Gürcüstandan Şuşaya tez-tez gəlirlər. Səbəb nədir?
2022-ci ilin aprelində Gürcüstanın mədəniyyət təmsilçiləri Şuşanı ziyarət ediblər, bu gün isə Gürcüstanın din xadimləri Azərbaycana gəliblər, onlar da ikinci Qarabağ müharibəsindən sonra Bakının nəzarəti altına qayıdan bu şəhərə səfər edəcəklər. Mayın 22-də Şuşada Gürcüstan, Türkiyə və Azərbaycan parlamentarilərinin birgə iclası da keçiriləcək. Gürcüstan nümayəndələrinin Şuşaya qarşı bu marağı hardandır? Siyasi icmalçının şərhi.
- Otuz ildən sonra Şuşa
- Azərbaycanın BMT-yə daxil olmasının 30 illiyi Şuşada qeyd edilib – Yerevanın reaksiyası və Bakının cavabı
- ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Şuşaya getməkdən imtina ediblər
Şuşada nə baş verir?
Şuşa 2020-ci il noyabrın 8-də, ikinci Qarabağ müharibəsi bitənə bir sutka qalmış Azərbaycanın nəzarəati altına qayıdıb. 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü elan olunub.
Şəhərdə artıq yeddi tarixi abidə bərpa olunub – Azərbaycan prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
O qeyd edib ki, Şuşanın baş planı hazırlanıb, şəhərdə 20-25 min adam yaşayacaq. Şəhərdə onlar üçün 24 yaşayış binasının inşası nəzərdə tutulub.
Ötən həftə Şuşada V Beynəlxalq Folklor Musiqisi Festivalı keçirilib, tədbirə müxtəlif ölkələrdən musiqiçilər qatılıb.
Qonşu ölkə – Gürcüstan nümayəndələrinin Şuşaya tez-tez səfər etməsi diqqət şəkir.
Gürcüstanlı mədəniyyət təmsilçiləri və bloqerlər Şuşada
2022-ci il aprelin ortasında Gürcüstanın mədəniyyət təmsilçiləri, ekoloqlar, türkoloqlar və bloqerlərdən ibarət nümayəndə heyəti Şuşaya səfər edib.
Səfər zamanı nümayəndə heyəti şəhhərin mərkəzi meydanını, Şuşa qalasını, Cıdır düzünü ziyarət edib.
Onlar həmçinin Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqifin bərpa olunmuş məqbərəsində, Bülbülün ev muzeyində də olublar. Gürcüstanlı sənətçilər burada bir neçə Azərbaycan xalq mahnısı ifa ediblər.
Gürcüstandan gələn nümayəndə heyəti ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına qayıtmış Füzuli, Cəbrayıl və Ağdam şəhərlərinə də səfər ediblər.
Gürcüstanın din xadimləri və parlamentariləri Şuşada
2022-ci il mayın 19-da Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.
Yerli mənbələrin verdiyi məlumata əsasən, səfər zamanı qonaqlar bir sıra rəsmi görüşlər keçirəcək, o cümlədən də Gəncə, Füzuli, Ağdam və Şuşanı ziyarət edəcəklər.
Mayın 22-də isə Şuşada Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin xarici əlaqələr komitələrinin birgə iclası baş tutacaq.
Şərh
Şuşada üç ölkə parlamentarilərinin birgə iclası Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq platformasının genişləndirilməsi məqsədi güdür – siyasi icmalçı Aqşin Kərimov hesab edir.
“Gürcüstan hələ Qarabağ münaqişəsi dövründə Azərbaycana dəstək verirdi, amma ara-sıra bu xəttindən qoparaq fərqli mövqelərə doğru istiqamətlənən oxları da görmüşük. Bununla belə, Azərbaycan-Gürcüstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsini qoruyub saxladı və bu, əhəmiyyətli dərəcədə inkişaf etdirildi.
Gürcüstanla Ermənistan üzdə dost, arxada güclü etnik elementlərlə zəngin olan rəqib ölkədirlər. Gürcüstanda ermənilərin kompakt yaşadığı ərazilər (Samsxe-Cavaxetiya) Tbilisi üçün təhdidlər yarada bilir və ermənilər gürcü mədəni irsinə iddialar qaldırırlar.
Azərbaycanın da, Türkiyənin də, Gürcüstanın da regiondakı ortaq maraqları erməni amilini konstruktiv mövqeyə doğru sıxışdırmağa vadar edir. Bununla belə Gürcüstanın Ermənistanla münasibətləri ayrı, Azərbaycan və Türkiyə ilə münasibətləri ayrı istiqamətlərdə inkişaf edir.
Düşünmürəm ki, Gürcüstan parlamentinin deputatlarının Şuşaya gəlməsi Ermənistanın sərt rəsmi reaksiyasına səbəb olsun.
Türkiyə Gürcüstanı təhlükəsizlik zolağına çəkərək onu Rusiyadan qorumaq istəyir, hərçənd ki, bunun hansı ssenarilərlə müşayiət olunacağı da sual altındadır.
Gürcüstan Azərbaycan üçün də, Türkiyə üçün tranzit baxımından önəmli ölkədir və Bakı ilə Ankaranın birgə iqtisadi layihələrində mühüm tranzit rola malikdir.
Tranzit əhəmiyyəti Gürcüstanın təhlükəsizliyini regional təhlükəsizlik kimi qavramaq zərurətini Bakı və Ankara qarşısında qoyur. Üç ölkə birgə hərbi təlimlər də keçirib və bu davam etdiriləcək, həmin təlimlər davam edərək təhlükəsizlik mesajlarını çatdıracaq.
Parlament səviyyəsində toplantı da həmin üçtərəfli əməkdaşlığın Cənubi Qafqazdakı yeni reallıqda elanıdır. Buna görə də, iclasın məkanı Şuşa seçilib”.