Gürcüstanın birpartiyalı parlamenti necə fəaliyyət göstərəcək?
Gürcüstanda parlament seçkilərinin hər iki turu başa çatıb. İqtidar partiyası proporsional sistem üzrə səslərin 48 faizini toplayıb, həmçinin hər iki turda 30 majoritar dairənin hamısında qələbəə qazanıb.
Nəticədə “Gürcü arzusu” parlamentdə 150 yerdən 90-nı əldə edib. Qalan yerlər səkkiz müxalifət partiyası arasında bölüşdürülüb.
Amma səkkiz müxalifət partiyasının hər biri parlamentdə iştirak etməkdən imtina edib, çünki seçkiləri saxtalaşdırılmış hesab edirlər. Heç bir müxalifət partiyasının heç bir nümayəndəsi yeni parlamentdə işləmək niyyətində deyil.
Nəticədə Gürcüstan ən yeni tarixində ilk dəfə birpartiyalı parlamentə sahib ola bilər.
Onunu çağırış parllamentin aqibəti necə olacaq? Yalnız “Gürcü arzusu” iqtidar partiyasının 90 deputatından ibarət olduğu halda parlament qanunidirmi və tam mənada fəaliyyət göstərə biləcəkmi? Suallara cavablar.
Yeni parlament nə zaman toplanacaq?
Qanunla 2020-ci il dekabrın 19-dan gec olmayaraq Mərkəzi Seçki Komissiyası bütün şikayətlərə baxışı sona çatdırmalı və seçkilərin yekun nəticələrini elan etməlidir.
Yeni parlament seçki nəticələrin rəsmi elanından sonra maskimum beş gün müddətində toplanmalıdır.
İlk iclası Gürcüstan prezidenti açmalıdır.
İqtidar partiyasını təmsil edən 90 deputat necə işləyə bilər?
Bu sayda deputatın olması parlamentin işinə başlaması – qanun qəbul etməsi, deputatları parlament komissiyalarına bölməsi və ən mühümü hökuməti təyin etməsi üçün yetərlidir.
Yalnız 90 deputatın işlədiyi parlament nələri edə bilməz?
90 deputat 2/3 və konstitusiya çoxluğu yox, adi çoxluq olduğu üçün parlamentin fəaliyyətində müəyyən məhdudiyyətlər olacaq.
Məsələn:
● Konstitusiya dəyişikliyi edə bilməz;
● Prezidentə impiçment elan edə bilməz;
● Ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı konstitusiya qanunu qəbul edə bilməz;
● Kəndtəsərrüfatı torpaqları haqda qanunu ən azı 100 deputat dəstəkləməlidir.
● Dövlətin ərazi bütövlüyü və ya dövlət sərhədlərinin dəyişdirilməsi haqda beynəlxalq razılaşmaları ratifikasiya və ya ləğv edə bilməz.
Həmçinin ehtiyac yarandığı zaman parlamentin müvəqqəti istintaq komissiyasını yaratmaq çətin və ya mümkünsüz olacaq, çünki yeni qaydalara uyğun olaraq, komissiya üzvlərinin ən azı yarısı müxalifətdən olmalıdır.
Bundan başqa, parlamentin işi haqda yenilənmiş müddəalara əsasən, bir partiya, bu halda “Gürcü arzusu” parlamentdə bir fraksiyadan artığını formalaşdıra bilməz.
“[Müxalifəti] parlamentdə işləməyə məcbur edəcəyik”
Bütün sadalananlardan çıxış edərək iqtodar komandası yeni parlamentin işinin iflic olması təhlükəsinin olduğunu düşünmür, hətta müxalifət parlamentə sona qədər daxil olmasa da.
Amma iqtidar partiyasının lideri İrakli Kobaxidze ümid edir ki, müxalifət son nəticədə parlamentə daxil olacaq.
“Əks halda şantaja qarşı konstitusiyada nəzərdə tutulan mexanizm işə düşəcək və müxalifəti parlamentdə işləməyə məcbur edəcək”, – Kobaxidze “Rustavi-2” telekanalına bildirib.
Onun sözlərinə görə, qayda belədir: 150 deputatın hamısının səlahiyyəti parlamentin birinci iclasında təsdiqlənəcək – çünki qanuna əsasən, 76 deputat ilk sessiyada öz aəlahiyyətlərini təsdiqləyəndən sonra 150 deputatın hər biri deputat hesab edilir.
“Bundan sonra hər bir deputat, əlbəttə ki, parlamentdən çıxması haqda ərizə yaza bilər. Amma parlament daha sonra buna icazə verməlidir”, – Kobaxidze deyib.
Müxalifət sona qədər parlamentdə işləməyəcək?
Görünən odur ki, yox. Hazırkı mərhələdə nə ABŞ səfiri Kelli Deqnanın, nə də digər beynəlxalq moderatorların müdaxiləsi Gürcüstanda siyasi böhranı həll edə və müxalifəti parlamenti boykot etməkdən çəkindirə bilməyib.
“Böhran yalnız 2021-ci ilin yazında yeni parlament seçkilərinin keçirilməsi ilə həll oluna bilər”, – “Avropa Gürcüstanı” partiyasının lideri David Bakradze noyabrın 25-də ABŞ səfiri ilə görüşdən sonra bildirib.
“Boykot müxalifətin seçimi deyil. Bu, məcburi atılmış addımdır, çünki seçki saxtalaşdırılıb”. – həmin görüşdən sonra “Lelo” partiyasının lideri Badri Caparidze deyib.
Müxalifət liderləri Gürcüstan konstitusiyasının deputatları onların iradəsinə zidd olaraq parlamentdə işləməyə məcbur etməyə imkan verdiyi haqda informasiyanı təkzib edirlər.
“Kobaxidzenin dediyi ki var, hüquqi absurddur, bir növ totalitar bəyanatlar”, – Respublika Partiyasının nümayəndəsi Tamar Kordzaya deyib.
Gürcüstanın müxtəlif media orqanında bir neçə ekspert və konstitusiya hüququ üzrə mütəxəssis onunla razılaşıb..
Birpartiyalı parlamentin əsas problemləri nədir?
İlk növbədə birpartiyalı parlament ölkənin imicinə və onun demokratik institutlarına böyük zərbədir.
Dünyanın heç bir demokratik ölkəsində analoqu yoxdur.
“Hazırkı reallıqlarda birpartiyalı parlamentin uzun müddət mövcud olması ehtimalı azdır”, – “Lelo” partiyasından olan konstitusiya üzrə mütəxəssis Vaxtanq Xmaladze “Azadlıq Radiosu”na bildirib.
Onun fikrincə, birpartiyalı parlament “bir aktyorun teatrı” kimi Beynəlxalq ictimaiyyət qarşısında Gürcüstan üçün ciddi problem olacaq. Həmçinin bu, ölkədə permanent siyasi bphran konteksti yaradır.