Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili siyasətə qayıdır
Gürcüstanda 2018-ci ilin oktyabrında baş tutmalı olan president seçkilərinə bir neçə həftə qalmış ölkənin keçmiş baş naziri (2012-2013-cü illər) Bidzina İvanişvili “Gürcü arzusu” iqtidar partiyasının sədri vəzifəsinə qayıdacaq. Bu haqda bu gün Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bəyan edib. Onun sözlərinə görə, o, keşmiş baş nazirdən siyasətə qayıtmasını şəxsən xahiş edib və İvanişvili razılaşıb.
Bu bəyanatı baş nazir parlament çoxluğu ilə keçirilən xüsusi brifinqdə səsləndirib.
“ “Gürcü arzusu” partiyasını maksimum gücləndirmək ehtiyacı yaranıb. Bizim üçün partiya daxilində gedən proseslər çox vacibdir. Buna görə də bizim fundamental dövləti məsələlərlə bağlı həmrəyliyi qorumağımız önəmlidir. Bizim komanda üçün onun banisi – cənab İvanişvili amilinin nə qədər önəmli olduğu hamıya bəllidir. Demək istəyirəm ki, mən ona bunu təklif elədim və partiyanın banisinin onun başına keçməsini rica etdim. Çox şadam ki, o, razılıq bildirdi”, – Giorgi Kvirikaşvili bildirib.
Baş nazirin sözlərinə görə, yaxın günlərdə partiyanın Siyasi Şurasının iclası, daha sonra isə qurultayı baş tutacaq və orada İvanişvili partiya rəhbəri seçiləcək. Siyasi Şuranın tərkibi də yenidən formalaşdırılacaq.
Artıq dörd ildir ki, milyarder Bidzina İvanişvili Gürcüstanın baş naziri vəzifəsindən gedib. 2012-ci ildə o və onun koalisiyası parlament seçkilərində Mixail Saakaşvilinin “Milli hərəkat” partiyasını məğlub edib və ölkə hakimiyyətinə gəlib. Seçkilərdə qələbədən sonra İvanişvili baş nazir olsa da, 2013-cü ilin payızında istefa verib və özünün bildirdiyinə görə, “mülki sahəyə” keçib.
İstefasından sonra İvanişvili heç bir vəzifə tutmayıb. Bir zamanlar o, tez-tez jurnalistlər qarşısına çıxırdı, 2016-cı ildə öz partiyasının seçkiqabağı kampaniyasında fəal iştirak edib, böyük mətbuat konfransları keçirib. Amma son bir ildə o, ictimaiyyət arasında çox nadir hallarda görünüb.
O, 2017-ci ildə yerli icra orqanlarına seçki kampaniyasında iştirak etməyib. Mediada isə əsasən çoxəsrlik ağacların şəxsi dendraloji parkına daşıması prosesi sayəsində adı hallanıb.
Amma Gürcüstanda İvanişvilinin ölkənin qeyri-formal hakimiyyət başçısı olaraq qaldığına və iqtidar partiyasının yalnız onun razılığı ilə qərar qəbul etdiyinə şübhə edənlər azdır.
2018-ci ilin payızında Gürcüstanda prezident seçkiləri baş tutacaq. “Gürcü arzusu” hələ ki öz namizədini irəli sürməyib.