb.
Gürcüstandakı yerli və beynəlxalq QHT-lər, eləcə də Qvaramiya işini tədqiq edən və izləyən müstəqil hüquqşünaslar və ekspertlər onun təqsirinə dair heç bir sübutun olmadığını deyirlər.
Onlar Qvaramiyanın idarəçilik qərarlarına görə məhkum edildiyini və bunun siyasi qərar olduğunu iddia edirlər:
“Transparency International Georgia” təşkilatının bəyanatında deyilir: “Məhkəmə tənqidi televiziyanın rəhbərini cəzalandırmaqla siyasi sifarişi yerinə yetirdi. Təşkilat bir il ərzində Qvaramiyanın işini araşdırıb və belə nəticəyə gəlib ki, “ona qarşı irəli sürülən ittihamların əksəriyyəti onun 2015-ci ildə qəbul etdiyi idarəetmə qərarları ilə bağlıdır”.
“Mətbuatı senzura və qorxutmaq üçün ədliyyə sistemindən istifadə digər tənqidi jurnalistlərə də təhlükəli siqnal göndərir. Bu, dövlətin öz opponentlərinə qarşı illərdir apardığı siyasi təqibin davamıdır”, – “Transparency International Georgia” təşkilatının bəyanatında deyilir.
Gürcüstanın ictimai müdafiəçisi Nino Lomcaria da öz bəyanatında qeyd edir ki, Qvaramiyanın məhkəməyə verilməsi barədə qərar müəssisənin sahibi (yəni “Rustavi 2”-nin hazırkı direktoru) ilə razılaşdırılıb.
Lomcaria ofisinin ABŞ, Böyük Britaniya, kontinental Avropa və Gürcüstan məhkəmələrində oxşar işləri araşdırdığını söyləyib. Və belə hallarda nəinki cinayət, hətta korporativ məsuliyyətin müəyyən edildiyi bir hala belə rastgəlməyiblər.
Digər nüfuzlu qeyri-hökumət təşkilatı, Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası – GYLA da qeyd edir ki, Qvaramiyanın cəzası “hüquqi baxımdan problemlidir, şübhəli haldır və siyasi motivlidir”:
Qvaramiya hakimiyyətə qarşı tənqidi redaksiya siyasəti olan bir yayımçının baş direktoru və “Mtavarin”in səhmlərinin 51 faizinin sahibidir. Ona görə də bu işi kanalın özü üçün məhkəmə hökmü hesab etmək olar.
Qvaramiyanın həbsindən sonra müxalifət, vətəndaş cəmiyyəti və media fəaliyyət planını müzakirə etməyə başlayıb. Yaxın vaxtlarda onun çap olunacağı gözlənilir.
Siyasətçilərin qiymətləndirməsi və Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyinin aqibəti
Siyasətçilər və ekspertlər məşhur müxalifət kanalının direktorunun həbsinin Gürcüstanın Aİ-yə üzvlük müraciətinə baxılma dövrünə təsadüf etməsinə xüsusi diqqət yetirirlər.
Lelo partiyasının lideri Mamuka Xazaradze hesab edir ki, Qvaramiyanın həbsi birbaşa Gürcüstanın Avropa seçiminə təhlükənin əlamətidir:
“Hakim “Gürcü arzusu” partiyası Rusiyaya doğru irəliləyir”.
“Strateji tərəfdaşlarımız daim bizi qütbləşməni və siyasi eskalasiyanı dayandırmağa çağırırlar. Bugünkü ədalətsiz qərar isə vəziyyəti daha da durğunluğa gətirib çıxarıb”, – Xazaradze bildirib.
“Ölkə bunun əvəzini çox ağır ödəyəcək. Gürcüstan Avropaya inteqrasiya yolunda siyasi məhbusların sayının artması ilə tanınır. Bütün bunlara bizim qərbli tərəfdaşlarımızdan adekvat cavab veriləcək”, – deyə müxalif Vahid Milli Hərəkatın lideri Nika Melia bildirib.
Müxalifətdə olan Avropa Gürcüstanı Partiyasının lideri Qiqa Bokeria Nika Qvaramiyanın həbsini avtoritarizmin güclənməsinin əlaməti və oliqarx Bidzina İvanişvili və onun ətrafının güc nümayişi kimi qiymətləndirir:
“Onlar hakimiyyətdə olduqları müddətdə ölkə azadlığa əks istiqamətdə, avtoritarizmə, Putinin oliqarx rejiminə doğru irəliləyir”.
“İvanişvili qorxur ki, Qərb ona qarşı sanksiyalar tətbiq edəcək və o, Qvaramiyadan Qərblə “ticarət” üçün siyasi məhbus kimi istifadə edə biləcək”, – “Strategiya Aqmaşenebeli” partiyasının lideri Giorgi Vaşadze bildirib.
Qvaramiyanın həbsində məqsəd aparıcı müxalifət kanalını sıradan çıxarmaqdır, çünki “elita uzun müddət hakimiyyətdə qalmaq istəyir”, “Qirçi – daha çox Azadlıq” partiyasının lideri Zurab Caparidze deyir:
“Hakimiyyəti yalnız küçələrə çıxacaq çoxlu sayda qəzəbli insan dayandıracaq”.
Qərb tərəfdaşları nə deyir?
“Bu qərar Gürcüstanın qanunun aliliyinə sadiqliyinə xələl gətirir və ölkədə müstəqil və qərəzsiz məhkəmə sisteminin yaradılmasının fundamental əhəmiyyətini vurğulayır”, – ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.
Səfirlik qeyd edir ki, bu iş “lap əvvəldən suallar doğurub”. Bəyanatda açıq şəkildə qeyd olunur ki, “mövcud hakimiyyətə müxalifətdə olan şəxslərə qarşı seçmə təhqiqatlar və təqiblər aparılır” ki, bu da “narahatedicidir”.
“Qvaramiya Gürcüstanın Avro-Atlantik inteqrasiyasını dərinləşdirmək üçün görünməmiş fürsətə malik olduğu bir vaxtda həbs edilib”.
Bu barədə ABŞ səfirliyinin Facebook səhifəsində dərc olunmuş yazıda deyilir.
Böyük Britaniyanın Gürcüstandakı səfiri vəzifəsini icra edən Kler Albles Nika Qvaramiyanın həbsindən məyus olduğunu bildirib.
“Böyük Britaniya azad jurnalistikanın keşiyində dayanır. Azad media olmadan vətəndaşlar demokratik hüquqlarını həyata keçirə bilməyəcəklər”, – Olbles açıqlamasında bildirib.