Gürcüstanın qeyri-hökumət təşkilatları ədliyyə nazirinin istefasını tələb edir
Gürcüstanın baş prokuroru vəzifəsinə uyğun namizədin tapılması prosesi İrakli Şotadze etiraz aksiyası iştirakçılarının tələbini təmin edərək vəzifəsindən istefa verəndən sonra başlayıb.
Tbilisidə mitinqlər mayın 31-də, məhkəmə 16 yaşlı Levan Dadunaşvili və David Saralidzenin amansızca qətlə yetirilməsi ilə bağlı hökmü səsləndirəndən sonra başlamışdı.
Ötən il dekabrın 1-də yeniyetmələr öz yaşıdları ilə dava zamanı çox sayda bıçaq yarası almışdı. Cinayət gündüz saatlarında Xorava küçəsində bir neçə şahidin gözü qarşısında baş verimişdi. Məhkəmə müəyyən edib ki, muttəhimlər kürsüsündə oturan iki yeniyetmədən heç biri David Saralidzeni öldürməyib. Bu qərar mərhumun atası Zaza Saralidzenin şübhələrini təsdiqləyib. O, bir neçə ay ərzində sübut eləməyə çalışıb ki, oğlunun real qatilləri azadlıqdadır və prokurorluq onlarla bağlı heç bir tədbir görmür.
Üç gün sürən etiraz aksiyalarından sonra mitinqçilər baş prokurorun istefasına nil olublar, danışıqlara gələn baş nazir Giorgi Kvirikaşvilini isə fitləyib, danışmağa imkan verməyiblər.
Hakimiyyət bəyan edir ki, baş prokurorun təyin olunması prosesini şəffaf keçirməyə və bu məsələ ilə bağlı ictimai məsləhətləşmələr təşkil etməyə hazırdır. Ədliyyə naziri Teya Sulukiani iyunun 4-də qeyri-hökumət təşkilatlarına və ictimai qurumlara, o cümlədən də ali təhsil müəssisələrinin nümayəndələrinə konsultasiyalarda iştirak etməyi təklf edib. Ədliyyə naziri onlarla təşkilata müvafiq dəvət göndərib və onları prosesə daxil olmağa çağırıb.
Amma qeyri-hökumət sektoru və müxalifət Sulukianinin baş prokuror təyinatında şəffaflığı təmin edəcəyi ilə bağlı vədlərinə inanmır. Onlar Sulukiani ədliyyə naziri vəzifəsində qaldığı müddətcə müvafiq konsultasiyalarda iştirakdan imtina ediblər. On beşdən çox qeyri-hökumət təşkilatı baş nazirə ümumi müraciət ünvanlayıblar və bu müraciətdə Teya Sulukianinin istefasını tələb ediblər.
“Açıq Cəmiyyət – Gürcüstan” QHT-nin ofisində baş tutan mətbuat konfransında bu qeyri-hökumət təşkilatlarının rəhbərləri bildiriblər ki, Sulukiani ona etibar edilmiş sahədə islahatlar keçirməyə müvəffəq olmayıb, onun nazir vəzifəsində çalışdığı müddətdə isə Gürcüstanda beş baş prokuror dəyişib.
“Bu adam həqiqətən də layiqli, müstəqil baş prokuror tapılması üçün çalışmayacaq. Buna görə də biz onunla konsultasiyalarda iştirak etməyəcəyik”, – “Açıq Cəmiyyət – Gürcüstan” QHT-nin rəhbəri Eka Qiqauri deyib.
Onun sözlərinə görə, əgər hökumət böhrandan çıxmaqda və real dəyişikliklərdə maraqlıdırsa, o zaman ədliyyə nazirini dəyişmək və baş prokuror vəzifəsinə namizədin seçiləsi prosesinin şəffaflığını təmin etmək vacibdir.
“Gənc Hüquqşünaslar Assosiasiyası”, “Ədalətli Seçkilər”, “İnsan Haqları Mərkəzi”, “Konstitusiyanın 42-ci maddəsi”, “İnsan Haqlarının Tədqiqi və Monitorinqi Mərkəzi” və digər qeyri-hökumət təşkilatları da eyni mövqeyi bölüşür.