Gürcüstanda tikanlı məftilin o tayında həyat: hüdud xətti
“Budur, Qori-Sxinval marşrutu gəldi”, – Gürcüstanın Qori şəhərindən Rusiyanın işğal etdiyi Cənubi Osetiya paytaxtına gedən yolun üstündə dayanan 78 yaşlı Vitali Kasradze deyir. Biz hüdud xəttinin 200 metrliyində, Gürcüstanın Ergeneti qəsəbəsindəyik. Bu qəsəbə Sxinvali ilə sərhəddə yerləşir. Sanki mikroavtobus düz SKM-ə doğru gedir, onun da arxasında Cənubi Osetiyadır. Amma yarıda dayanır.
Burdan o yana yolu yaşıl banerlər kəsib. Yol yoxdur. “Üzr istəyirəm, Qori-Ergeneti marşrutu. Sxinvaliyə keç kim getmir, heç kimi də buraxmırlar”, – Ergenetidə yaşayan osetiyalı gürcü Vitali Kasadze sözünü düzəldir.
“Rusiyanın video-gözləri onları izləyir”
O, on illiklər ərzində Sxinvalidə yaşayıb. Bacısı hələ də orada yaşayır, osetinlə evlənib. Rusiya-Gürcüstan arasında 2008-ci il avqust müharibəsindən sonra o, bacısını bircə dəfə də görməyib. Tanınmamış Cənubi Osetiya və Gürcüstanın qalan hissəsi arasında hüdud xətti boyunca belə hekayələr yüzlərlədir: Gürcüstanın hökumətin nəzarəti altında olan hissəsindən nəzarət altında olmayan Cənubi Osetiya ərazisinə gedib-gəlməyə icazə verilmir, nə qohumları, nə də valideynlərin məzarlarını ziyarət etmək mümkündür.
20 08-ci il müharibəsindən sonra hüdud xəttinə nəzarət Rusiya FTX-nin sərhəd idarəsinə keçib. Belə sərt qaydaları da elə bu qurum müəyyən edib – gürcülər və osetinlər arasında bütün insani əlaqələri faktiki olaraq kəsib.
İndi Cənubi Osetiya sakinləri Gürcüstana Rusiya ərazisindən keçməklə gələ bilir. Onlar Şimali Qafqazdan RF və Gürcüstan arasındakı buraxılış məntqələrindən keçir, üstəlik sonuncunun ərazisinə Rusiya pasportları ilə daxil olurlar. Bundan başqa onların Cənubi Osetiya pasportları da var, faktiki tanınmayan respublikanın verdiyi sənədləri.
Eyni zamanda hüdud xəttində hasarlar əvəzinə tədricən tikanlı məftil çəkilib. Hüdud xəttində yerləşən kəndlərdəki nəzarət-buraxılış məntəqələrinin çoxu qapalıdır: nə o yandan, nə də bu yandannə insanlar nə də nəqliyyat bu məntəqələrdən keçmir. Rusiyalıların və osetinlərin “dövlət sərhədi”, gürcvülərin və beynəlxalq aləmin hüdud xətti adlandırdığı bu xətti keçmək icazəsi ancaq Osetiyanın Axalqori ərazisinin sakinlərinə məxsusdur (osetin dilində Leninqori). Bunun üçün onlar xüsusi icazə sənədi almalıdırlar.
“Xətti heç kim keçmir. Burada hər şey o qədər möhürlənib ki, bu mümkün deyil. Burada Rusiya sərhədçilərinin “video-gözləri” var. Biz indi sizinlə burda durmuşuq, onlar isə baxırlar”, – Vitali Kasradze danışır.
“Əvvəl bu xətti osetinlər qoruyurdu, indi isə orada ancaq rusiyalılardır. Bircə nəfər də osetin yoxdur. Hərdən bizimlə məftilin arxasından salamlaşırlar”, – o deyir. Sonra da iki inəyinin dalınca tələsir. Onları tikanlı məftillərin yaxınlığında otarır.
O, yandırılmış evini yenidən tikib: müharibədən sonra dörd il gah Tbilisidə, gah Kaspi gürcü şəhərində – əvvəllər osetin ailənin yaşadığı evdə yaşayıb.
Belə praktika olub. Gürcülər gürcü kəndlərində və şəhərlərində evlərini tərk etmək məcburiyyətində qalan osetinləri tapır, onlarla razılaşırdılar ki, öz evlərini bərpa edənə qədər onların evində qalsınlar. Osetin ailə Vityali Kasradzeyə “yox” deməyib.
2008-ci il Rusiya-Gürcüstan münaqişəsini nizamlamalı olan Medvedyev-Sarkozi planına əsasən rusiyalılar öz qoşunlarını hərbi əməliyyatlardan əvvəlki mövqelərə çəkməli idilər. De-fakto isə bu gün onların hərbi hissələri həm hüquq xəttində, həm də bütün Cənubi Osetiya ərazisində vəziyyətə tam nəzarət edir. Gürcülər öz Silahlı Qüvvələrini daimi dislokasiya yerlərinə qaytarmalı idilər. İndi Gürcüstan tərəfdən hüdud xəttində ancaq polis növbə çəkir.
“Sən ora necə gedib çıxmısan? Geri qayıt!»
Sxinvali praktiki olaraq Ergenetidən sonra başlayır. Qəsəbənin son evlərini Cənubi Osetiya paytaxtından Liaxvi çayı və bir kiçik çay ayırır.
“Bax burda kolların arasında Rusiya sərhədçiləri oturmuş ola bilər”, – Liya Çilaçidze əli ilə kiçik çayın o biri tərəfini işarə edir. O, Ergenetidə yaşayır. Hazırda “Gürcü arzusu” iqtidar fraksiyasının Qori yerli özünüidarə orqanına – sakrebulo – rəhbərlik edir. Özü haqqında danışır ki, üç dəfə həyatını yenidən başlamalı olub. Birinci dəfə 1991-ci ildə gürcü-osetin münaqişəsinin qızğın vaxtında onun əri öldürüləndə və o, Sxinvalini tərk etmək məcburiyyətində qalanda.İkinci dəfə 2008-ci ildə müharibə zamanı onun evi yandırılanda və müvəqqəti sığınacaq axtarmalı, humanitar yardım hesabına yaşamalı olanda. Üçüncü dəfə qayıdıb Ergenetidəki evini bərpa etməyə başlayanda.
Əri həlak olandan sonra üç övladını özü boya-başa çatdırıb. Onların təhsil haqqını ödəmək üçün öz evində mini otel açıb, Ergenetiyə bazara gələnlər üçün. 2004-cü ilə qədər qəsəbə osetin və gürcülərin ümumi alver mərkəzi olub. “Bu bazara bütün Qafqazdan gəlirdilər”, – Liya xatırlayır. Onun otelində əsasən osetinlər qalırmış. “Bu bazar insanları birləşdirmişdi. Dövlət bunda heç bir rol oynamırdı. Sonra isə Saakaşvili öz “avantürası” ilə bazarı bağladı”, – o danışır.
Osetin toylarında gürcü mahnıları və Rusiya hərbi poliqonunda artilleriya və tank atəşlərinin gurultusu – Sxinvalidən Liya Çilaçidzenin həyətinə yayılan səslər bunlardır.
“Onlar (osetinlər – red.) toylarda gürcü mahnıları oxuyur, gürcü musiqisi ilə rəqs edirlər. Bununla belə deyirlər ki, gürcüləri görmək istəmirlər. Az əvvəl Tbilisidə işləyən rəfiqəm zəng vurmuşdu, telefonda musiqi səsi eşidib. Soruşur ki, “Toydur?” Deyirəm, “Hə, hə, tpydur. Sxinvalidəyəm”. Az qala huşunu itirmişdi: “Ora necə gedib çıxmısan? Geri qayıt!””
Liya Çilaçidze osetin toylarında oxunan mahnıları dinləyə bilir, amma Sxinvalidəki dostlarına zəng vura bilmir. Onlarla ancaq sosial şəbəkələrdə ünsiyyət saxlayır. “Orada Rusiya mobil operatorudur. Həm də istəmirəm, orada onların mənə görə problemi olsun, istəmirəm bizimlə ünsiyyət saxladıqları üçün onlara təzyiq göstərsinlər”, – o izah edir.
Sxinvali səmasında iyul günəşi zenitdədir. Liya Çilaçidze ağır nəzərlərlə eyni zamanda doğma və yad şəhərin alışdığı əlçatmazlığını seyr edir. O, oradakı hər evi təsvir edə bilər. Tikanlı məftilin arxasında bir kənardan Vitali Kasradzenin söz açdığı Rusiyanın “video-gözləri” bizi müşahidə edir. Bu, hündür dirəyə və ya qülləyə bərkidilmiş böyük video-müşahidə kamerasıdır.
Bu kameralar rusiyalılara hər iki tərəfdən “pozucuları” yaxalamağa kömək edir: “dövlət sərhədini qanunsuz keçməyə görə” adamları Sxinvali təcridxanasına aparırlar. Yerlilər danışırlar ki, yaxalanmış osetinləri orada iki gün saxlayırlar.
Söhbət Gürcüstan tərəfdən məftili aşıb keçən gürcülərdən gedirsə, nəticə müxtəlif ola bilər. Bu şəxsləri azad etmək üçün Gürcüstan hakimiyyəti, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti, Aİ Müşahidəçilər Missiyası işə qarışır. Bəzən bu, müsbət nəticə verir.
Bəzən hər şey məhkəmə hökmü ilə bitir, 30 yaşlı Georgi Qiunaşvilinin misalında olduğu kimi. Qohumlarının bildirdiyinə görə, o, tərk edilmiş evlərini ziyarət etmək üçün Cənubi Osetiya tərəfə keçib. Orada onu tutub, qanunsuz silahlı qruplaşmada iştirakda günahlandırıb, 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Cənubi Osetiya DTK-sı bildirir ki, Qiunaşvili Sxinvali rayonunun Dise kəndində “özünümüdafiədə” iştirak edib. Gürcüstan hakimiyyəti bu ittihamları uydurma adlandırıb.
Rusiya-Osetiya tərəfi Georginin anasına oğlu ilə görüşə icazə verib. Doğmaları deyirlər ki, onun vəziyyəti ağırdır. Amma Georginin vəziyyəti haqda bizə daha ətraflı danışmaqdan imtina etdilər. Qorxurlar ki, ona daha çox zərər yetirə bilərlər.
“Şəşğuldur”
İndi Liya Çilaçidze özünün bərpa olunmuş evinin zirzəmisində 2008-ci il müharibəsinə aid muzey yaradır. “Bu muzey yaşadıqlarımızın sübutu olacaq. İnsanlar burda nə baş verdiyini görməlidir. Buradan uzaqda, məsələn, Tbilisidə yaşayanların çoxu bizim burda nələr yaşadığımı bilmir. Biz bütün faktları qeyd etməliyik, amma bu, qəzəb muzeyi olmayacaq. Nə vaxtsa, 10-20 il sonra bütün bu divarlar yıxılacaq. Bütün bu xətlər müvəqqətidir. Siz elə bilirsiz ki, Sxinvalidə bunu anlamırlar?”
Girişdə divarda böyük hərflərlə yazılmış “məşğuldur” sözü görünür. Evi yandırmazdan əvvəl ruslarmı, ya könüllü-qafqazlılarmı orada bir müddət yaşayıblar. Liya bu yazını şüşə ilə örtmək istəyir ki, zamanla yağış və qar silib aparmasın.
Vitali Kasradze deyir ki, Ergenetidə 2008-ci ildə evləri osetinlər yandırırmış. Burada onları ya “özünümüdafiə”, ya da “könüllü” adlandırırlar. Bəzən deyirlər ki, gürcülərin evlərini “qafqazlılar” dağıdıb, hücum edənlərin milliyyətini vurğulamamaq üçün. Xatırlananlara görə, Rusiya ordusu bu işlərdə iştirak etməyib. Eyni zamanda Rusiya hərbçiləri evləri yandıran, yağmalayan silahlı qruplaşmalara mane də olmayıb.
“Ergenetidə evlərin 80 faizini məhv ediblər. 1991-ci ildə münaqişə başlayanda bizimkilər (gürcülər – red.) onların əmlakını korlayıb. Onlar da 2008-ci ildə bizə eyni cavabı verdilər”, – Vitali Kasradze deyir.
Görəsən, o, Gürcüstan, Cənubi Osetiya və Rusiya nümayəndə heyətlərinin Avropa İttifaqının Müşahidəçilər Missiyasının vasitəçiliyi ilə hər ay Ergeneti NKM-də keçirilən görüşünün insanların konkret problemlərini, məsələn, elə inzibati zolağı keçməklə bağlı məsələni çözə biləcəyinə inanırmı?
“Osetinlərlə keçirilən bu görüşlər heç bir nəticə verməyəcək. Burda da, orda da elə insan kateqoriyası var ki, onlar heç cür ümumi dil tapa bilmirlər. Heç tapmayacaqlar da, əgər onlara ağıllı insanlar rəhbərlik etməsə. Belələri isə indi yoxdur. Onlar əksinə edirlər. Yuxarıda oturanlar müharibə istəyirlər. Onlar yaxşı qazanırlar, bəs biz? Heç nə. İndi sizdə (Ukraynada – red.) olanlarla bizdə olanlar arasında heç bir fərq yoxdur”, – İrəlidə Sxinvalinin ümumi mənzərəsini seyr edərək Kasradze cavab verir.
Qoridə Avropa İttifaqı Missiyasının ofisi ətrafında Avropa emblemləri və bayraqları ilə bəzədilmiş yolsuzluq maşınlarının uzun sırasını görmək mümkündür. Bu maşınlar doğrudanmı onlara gərək olacaq? Missiyanın mandatı Gürcüstan tərəfindən hüdud xəttindəki vəziyyətin monitorinqi ilə məhdudlaşır. Rusiya-Osetiya tərəfinə onları buraxmırlar.
Yaşıl üzərində ağ ilə: “Dövlət sərhədi”
Hələ doqquz il əvvəl, müharibəyə qədər Cənubi Osetiya və Gürcüstanın qalan hissəsi arasındakı inzibati zolağı gürcülər və osetinlər rahat keçərək qonşu bazara və ya valideynlərin məzarlarını ziyarətə gedə bilirdilər. İndi bu zolaq boyu üzərində “Dövlət sərhədi” və “Cənubi Osetiya” yazılmış yaşıl-ağ banerlər düzülüb. Bu zolağın mövcud olma rejimi daha çox böyük getto sərhədlərini xatırladır, 2008-ci il müharibəsindən sonra bu zolağın çəkilmə marşrutu və tikanlı məftillə müəyyən edilməsi isə rusiyalılar və osetinlər tərəfindən öz keflərinə görə həyata keçirilib.
Beləcə Xurvateli gürcü kəndində onlar məftili elə çəkiblər ki, 83 yaşlı Dato Vanişvilinin həyəti rusiyalıların işğal etdiyi tərəfdə qalıb, kəndin qalan hissəsi isə Gürcüstanın nəzarəti altında olan tərəfdədir. Sovet vaxtında bu qəsəbə Cənubi Osetiya Muxtar Vilayətinə deyil, Gürcüstanın Qori bələdiyyəsinə aid olub.
Gürcüstanlı osetin Dato Vanişvili oraya köçməkdən imtina edib. Arvadı Valentina və nəvəsi Malxazla birlikdə o, indi düz tikanlı məftilin altında yaşayır. “Onlar (rusiyalılar və osetinlər – red.) mənə dedilər ki, ya biz tərəfə köç, ya da burdan çıx get. Hara çıxıb gedəcəm? 80 ildir burada yaşayıram”, – ahıl kişi deyir.
O, prinsipial olaraq rus rublundan istifadə eləmir, Gürcüstandan pensiyanı lari ilə alır və vurğulayır ki, Rusiya sərhədçilərindən qorxmur. Hazırda Dato Vanişvilinin yanına sıra-sıra müxtəlif beynəlxalq nümayəndə heyətləri gəlir ki, tikanlı məftil arxasından onunla salamlaşsınlar. 2017-ci ilin iyulunda Ukrayna prezidenti Pyotr Poroşenko da onun yanına gəlib. Malxaz Vanişvili Ukrayna dövlət başçısının çıxışından sonra əmindir ki, məftili tezliklə götürəcəklər.
Bizim Datonun yanına gəldiyimiz günün səhəri o, Moldova hökumət nümayəndələrini qəbul etmişdi. Moldovalılar növbəti dəfə onun nəvəsinə noutbuk gətirəcəklərinə söz veriblər.
Yerli sakinlər danışırlar ki, Vanişvili ailəsinin yanına gələn bu qonaqlardan sonra rusiyalı sərhədçilər “profilaktik söhbətlər” üçün onların yanına gəlirlər. Dato özü bunda heç bir problem görmür. Onun başını ağrıdan başqa şeydir – 28 yaşı Malxazı evləndirmək üçün qızı haradan tapsın? O polislərdən və qonaqlardan ona bu işdə kömək etmələrini istəyir.
Nəvəsi isə tikanlı məftil və rusiyalı sərhədçilərdən uzağa getmək niyyətində deyil. Deyir ki, indən belə də burada yaşayacaq.
Datonun başqa bir problemi arvadını xəstəxanaya necə çatdıracaqları ilə bağlıdır. Osetiyalı həkimlər qadını Axalqori xəstəxanasında müalicə etməyi təklif ediblər. “Ora necə aparacam? Orada heç kimi tanımıram. Orada heç kimimiz yoxdur”, – o deyir. Valentina Vanişvilinin yanına gürcüstanlı həkimlər də gəlib. Onu elə tikanlı məftilin arasından müayinə ediblər, deyiblər ki, Qoriyə, ya da Tbilisiyə aparmaq lazımdır. Cənubi Osetiyanın faktiki hakimiyyəti onlara getməyə icazə verməyib. Nəticədə Valentina Vanişvili evdə həkim yardımından məhrum qalıb.
“Sizə nə ilə kömək edə bilərik?”, – sualına o belə cavab verir: “Ərzaqla”. Hüdud xəttində Gürcüstan tərəfdən növbə çəkən polislər məftilin arasından Vanişvili ailəsinə çörək ötürürlər.
“Sərhəddə” iki evi olan kişi
Xurvaleti insan həyatlarının tikanlı məftillərin yarıya bölündüyü yeganə gürcü kəndi deyil. Digər misal kimi Karel rayonunun Dvani kəndini göstərmək olar. Üç il əvvəl Rusiya-Osetiya tərəfi elan etdi ki, bu kənddə hüdud xəttini 50 metr Gürcüstan ərazisinin içinə doğru çəkirlər. Gürcüstan de-fakto inzibati zolağın digər hissələrində də bir neçə metrlik sürünən işğal haqda bəyan edir.
Merab Mekarişvilinin Dvanidəki evi məhz həmin 50 metrlik zonada yerləşir O, bunu öyrənəndə dörd gün ərzində bütün əşyalarını və inşaat materiallarınıöz evindən 120 metr aralıya daşıyıb. Və həmin yerdə yeni evin inşasına başlayıb. İndi hüdud xəttində onun iki evi var: 2008-ci ildə dağıdılmış, sonra bərpa olunmuş və son nəticədə tərk edilmiş köhnə ev, bir də hazırda inşa edilən yeni ev.
İndi Merab Mekarişvilinin qonşuları rusiyalı sərhədçilərdir. Öz bağından onlarla salamlaşır. Onlar hələ də “sərhəd” dirəklərini və tikanlı məftilləri 50 metr irəliyə çəkməyiblər. Amma istənilən gün və ya gecə bu baş verə bilər, Merab əmindir.
Fərz olaraq sürünən işğal davam edə bilər, bu o deməkdir ki, zamanla rusiyalılar asar və ya tikanlı məftili daha 50-100 metr Gürcüstanın daxilinə doğru çəkə bilərlər – o zaman onun yeni evi yenə də Gürcüstan hakimiyyətinin nəzarəti altında olan ərazidən kənarda qalacaq. Hər şeyin yenidən təkrarlanacağından qorxmurmu, sualına cavab olaraq Merab deyir: “Yox. Hələ ki, yox. Sonra baxarıq. Gürcüstan əlbəttə ki, bununla razılaşmır. Bütün bu ərazilər bizimdir. Amma nə etmək olar? Onlarda güc, tanklar var”.
Rusiyalı sərhədçilər Merab Mekarişvili ilə iki tərəfdən qonşuluq edirlər. Onların bunkeri onun bağının, eləcə də köhnə və təzə evlərinin yuxarısındakı təpənin üstündədir, yolu daş qalağı kəsir – hüdud xəttini göstərən nişanələrdən biri. Onun arxasında isə artıq Cənubi Osetiya yantayıdır.
Merab danışır ki, Rusiya güc strukturları əməkdaşları orada gizlənmiş ola bilər: o, onları tez-tez bu yerdə görür.
Onunla bağın ortasına gəlib çıxırıq. Təpədə Rusiya hərbçilərinin blindajları yaxşı görünür.
– Bu nöqtəyə qədər hələ bizim ərazimizdir. Burdan o yana isə artıq onlarındır, – Merab Mekarişvili bağının köhnə ev və Cənubi Osetiya ilə “sərhədin” arasında qalan o biri tərəfini göstərir. Bağın onda qalan hissəsində qollu-budaqlı alma ağacları boy-boy düzülüb.
-Yəni almalar sizinlə qalır? – Merabdan soruşuruq.
-Yox, yarısı onlarda qalacaq, yarısı məndə.
-Bəs bu armud? Belə çıxır ki, onların ərazisində qalacaq? – enliyarpaqlı yaşlı armud ağacını işarə edirik.
-Yox, bu ağacları kəsəcəm. Elə düşünürsən ki, onlara qoyacam qalsın? – bağ sahibi cavab verir.
O, hər gün öz köhnə evini görür – indi o hər gün öz yeni evində nəyi isə tamamlayır, bir ucdan tikir. Deyir ki, artıq itirdiklərinin xiffətini çəkmir. Dvaninin içinə köçüb, tanınmamış sərhədi qoruyan Rusiya sərhədçilərindən uzaqda yeni ev tikməyi heç vaxt düşünməyib. Onun iki qızı indi Tbilisidə yaşayır.
“Mən Dvanidə Cənubi Osetiya tərəfdən birinci idim, yenə də birinci olacam. Hara getməliyəm ki? Hamı çıxıb getsə, burda kim qalacaq? Heç kim. Mən gedəcəm, sonra qonşum gedəcək, dostum çıxıb gedəcək. Əlimizdə silah olmasa da, möhkəm dayanmalıylıq”.
Dvanidə müharibə vaxtı 40-dan çox, Ergenetidə isə 160 ev dağıdılıb və yandırılıb. Hazırda bu qəsəbələrdə tək-tək tərk edilmiş evlər görmək olar. Evlərin çoxu bərpa edilib: kərpic, şifer beynəlxalq donorların və dövlətin hesabına alınıb. Məsələn, Liya Çilaçidzenin evi Danimarka hökumətinin vəsaiti hesabına alınan inşaat materialları sayəsində bərpa edilib. Merab Mekarişvilinin yeni evini tikməyə dövlət və həmkəndliləri kömək edib.
Evini tamam itirənlərin, yəni evi işğal olunmuş ərazilərdə qalanların yeni ev əldə etmək üçün bir neçə variantı var. Ya dövlətdən yeni tikilərdə mənzil almaq, ya da müharibədən sonra məcburi köçkünlərə dövlətin verdiyi müvəqqəti yaşayış yerini özəlləşdirmək mümkündür.
Məsələn, Qoridə Cənubi setiyadan gələn köçkünlərə üç uşaq bağçasının binasını özəlləşdirməyə icazə verilib. Adamlar qaldıqları məkanlarda inşaat işi apararaq oranı mənzil halına salıblar. Liya Çilaçidze keçmiş bağçada yaşayan ailələrə özəlləşdirmə üçün sənədləri hazırlamağa kömək edib.
Dövlətdən yeni tikilən mənzilləri ilk növbədə çoxuşaqlı, aztəminatlı ailələr, müharibə veteranları alır.
Qori ətrafında eynitipli, şablon mini-koteclərdən ibarət qaçqın qəsəbələrini də görmək mümkündür. Bu qəsəbələr müharibədən dərhal sonra beynəlxalq donorlar sayəsində salınıb. Bu evlər insanlar üçün müvəqqətidən daimi yaşayış yerinə çevrilib.
Çoxları isə, məsələn, Vitali Kasradze, Liya Çilaçidze, Dato Vanişvili və ya Merab Mekarişvili kimi praktiki olaraq hüdud xəttindəki həyatı seçiblər, rusiyalı sərhədçilərlə qonşuluqda, üfüqdə görünən Sxinvali mənzərələri, öz bağının, əkin sahənin içindən keçən tikanlı məftillərlə təsvir olunacaq bir həyatı. Onların evindən Sxinvaliyə qədər bir addımdır. Valideynlərinin məzarları, dostları, uşaqlıq, gənclik xatirələri orada qalıb. İndi onların olduqları yerdə isə müharibəyə, tikanlı məftillərlə haşiyələnmiş yeni divarlara rəğmən onların salamat qalmış və bərpa olunmuş doğma evləri var.
“Gürcüstanda Sxinvalidən daha gözəl, daha yaxşı şəhər olmayıb. O qədər sakit, rahat şəhərdir ki. Bəs indi?..” – vidalaşarkən Vitali Kasradze deyir. “Qori-Ergeneti” marşrutu Sxinvaliyə gedən yoldan geri dönüb Gürcüstanın Qorisinə yol alır.
Materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews materiala yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.