Gürcüstanda tənqidi media təsisçisi Nika Qvaramiya Beynəlxalq Mətbuat Azadlığı Mükafatına layiq görülüb
Nika Qvaramiya
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Gürcüstanda tənqidi media – “Mtavari Arxi” televiziyasının təsisçisi Nika Qvaramiyanı Beynəlxalq Mətbuat Azadlığı Mükafatı ilə təltif edib. Qvaramiya nüfuzlu peşəkar mükafatın dörd laureatı arasından seçilib.
2023-cü ildə bu mükafatı alan jurnalistlər: Maria Teresa Montagno (Meksika); Şahina K.K. (Hindistan); Ferdinand Ayite (Toqo Respublikası) və Nika Qvaramiya (Gürcüstan). Mükafat 1992-ci ildə təsis ediləndən bəri Nika Qvaramiya Beynəlxalq Mətbuat Azadlığı Mükafatını alan ilk gürcü jurnalistdir.
“Mətbuata qarşı hücumlar güclənir, lakin jurnalistlər güclənməkdə və hamımızı gücləndirən həyati məsələləri işıqlandırmaqda davam edirlər”, – CPJ prezidenti Codi Ginsberq deyib. – “Biz bu ilki mükafatçıları tanımaqdan şərəf duyuruq: onları susdurmaq üçün əhəmiyyətli səylərə baxmayaraq, korrupsiya, sui-istifadə və qanunsuzluqları ifşa etmək üçün yorulmadan çalışan görkəmli jurnalistlərdir”.
Qvaramiyanın mükafatlandırılması ilə bağlı Jurnalistləri Müdafiə Komitəsinin nümayəndələri bildiriblər:
“Bir teleaparıcı kimi Qvaramiya hakim “Gürcü Arzusu” partiyasını kəskin tənqid etməsi ilə tanınırdı. Onun şoularına tez-tez hökumətdə baş verdiyi iddia edilən korrupsiyaları ifşa edən araşdırmalar, eləcə də Gürcüstan hakimiyyətinin Rusiyayönümlü olması ilə bağlı iddialar yer alırdı. O, 2023-cü ilin iyununda prezident fərmanı ilə əfv edilənə qədər 3,5 illik cəzasının bir ilini çəkib. Qvaramiya ona qarşı irəli sürülən ittihamları rədd edib. Qvaramiyaya qarşı ittihamın siyasi motivli olduğuna inanan bir çoxları onu cəmiyyətdə dəstəkləyib. CPJ 1992-ci ildə həbs edilmiş jurnalistləri qeydiyyata almağa başlayandan bəri Qvaramiya Gürcüstanda fəaliyyətinə görə həbs cəzasına məhkum edilmiş yeganə jurnalistdir”.
- “Gürcüstan 12 tövsiyədən 3-nə tam əməl edib” – Avropa Komissiyasının aralıq hesabatı
- Saakaşvili Gürcüstanda siyasətə qayıdır və “bütün səviyyələrdə xainlərlə mübarizə aparmaq” niyyətindədir
- Gürcüstanda əlillərə qarşı zorakılıqla mübarizə üçün nə lazımdır? Tədqiqat
Nika Qvaramiya 2022-ci il mayın 16-da məhkəmə zalında həbs edilib. Tənqidi medianın rəhbəri xidməti avtomobildən ailə ehtiyacları üçün istifadə etməkdə ittiham olunduğu epizoda görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gürcüstan prezidenti Salome Zurabişvili 2023-cü il iyunun 22-də Nika Qvaramiyanın əfv edilməsi haqda fərman imzalayıb. Prezidentin sözlərinə görə, o, qərarı ilə bağlı açıqlama vermək niyyətində deyil, çünki əfv etmək onun səlahiyyətinə daxildir.
“Mtavari Arxi” televizi kanalının yaradıcısının işi ABŞ Dövlət Departamentinin son hesabatında yer alıb. Sənədin siyasi məhbuslar və söz azadlığı ilə bağlı alt bölmələri “Mtavari Arxi”nin baş direktoru Nika Qvaramiyanın həbsindən bəhs edir.
Ağ Ev “Amnesty International”a istinadən yazıb ki, Qvaramiya işi “bir sıra hallarda Gürcüstan hökumətinin məhkəmələrə artan təsirini” aşkar edib, məqsədi indiki hökumətin tənqidçilərini və əleyhdarlarını sıxışdırmaqdır.