Gürcüstanın baş oliqarxı kütləvi etiraz aksiyalarında istefası tələb olunan DİN rəhbərini dəstəkləyib
“Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili bu gün Gürcüstanda yaşanan gərgin hadisələrdən sonra ilk dəfə telekameralar qarşısına keçib. “Qavrilov gecəsini”, parlament qarşısındakı aksiyaları, güc həddinin aşılması ilə mitinqin dağıdılmasını, DİN rəhbəri Giorgi Qaxariyanın istefası tələbini dəyərləndirən İvanişvili Qaxariyanı “möhkəm oğlan”, mitinqçiləri isə “qiyamçı və təcavüzkar” adlandırıb.
Jurnalistlər İvanişvilini Batumidə, Gürcüstanın qeyri-formal rəhbəri partiya görüşünə getdiyi zaman “yaxalaya” biliblər. Dəhlizdə alınan qısa müsahibə yalnız məzmunu ilə deyil, həm də forması ilə maraqlıdır. Ölkəni qeyri-formal idarə edən şəxs hədsiz aqressiv olub – İvanişvili tənqidi sualları “Milli Hərəkatın” təsiri altında verilən suallar adlandırıb, jurnalistləri yaramaz uşaqlarmış kimi danlayıb, onları daha tərbiyəli olmağa çağırıb, hətta maraqlı ifadə də işlədib: “Sükuta alışın”.
• Əsrlik ağaclar – milyardçının son marağı
• Gürcüstanda siyasi böhran. Oliqarxa daxildən və xaricdən zərbələr
________________________
Qaxariya, müxalifət və mitinqçilər haqda
İvanişvili Giorgi Qaxariyaya tam dəstək ifadə edib və baş verənlərə görə bütün məsuliyyəti müxalif “Milli Hərəkatın” üzərinə qoyub.
İvanişvilinin sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşlarının davranışları legitim olub, çünki onlar müxalifətin həyata keçirmək istədiyi dövlət çevrilişi cəhdinin qarşısını alıblar. O deyir ki, baş verənlərlə bağlı nə Vaşinqtonun, nə də Avropanın heç bir sualı yoxdur.
“Qaxariyanın istefası bugünkü şərtlərdə birbaşa mənada vətənə xəyanət kimi dəyərləndirilə bilər”, – o deyib. – “Qaxariya yeni dövlət çevrilişinin qarşısını alıb. O, dövlət institutunun – parlamentin müdafiəsini təmin edib və cəmiyyəti yaxınlaşmaqda olan bəladan qoruya bilib. O bu vəzifənin öhdəsindən gələ bilməsəydi, o zaman istefaya getməli olardı”.
İvanişvili Qaxariyanı “möhkəm oğlan” və “ləyaqətli insan”, parlament qarşısında mitinq eləyənləri isə “təcavüzkar və qiyamçı adlandırıb”.
Onun sözlərinə görə, parlament qarşısında gənclərin aksiyası, həmçinin Batumidə və Kutaisidə bir aya yaxın davam edən etirazlar “Milli Hərəkat” tərəfindən idarə olunur. İvanişvili hesab edir ki, Qaxariyanın istefası tələbi xalqın yox, müxalifətin tələbidir:
“Cəmiyyətimiz müdrikdir, xalqımız müdrikdir… İki yüz insan Tbilisidə [aksiyada] istefa qışqırır, iki yüz nəfər də ölkənin qərbində”, – o deyib.
Bununla yanaşı İvanişvili etiraf edib ki, hüquq-mhafizə əməkdaşları tərəfindən tək-tək güc həddini aşma halları baş verib və DİN bu epizodları araşdırmalıdır. O, 20-21 iyunda onun şəxsən aksiyanın dağıdılması haqda göstəriş verdiyi ilə bağlı versiyanı cəfəngiyat adlandırıb.
“Bu cür cəfəng şeyləri ancaq “milli hərəkatçılar” danışa bilər”, – Bidzina İvanişvili jurnalistlərə deyib. – “Bunu necə təsəvvür edirsiz, gecə yarısı mən polislərlə əlaqə saxlayıb, əmrlər yağdırmışam?!”
Qavrilovun səfəri haqda
Rusiyalı deputat Sergey Qavrilovun ölkəyə dəvət olunması yanlış idimi, sualının cavabında İvanişvili yenə “Milli Hərəkatı” xatırlayıb.
İvanişvilinin fikrincə, bu, protokol yanlışı olub, müxalifət də bunun ətrafında ajiotaj yaradıb, “çünki vəziyyətin gərgiləşdirilməsi üçün istənilən bəhanəni güdür”.
“2016-cı ildə rusiyalı deputatlar Gürcüstanda olublar, onların arasında Qavrilovdan daha böyük fiqur olan Slutski də vardı, digərlərinin soyadını xatırlamayacam, amma FTB-nin keçmiş sədri də gəlmişdi. Bəs o zaman müxalifət harda idi? Səfərin məqsədinin nə fərqi var? 2016-cı il… “Milli Hərəkat” hələ seçkilərə ümid edirdi. İndi onlar dağılmaq prosesindədirlər və hakimiyyətə seçki yolu ilə qayıtmaları istisnadır, buna görə də vəziyyətin gərginləşdirilməsi üçün istənilən bəhanəni güdürlər”, – İvanişvili bəyan edib.
Parlament spikerinin istefası haqda
İvanişvilinin sözlərinə görə, parlament sədrinin bütün bu olaylarda heç bir günahı yoxdur və onun istefası da “Milli Hərəkatın” vicdanındadır.
“Kobaxidzenin heç bir günahı yoxdur. “Milli Hərəkat” ajiotaj qaldırdı. Təbii ki, Qavrilov spiker kürsüsündə – bu yanlışdır. Amma bu, protokol yanlışı idi. Kobaxidzenin məsələyə heç bir aidiyyatı yox idi. İctimaiyyət obyektiv qəzəb ifadə etdi və Kobaxidze vəziyyəti analiz edərək özünü bütün komandanın önünə atdı və istefa verdi”, – İvanişvili deyib.
Rusiya bazarı haqda
İvanişvilinin sözlərinə görə, Rusiya bazarını itirmək istəyənlər öz ölkəsinin düşmənləridir. O bəyan edib ki, Rusiya bazarını Avropa və Ukrayna bazarı ilə əvəz etmək haqda ancaq savadsız insanlar fikir yürüdə bilər.
“Əgər fikir versək, görə bilərik ki, avropalıların özləri, üstəlik inkişaf etmiş ölkələrin nümayəndələri də Rusiya bazarında möhkəmlənməyə çalışırlar. Rusiya bazarını əvəz etmək hətta avropalılar üçün hədsiz mürəkkəb məsələdir, qaldı ki bizim üçün”, – İvanişvili bildirib.
Giorgi Qabuniya haqda
“Bu, bizim ölkəmiz, bizim mədəniyyətimiz üçün biabırçılıqdır. Bütün cəmiyyət onun hərəkətini qınayır. Bu, bütün gürcülər üçün biabırçılıqdır”, – Bidzina İvanişvili jurnalist Giorgi Qabuniyanın RF prezidenti Vladimir Putinin ünvanına söyüş dolu monoloqunu belə dəyərləndirib.
Mamuka Xazaradze haqda
“Onun addımlarını alqışlayıram. Nə qədər çox biznesmen, nə qədər çox gənc, fəal insan siyasətə gəlsə, bir o qədər yaxşıdır. Mən bunu alqışlayıram, çünki cəmiyyətin daha çox seçimi olacaq”, – İvanişvili Gürcüstanın ən böyük banklarından biri TBC-nin banisi Mamuka Xazaradzenin yeni ictimai hərəkat yaratmaq qərarı haqda bunları deyib.