Gürcüstanın “azadlıq adası” – Tsalencixi ümid və məyusluq arasında
Gürcüstan müxalifəti Tsalencixidə seçkiləri qazanıb
Tsalencixi – Gürcüstanın qərbində kiçik bələdiyyə şəhəridir. 2021-ci ilin oktyabrında yerli özünüidarə orqanlarına seçkilər nəticəsində bu şəhər müstəsna yerə çevrilib. Bura Gürcüstanın 64 bələdiyyəsindən yeganə özünüidarə icmasıdır ki, bələdiyyə seçkiləri nəticəsində müxalifət nümayəndəsi şəhər meri olub.
Buna qədər, 2014-cü ildən etibarən Gürcüstan bələdiyyələri və şəhərləri oliqarx Bidzina İvanişvilinin “Gürcü arzusu” iqtidar partiyası tərəfindən idarə olunub. Bu bələdiyyədə 20 mindən bir qədər çox sakin yaşayır və Gürcüstanın digər rayonlarından az şeylə fərqlənir.
Amma Tsalencixidə seçkilərin nəticələri bütün ölkədə rezonans doğurub. Bu fakt sosial şəbəkələrdə mem və zarafat mövzusuna çevrilib. Çoxları yazıb ki, azadlıq axtarışı ilə Tsalencixiyə köçəcəklər, bəziləri nəsillərində talencixili kökü axtarmağa və ya Tsalencixi “qrin-kart”ını almaq yollarını araşdırmağa başlayıb.
Burada həqiqətən də torpaq və ya ev almağa niyyətlənənlər də olub. Bəzi nüfuzlu sahibkarlar isə hətta bildiriblər ki, Tsalencixiyə investisiya yatırmağa hazırdırlar.
Müxalifət hesab edir ki, Tsalencixi siyasi cəbhənin ön sırası və digər regionlar üçün nümunə olmalıdır.
JAMnews bu kiçik şəhərə səfər edib ki, burada insanların necə yaşadığı ilə tanış olsun, buranın ölkənin seçki xəritəsində niyə birdən-birə belə mühüm yer tutduğunu və inkişaf imkanlarının nə dərəcədə olduğunu anlamağa çalışsın.
Dekabrın sonu, soyuq və yağışlıdır. Biz Zuqdidi şəhərindən Tsalencixiyə gedirik.
Yol köhnə, dağılmış, çala-çuxurdur. Yolun hər iki tərəfində səliqəli həyətli qəşəng böyük meqrel evləri sıralanıb.
Bir müddət sonra yaxşı, yenicə asfaltlanmış yol başlayır. Tsalencixiyə giririk. Şəhərin mərkəzində böyük yeni qırmızı lentlərlə bəzənmiş şam ağacı ucalır.
“Bu, “Coca-Cola” şirkətinin hədiyyəsidir. Bir neçə gün əvvəl onu təntənəli şəkildə yandılar”, – bizi Tsalencixinin mərkəzində qarşılayan yerli sakin Beka Çaçibaya deyir.
Bekanın 36 yaşı var. Bir neçə il Polşada işləyib. Deyir ki, orada iş şəraiti çox ağır olub, buna görə də dözməyib və geri qayıdıb.
Çoxları Tsalencixidən Avropaya gedib.
“Gənclər əsasən polşaya, o cümlədən də bəzən Almaniyaya və Türkiyətə gedirlər, amma mövsümi – çox vaxt yay aylarında, müəyyən fiziki iş olduğu zaman. Onlar üç aylıq gedirlər, sonra isə orada qalmağı düşünürlər , – yeni seçilmiş Tsalencixi merinin həmin bələdiyyənin tərkibində olan Cvari energetiklər şəhərciyindəki səlahiyyətli nümayəndəsi İrakli Xarçilava deyir.
Burada qohumbazlıq yoxdur. İraklı və yeni mer Qiorgi Xarçilava qohum deyillər, sadəcə soyadları eynidir.
“Niyə burada əksəriyyət müxalifətə səs verib?” – yeni təyin edilmiş bitərəf səlahiyyətlidən soruşuram. O deyir ki, Tsalencixi həmşə müxalif olub. Amma buna bir neçə amil də əlavə olunub: hökumətin regiona qarşı laqeydliyi və hədsiz yoxsulluq.
Tslencixidə həmçinin deyirlər ki, bu seçkilərdə hakimiyyət şübhəli reputasiyalı insanlarla sövdələşməyə gedib və onlar vasitəsilə seçicilərə təsir etməyə çalışıb – təzyiq, satınalma və gözünü qorxutma yolu ilə. Bundan sonra əks reaksiya başlayıb.
“Sanki bizim region Gürcüstan xəritəsindən silinib, mövcud deyil. İnsanlar onun bataqlıqda batdığını görürdü, çıxış yolu da yox kimi idi. Onlar anladılar ki, dəyişikliklər mütləqdir”, – yerli sakin Levan Belkaniya deyir.
Tsalencixi sakinlərinin gəlir mənbəyi ya fındıq və qaragilə yetişdirilməsi, ya da ticarətdir. Burada yerli özünüidarə orqanı, məktəb və uşaq bağçasından başqa heç bir iş yeri yoxdur.
Tsalencixi bələdiyyəsində yerləşən Gürcüstanın ən böyük İnquri SES az sayda insanı işlə təmin edib.
Maya Qabedavanın Tsalencixi bazarında balaca köşkü var, orada hər cür xırdavat və aksessuar satır.
“Mənim iki mağazam var, amma xərclərimi ödəyə bilmirəm. Ailədə səkkiz nəfərik, hamıya yemək lazımdır. Mənə uşaqlar kömək edir, biri İtaliyadadır, o biri Rusiyada. Burada ancaq al-ver var, insanların başqa gəliri yoxdur”, – o deyir.
“Saxtalaşdırmaya rəğmən qələbə qazandıq”
Yeni mer Giorgi Xarçilava ölkənin ən böyük müxalifət partiyasının – Vahid Milli Hərəkatın üzvüdür. Bu partiyanın lideri və yaradıcısı seçki ərəfəsində Ukraynadan Gürcüstana qayıdan və dərhal həbs edilən keçmiş prezident Mixail Saakaşvilidir.
Bu seçkilərə qədər doğma regionundan kənarda heç kim Xarçilavanı tanımırdı, amma bu gün o, bütün Gürcüstanda məşhurdur – o, mərkəzi kanallarda tok-şouların mütəmadi qonağıdır.
Bazar ertəsi səhər yağış yağır. Tsalencixi meriyasının həyəti maşınlarla doludur.
Meriya kerosin qoxuyan köhnə sovet binasında yerləşir. Qəbul otağı insanla doludur, hamı merin qəbuluna düşmək istəyir. Əsasən yardım istəmək üçün.
Ötən gün Tsalencixi kəndlərində yağış yolları yuyub, bəz yerlərdə yanğın baş verib. Mer deyir ki, bu gün onun işi çoxdur – gələnləri dinləməli, dağılmış yola baxmalı və yanğından ziyan görmüş ailələri ziyarət etməlidir.
Mer böyük otaqda oturmuşkən özünü narahat hiss edir. Geniş yazı masasının arxasında divarın qarşısında Gürcüstan və Avropa İttifaqının bayraqları qaldırılıb.
51 yaşlı Giorgi Xarçilava yerli sakindir, Tsalencixidə doğulub, böyüyüb. Onun həyat yoldaşı və üç övladı var.
Bu, onun siyasətdə ilk addımları deyil. Bir zamanlar əvvəlki hakimiyyət dövründə Tsalencixi sakrebulosunun – yerli şuranın sədri olub.
2021-ci il seçkilərində onun əsas rəqibi iqtidar partiyasından Qoqa Qulordava olub. Birinci turda o, rəqibini 207 səs, ikinci turda isə 311 səs qabaqlayıb. Xarçilava 51,09 faiz, Qulordava isə 48,9 faiz səs toplayıb.
Xarçilava deyir ki, Tsalencixidə hakimiyyət seçicilərə qarşı bütün təzyiq vasitələrindən – gözünü qorxutma, satın alma, saxtaladırma – istifadə edib:
“Seçkilərə qədər müxalifətdən olan dörd majoritar [birmandatlı dairələr üzrə — JAMnews] namizəd ööz namizədliyini geri çəkib, dördü də müəllim idi. Bu sistem, bu rejim belə işləyir. Seçkilər burada da saxtalaşdırılıb, amma saxtalaşdırmanı bir həddi var və biz bu yuxarı səddi aşdıq. Bu saxtalaşdırma olmasaydı, biz səslərin 70 faizini alardıq”.
“Siz seçkilərdə necə qələbə qazandız?” – merdən soruşuram.
“Tsalencixidə tarixi kontekst var və bu kontekst zaman içində təkrarlanır. 90-larda milli hərəkat buradan başlamışdı, 2003-cü ildə “Qızılgül inqilabı”. Sonra islahat illəri gəldi. İnsanların hakimiyyətə qarşı tənqidi münasibəti heç vaxt dəyişmədi. Xüsusən indi hamı anlayır ki, biz həqiqətən də şimal qonşumuzla mübarizə aparırıq.
Mənim bioqrafiyam gənc yaşlarımdan bu şəhərlə bağlı olub – təhsil sistemində fəaliyyətim, idmanla məşğuliyyətim”, – Xarçilava danışır.
Birinci böhran
Tsalencixidə seçkilərdən iki ay sonra Gürcüstan paytaxtından baxanda gözlədiyin o “coşğu” gözə dəymir. Müxalifətin qələbəsinin gətirdiyi eyforiya və emosiyalar tamam keçib.
Yerli sakinlərin çoxu kamera qarşısında açıq danışmaqdan çəkinir. Fərdi söhbətlərdə bəziləri deyirlər ki, müxalifəti dəstəkləsələr də, “problem istəmirlər” və artıq açıq çıxış etmirlər.
Burada deyirlər ki, müxalifətin Tsalencixidə gələcəyi yenə də dumanlıdır və “sabah kimin xozeyin olacağı” məlum deyil.
İlk böhran artıq göz qabağındadır – yeni seçilən sakrebulonun deputatları hələ də sədr seçə bilməyiblər. yanvarın 23-də dördüncü cəhd uğursuz olub.
Məsələ burasındadır ki, 27 deputat yeri olan Tsalencixi sakrebulosunda heç bir partiya çoxluğa sahib deyil. 11 deputat “Gürcü arzusu” iqtidar partiyasından, eyni sayda deputat da Vahid Milli Hərəkat Partiyasından seçilib. Üçü keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasını təmsil edir. Bir deputat müxalif “Lelo”partiyasındandır, bir deputat da bitərəfdir (Qaxariyanın partiyasının keçmiş üzvü).
Faktiki olaraq qüvvələr balansı bərabərdir – şurada 12 müxalif və hökumətyönlü deputat var. Müvafiq olaraq Qaxariyanın partiyasından olan üç deputatın səsi faktiki olaraq həlledicidir.
“Gürcü arzusu” hökumətində baş nazir olmuş, 2021-ci ilin əvvəlində qalmaqallı şəkildə istefaya getmiş Qaxariyanın partiyası öz seçkiqabağı proqramını həm “Gürcü arzusu”, həm də VMH-dan eyni məsafəni qorumaq üzərinə qurmuşdu.
VMH Qaxariyanın partiyasına təklif edir ki, sakrebulo sədrliyinə öz namizədini irəli sürsün. Amma hələlik razılıq və səsvermə mümkün olmayıb.
İrakli Xarçilava əmindir ki, hakimiyyət süni şəkildə prosesi uzadır, çünki bu bələdiyyəni müxalifətə güzəştə getmək istəmir və burada təkrar seçki təyin etməyə çalışır.
- Ağaclar və flaminqo hakimiyyətin rəmzi kimi. Gürcüstanlı oliqarxın “həvəsi” nə ilə nəticələndi?
- Oliqarxın doğma kəndi – gürcü arzusu haqqında əfsanə
“Hakimiyyət burada baş verənlərlə barışa bilmir. Çünki Tslencixi bizim üçün qələbə yeri və digər bələdiyyələr üçün motivasiyadır, bu, “Gürcü arzusu” üçün qorxu amili – dəyişikliklərin başladığı yerdir”, – Xarçilava hesab edir.
Bunun arxasında kim dayansa da, fakt faktlığında qalır – ölkənin az qala əsas siyasi mərkəzinə çevrilməli olan bələdiyyədə proseslər dondurulub – yerli şura hətta 2022-ci ilin büdcəsini belə qəbul edə bilmir.
Tsalencixi haqda deyəsən paytaxt müxalifəti də unudub – şəhər siyasət və informasiya gündəliyindən yox olub. Əsas müxalifət partiyası hazırda bütün diqqətini həbsdə olan Mixail Saakaşvilinin azad edilməsi tələbinə cəmləyib.
“Proses irəli getmir, yerli şura digər məsələlərin müzakirəsinə keçə bilmir. Hər bir halda bu, bələdiyyə miqyasında böhran doğura bilər, bu isə ilk növbədə konsensus əsasında idarəçilik ideyasına zərbə ola bilər”, – Gürcüstan Gəng Hüquqşünaslar Assosiasiyasının demokratik institutların dəstəklənməsi proqramının direktoru Vaxuşti Menabde deyir.
Özünüidarə üzrə ekspert İrakli Melaşvili deyir ki, əgər üç ay müddətində böhran davam edərsə və büdcə təsdiqlənməzsə, hökumət Tsalencixidə növbədənkənar seçki təyin edəcək.
“Və mən bunun müxalifət üçün, hətta hımin Qaxariya üçün sərfəli variant olacağını düşünmürəm”, – Melaşvili hesab edir.
Onun sözlərinə görə, problemin həlli danışıqlar və yerli şuranın vəzifələrin qazanılmış səslərə uyğun bölüşdürülməsinə əsaslanan Avropa modelidir:
“Qələbə qazanmış bir partiya mandatların hamısını əldə etmir, onlar kimin hansı faizi qazandığından asılı olaraq bölüşdürülür. Əgər kimsə, məsələn, səslərin 30 faizini qazanıbsa, vəzifələrin üçdə birini əldə edəcək. Sonra bu məmurlar bir-biri ilə yarışacaq, kimin öz işini daha yaxşı gördüyünü əhalliyə göstərmək üçün . amma Gürcüstan siyasətində bu baş vermir”.
“Böhrandan çıxmaq üçün hansı güzəştlərə getməyə hazırsız?” – sualını Tsalencixi merinə verirəm.
“11 deputat üç deputata sədrliyə öz namizədlərini irəli sürməyi təklif edirsə, məgər bu, artıq güzəşt deyil?! “Gürcü arzusu” uduzduğu seçkini öz hesabına yazmaq istəyir, onların sakrebuloya sədr təyin etmək və komissiyalarda çoxluğu əldə etmək iddiaları var. Mən soruşuram – niyə? Hansı haqla?”, – Giorgi Xarçilava deyir.
“Tsalencixinin dostları klubu” və inkişaf şansı
Giorgi Xarçilava sakrebuloda böhranın aradan qalxacağını gözləyərək vaxt itirmir. O, tez-tez paytaxtda olur və Tsalencixinin inkişafına öz töhvəsini verməyə hazır olan insanlarla görüşür.
Xarçilava bu insanları “dostlar klubu”nda birlədirir. Siyahı artıq böyükdür.
Şərqi Avropa Çoxpartiyalı Demokratiya Mərkəzi Tsalencixidə artıq öz yeni ofisini açıb — Democracy Hub.
Təşkilat yerli sakinlərin maariflənməsi və özünüidarənin səmərəliliyinin artırılması üzərində işləyir.
Tsalencixidə maarifləndirici və mədəni tədbirlər “Formula” teleşirkəti tərəfindən maliyyələşdiriləcək. Televiziya gənclər üçün media-mərkəz açır, tanınmış şair Terenti Qranelinin muzeyi üçün onun rəsmlərini çap eləməyi planlaşdırır və Cvari şəhərində stadionu rekonstruksiya edir.
Bundan başqa, “Coca-Cola Bottlers Georgia” şirkəti bu stadionun patronajlığını öz üzərinə götürəcək. Tsalencixi artıq yeni şam ağacı formasında şirkətdən ilk hədiyyəsini alıb.
“TBC-bank”ın yaradıcısı, ən nüfuzlu bankirlərdən biri, “Lelo” partiyasının liderlərindən biri Mamuka Xazaradzenin də Tsalencixi ilə bağlı planları var – seçki nəticələri elan olunandan dərhal sonra o bildirib ki, Tsalencixidə ev alacaq.
İnvestorlar cəlb etməkdən başqa, Giorgi Xarçilava Tsalencixini Gürcüstanın turizm xəritəsinə daxil etmək istəyir. Rayonun bu potensialı haqda yerlilər də danışır.
“Minlərlə insan yayda hər gün Mestiyaya [Svanetinin populyar turizm regionu] gedərkən Cvari şəhərindən keçir, amma onlar burada bir sent də xərcləmirlər. Bu, onunla bağlıdır ki, Tsalencixidə elementar şərait yoxdur, yollar yoxdur ki, turistlər hansısa obyektə gedib çıxsınlar”, – yerli sakin Levan Qobemiya deyir.
Levan Cvari şəhərində yaşayır və turizm agentliyi işlədir. O deyir ki, bu bələdiyyənin velosiped və kulinariya turizmini inkişaf etdirmək, o cümlədən də populyar raftinq məkanı olmaq imkanı var.
Onun fikrincə, infrastrekturun yaxşılaşdırılasından başqa, hökumət turizm sektoruna münbit şərait təklif etməli və təhlükəsizlik təminatı verməlidir.
“Tsalencixi indi ümumi diqqət mərkəzindədir. İndi bizim bundan istifadə etmək və turizm məkanlarını təbliğ etmək imkanımız var”, – Tsalencixi sakini Levan Kvaratsxeliya deyir.
Gürcüstanın ən məşhur yüksək dağlıq göllərindən biri – Tobavarçxili burada yerləşir. Ucqar olmasına baxmayaraq, hər il minlərlə insan oranı ziyarət edir. Tsalencixidə hesab edirlər ki, bu imkanlardan istifadə olunmalıdır.
Tsalencixi amili – Gürcüstan müxalifətinin uğura doğru yolu?
Siyasi vəziyyət və Gürcüstandakı permanent siyasi böhranı nəəzərə alaraq, Tsalencixi həm hakimiyyət, həm də müxalifət üçün əsas siyasi mübarizə obyekti olmalıdır – ekspertlər hesab edir.
“Mərkəzi hakimiyyət Tsalencixinin müxalifətçi merinin ümidləri doğrultmamasında maraqlıdır, buna görə də hökumət ona problemlər yaradacaq. Bu, müxalifət üçün sınaqdır – müxalifət sadəcə etirazçı qüvvə olmadığını, konstruktiv idarəçiliyə qadir olan qüvvə olduğunu göstərməlidir”, – politoloq Qiya Nodiya deyir.
Onun fikrincə, indi Tsalencixinin müxalifətçi merinə dəstək lazımdır:
“Heç olmasa, ona qarşı istənilən pozuntu və ya təqib diqqət mərkəzində olmalıdır. Əlbəttə, bunu ilk növbədə merin təmsil etdiyi Vahid Milli Hərəkat etməlidir, amma bunda bütün müxallif siyasi qüvvələr maraqlıdır”.
Amma müxalif qüvvələrbu marağı göstərmir. Tsalencixi gündəlikdən yox olub. Demək olar ki, üç həftə ərzində JAMnews Vahid Milli Hərəkatdan Tsalencixi ilə bağlı partiyanın planlarını öyrənməyə çalışsa da, buna nail ola bilməyib.
Bəzi müxalif partiyalar bizə birbaşa bildiriblər ki, indi bu haqda danışmaq istəmirlər.
Bu arada müxalifət Saakaşvilinin azad edilməsi tələni ilə kütləvi aclığa başlayıb. Və bizim Tsalencixi haqda israrla danışmaq istəyimizi yersiz hesab etdilər.
“Müxalifət real həyatdan kənarlaşıb, bu faktdır. İndi onlar üçün əsas cəbhə xətti Mixail Saakaşvilinin həbsdə, yoxsa azadlıqda olmağıdır. Onlar çoxdan Tsalencixini unudublar. Bizim müxalifət vədləri çox sevir, amma onları həyata keçirməyə ərinir”, – siyasi şərhçi Qiya Xuxaşvili deyir.
Bu məsələni məmnuniyyətlə şərh etməyə hazır olan yeganə siyasətçi olan “Qirçi – daha çox azadlıq” partiyasından Boris Kuruadan soruşduq: “İndi müxalifətin Tsalencixi ilə bağlı hər hansı strategiyası varmı?”
O, da bu msələnin indi gündəlikdə olmadığını təsdiqlədi. Kurua Tsalencixidə “dövr yaradan dəyişiklik” gözləmir. “Amma biz göstərə bilərik ki, əməkdaşlıq (müxalifət partiyaları arasında) işləyir”, – o deyir və əlavə edir ki, müxalifətin mera kömək üçün məşvərət orqanı yaratması yaxşı olardı.
Son seçkilərdə müxalifət koalisiya hökuməti modelinə vurğu edirdi.
Giorgi Xarçilavanın iki müavini var – birincisi, bitərəf Laşa Zarkuadır. İkincisi isə “Lelo” partiyasının üzvü Tamar Belkaniya. Seçkilərin birinci turunda Belkaniya Xarçilavanın rəqibi idi və səslərin üç faizini toplayıb.
İndi müxalifət bu modelin işlədiyini göstərməlidir, daha sonra isə bu modeldən bütün Gürcüstanda istifadə etməlidir.
“Əgər onlar Tsalencixidə uğura nail olmasalar, bu, seçicilər üçün böyük məyusluq və müxalifətin çöküşünün başlanğıcı olacaq”, – ekspert Qiya Xuxaşvili hesab edir.
Ümid
“Siz yeganə bələdiyyəsiz ki, mer müxalifətdən seçilib. İndi bütün diqqət Tsalencixiyə yönəlib, sizin gözləntiləriniz nələrdir?” – Tsalencixi sakini Marina Alasaniyadan soruşuram.
“Əgər bu mer qalsa, nəsə alınsa, o zaman hə. O, yaxşı enerjili oğlandır və insanlar üçün nələrsə edəcək. Mən buna inanıram, digərləri ilə bağlı bilmirəm”, – o deyir.
“Əgər insanlar merin yanında dursalar və yuxarıdan ona səlahiyyət versələr, hər şey alınacaq”, – Maya Qabedava deyir.
Merə artıq “yuxarıdan” deyiblər ki, hökumətin köməyi olmadan heç nə edə bilməyəcək.
“Seçki ərəfəsində baş nazir Qaribaşvili faktiki olaraq seçiciləri hədələyib ki, əgər onlar müxalifətçi mer seçsələr və o, özünü pis aparsa, o, hem nə edə bilməyəcək. Nəticələrdən sonra ritorika sanki bir qədər yumşalıb, amma problem qalıb. Müxalifətçi mer hpkumət tərəfindən yaxşı münasibət gözləyə bilməz, çünki hökumət onu siyasi təhlükə kimi qəbul edir”, – Qiya Nodiya deyir.
“Biz seçkilərə asan həyat üçün qoşulmamışıq. Biz bilirdik hara getdiyimizi”, – Giorgi Xarçilava deyir, amma tonu investisiya və ya Tsalencixi dostları haqda danışanda olduğu qədər əmin deyil.
İrakli Melaşvili bu məsələyə daha praqmatik baxır. Onun sözlərinə görə, qüvvədə olan özünüidarə məcəlləsinə görə, Tsalencixi meri büdcəni artıra bilməyəcək:
“Onun büdcəsi mərkəzi büdcədən asılıdır, o, büdcəni artıra bilməz. Hətta İlon Mask Tsalencixidə zavod tiksə də, yerli büdcə çox qazanmayacaq [çünki ƏDV və gəlir vergisi mərkəzi büdcəyə gedir — JAMnews]. Buna görə də, müxalifətin təntənəli bəyanatları demaqoqiya kimi səslənir”.
Buna görə də onun sözlərinə görə, Tsalencixi meri yaxşı idarəçilik “və vətəndaşların özünüidarə işlərinə maksinun cəlb olunması nümunəsi göstərməlidir. Mer bu mənada çox sayda yaxşı iş görə və bələdiyyələrə yaxşı nümunə göstərə bilər”.
Qiya Nodiya qorxur ki, Tsalencixi meri üçün konkret nəticələrə nail olmaq çətin olacaq:
“Bəli, biz Tsalencixi modelini demokratiya presedenti kimi nəzərdən keçiririk, amma adi adamlar buna belə baxmırlar, onlar həyatlarına təsir edəcək nəticələr gözləyirlər. Bu mənada mərkəzi hökumətlə mübarizə aparan müxalifətçi mer üçün hər hansı nəticəyə nail olmaq çətin olacaq”.
Yerli sakinlər də bunu hiss edirlər:
“Xalq arasında entuziazm azalıb, insanlar tələb edirlər, sürətli nəticə gözləyirlər, seçkilərdən sonra isə çox az vaxt keçib”, – yerli sakin Levan Kvaratsxeliya deyir.
Nihilizm artıq insanların əhvalına hakimdir. “Necə fikirləşirsiz, çiyninə bu qədər böyük yük götürmüş Tsalencixinin müxalifətçi merinin axırı necə olacaq?” sualını Giorgi Xarçilavaya verirəm.
Mer birdən kədərlənir, bir neçə dəfə insanların mənə niyə məyus göründüyünün səbəbini soruşur, sonra da düşünüb cavab verir:
“Seçki ərəfəsində belə bir şeyi təsəvvür etmək mümkün deyildi ki, belə nəticə olacaq və biz bu reallığa uyğunlaşmalı olacağıq. Amma bu seçkinin arxasında elə insanlar dayanır ki, sadiq, o cür illərdən keçən, mənim başqa çıxış yolum yoxdur.
Mən bacardığımdan daha artığını etməliyəm. Birinci koalisiya modeli formalaşır və bu, özünü doğrultmalıdır ki, sonra digərləri üçün nümunə olsun.
Bax buna görə hər şey alınacaq!”
Mediaşəbəkənin dəstəyilə