Gürcüstanda zorakılığa aid olmayan cinayətlərə görə əfv qaydaları sadələşdiriləcək
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili zorakılığa aid olmayan cinayətlərə görə cəza çəkənlərə münasibətdə əfv qaydalarının sadələşdirilməsi və onlara daha humanist münasibət göstərilməsi təşəbbüsü ilə çıxış edib. Sadələşdirilmiş əfv proseduru narkotik istifadəsinə görə məhkum olunanlara da şamil ediləcək.
Yenilik həm də haqqında müvafiq hökm çıxarılanların məhkəmə prosesi bitəndən dərhal sonra əfv ricası ilə prezedentə müraciət imkanı əldə etməsindən ibarətdir. İndiyə qədər məhkumlar cəzanın müəyyən hissəsini çəkməli idilər və yalnız bundan sonra əfv üçün müraciət edə bilərdilər.
Dövlət başçısı yeni nizamlamanı yaxın günlərdə təsdiqləyəcək.
Narkotik istifadəçilərindən başqa sadələşdirilmiş əfv proseduru ilk dəfə iqtisadi və maliyyə cinayəti törədənlərə, yaxud da oğurluq edənlərə şamil olunacaq.
“Prezident zorakılıq elementi daşımayan hüquq pozuntularına bir daha öz münasibətini göstərdi və kimin əfv olunması haqda qərar qəbul edərkən humanist olmağı təklif etdi”, – Əfv Komissiyasının sədri Zviad Koridze jurnalistlərə bildirib.
O, vurğulayıb ki, sadələşdirilmiş əfv proseduru narkotik və ya psixotrop maddələr satanlara, o cümlədən də xüsusilə böyük həcmdə narkotikin əldə edilməsi, saxlanması və satış məqsədilə ölkəyə gətirilməsi ittihamı ilə cəza çəkənlərə şamil edilməyəcək.
Prezidentin təşəbbüsünü müxalifət və hakimiyyət nümayəndələri də şərh edib.
İqtidarda olan “Gürcü arzusu” partiyası prezident Marqvelaşvilinin təşəbbüsünün əlavə problemlər yaradacağını düşünmür, amma bununla belə onu populizmdə günahlandırır.
“İstisna deyil ki, bu yolla Marqvelaşvili seçkiöncəsi kampaniyasına başlayıb”, – Tbilisi meri Kaxa Kaladze bildirib.
Gürcüstanda prezident seçkiləri 2018-ci ilin payızında baş tutacaq. Hazırkı prezident Giorgi Marqvelaşvili hələlik ikinici müddətə prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlamayıb.
Gürcüstanın DİN rəhbəri Giorgi Qaxariya da prezidentin təşəbbüsünü şərh edib:
“Əgər söhbət sadəcə narkotik istifadəçilərindən gedirsə – bunda heç bir problem görmürəm. Üstəlik, narkotik istifadəçilərinə qarşı qanunvericiliyin daha humanist olmasına dair bizim də konkret təkliflərimiz var. Amma əgər təşəbbüs hansısa şəkildə narkotik satanlara da aid edilərsə, biz qəti şəkildə bu təşəbbüsə qarşı çıxacağıq”.
Müxalifət prezidentin qərarını müsbət dəyərləndirib. “Milli Hərəkat” nümayəndəsi Nika Rurura təşəbbüsü “doğru istiqamətdə addım” adlandırıb
“Amma bu, yetərli deyil. Dekriminallaşmaya ehtiyac var, yəni narkotik istifadəçiləri həbsxanaya düşməməlidir”- Rurua bildirib.
“Avropa Gürcüstanı” partiyasının üzvü Giorgi Tuquşi prezidentin yanaşmasını “tam məqbul” adlandırıb.
Hakimiyyətin sərt narko-siyasətini tənqid edən qeyri-hökumət təşkilatları və ictimai fəallardan ibarət qruplar artıq uzun müddətdir ki, narkotik istifadəsinə görə cəza çəkənlərin əfv edilməsi prosedurunun yenidən nəzərdən keçirilməsini tələb edirdilər. 2017-ci ilin dekabrında narko-siyasətin liberallaşması uğunda keçirilən aksiya zamanı fəallar bu məhkumların “kütləvi əfvi” haqda rica ilə prezidentə müraciət etmişdilər.
Gürcüstan Konstitusiyasına əsasən, əfv ölkə prezidentinin eksklüziv səlahiyyətidir. Əfv məsələsinə xüsusi yaradılmış komissiyada baxılır, bu struktur da öz növbəsində prezidentə müvafiq tövsiyə yönləndirir. Son qərar isə prezidentin öhdəsinə qalır.
Prezident əfvlə bağlı qaydaları yan keçməklə də əfv qərarı çıxara bilər. Giorgi Marqvelaşvilinin prezidentliyi dövründə 3,671 nəfər əfv edilib.