Gürcüstanın etnik azlıqlarının nümayəndələri dövlət strukturlarında staj keçməyə dəvət olunur
Gürcüstanda yaşayan etnik azlıqların gənc nümayəndələri ölkənin dövlət qurumlarında staj keçə biləcəklər.
Bu haqda Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Nazirliyin rəsmi saytında bildirilib. Bunun üçün martın 31-ə qədər dövlət naziri aparatının internet saytında müraciət blankını doldurmaq lazımdır.
Namizədləri xüsusi komissiya seçəcək və dövlət qurumlarına, həmçinin yerli özünüidarə orqanlarına bir aydan altı aya qədər staj keçməyə göndərəcək.
“Biz etnik azlıqların gənc nümayəndələrinə iş vərdişlərini inkişaf etdirmək, öz biliklərini tətbiq etmək, ən əsası isə iş təminatına doğru ilk addımı atmaq imkanı veririk ki, onlar ölkə həyatının müxtəlif sahələrinə cəlb olunsunlar və peşəkar karyeralarında müvəffəqiyyət qazansınlar”, – Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Sixelaşvili bildirib.
Staj proqramı gürcü dilinin tədrisini nəzərdə tutan “1+4” təhsil proqramını keçənlər üçün nəzərdə tutulub.
Gürcüstanın milli azlıqlarının ali təhsili üçün “1+4” güzəşt proqramı 2010-2011-ci tədris ilində işə salınıb. Bu proqramla abituriyentlər öz doğma dilində (yəni erməni, azərbaycan, osetin, abxaz dilində) ümumi bacarıqlarla bağlı bir imtahan verib, ali məktəblərin bir illik intensiv gürcü dili kursuna qəbul olunurlar. Kursu müvəffəqiyyətlə bitirdikləri təqdirdə həmin tələbələr bakalavriatda təhsillərini davam etdirirlər.
Etnik azlıqlar üçün layihəni dövlət naziri aparatı Gürcüstanın BMT Assosiasiyası və İctimai Xidmət Milli Bürosu ilə birlikdə həyata keçirir. Layihənin əsas məqsədi etnik azlıqlara mənsub gənclərin vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstək verməkdir.
• 2014-cü ildə həyata keçirilən son əhalinin siyahıya alınmasına əsasən Gürcüstan əhalisinin 13,2 faizini etnik azlıqlar təşkil edir. Ən çox saylı etnik qrup azərbaycanlılardır, 233 min nəfər və ya Gürcüstan əhalisinin 6,3 faizi. Sayca ikinci yeri erməni icması tutur (168.1 min nəfər, əhalinin 4,5 faizi).
• Etnik azərbaycanlılar və ermənilər Gürcüstanın müvafiq olaraq Kvemo Kartli və Samtsxe-Cavaxetiya regionlarında kompakt yaşayırlar. Bu yerlərdə əhalinin böyük hissəsi dövlət dilində – gürcücə danışa bilmir. Bu da onların cəmiyyətə inteqrasiyasını çətinləşdirir, təhsil, informasiya, ədalət mühakiməsi imkanlarını, seçici hüquqlarının reallaşdırılmasını və sair məhdudlaşdırır.
FOTO: REUTERS/ David Mdzinarişvili